Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
MUSULMANS EN FRANCE, Fransa 22.02.2021 Müəllif: Həcər Verdiyeva (Tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutu) Qədim Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin – Qafqaz Albaniyasının (eramızdam əvvəl IV əsr-eramızın VIII əsri) və alban bəyliklərinin (IX-XIV əsrlər) xristian mədəni memarlığı Azərbaycan dini arxitekturasının əsas mənbələrindən birini təşkil edir. Onun inkişafının ilk mərhələsi Qafqaz Albaniyasında xristianlığın apostol dövrüdür. VII əsr alban tarixçisi Musa Kalankatli bu dövr barədə yazırdı: “Yerusəlimin ilk patriarxı, oraya İsa Məsihin qardaşı Həvari Yakov tərəfindən təyinat almışdı. Yelisey Şərqi öz səlahiyyətləri altına alıb… Sonra o, Gisə gələrək Kiş kilsəsini tikir. Bu məkan bizim kilsələrin ilk mənbəyi, qədim paytaxtların mənbəyi və təsir məkanının başlanğıcıdır”. Beləliklə, ilk xristian kilsəsi eramızın I əsrində qədim Azərbaycanda – Qafqaz Albaniyasında inşa edilib. 313-cü ildə xristianlığın Qafqaz Albaniyasında rəsmi din olaraq qəbul edilməsindən sonra dini binaların tikintisi geniş vüsət alıb. Bu, IV əsrdən VII əsrədək olan dövrü əhatə edən xristian memarlığının inkişafının ikinci mərhələsinin başlanğıcıdır. Beləliklə, xristianlıq çoxtayfalı Alban dövlətinin birləşməsində əsas amilə çevrilib. Qədim inanc yerləri bazilikalar və kilsələrin inşası üçün təməl rolunu oynayır. Qübbəli məbədlər Qafqaz Albaniyasına xas dini memarlıq üçün xarakterikdir. Onlar qədim bütpərəst məbədindən tutmuş xristian kilsəsinədək, səkkiz sütunlu dairəvi tonozdan başlamış tetrakonka (dördtərəfli) qədər memarlığın təkamülünün işarələridir. Dini tikililərin formalarının sadəliyi və primitivliyi bu dövrün əsas xüsusiyyətləridir. Xristianlıq Qafqaz Albaniyasında dövlət dini kimi qəbul olunsa da, digər dini quruluşlar və inanclarla qarşılıqlı əlaqə mövcud olub. Sovet alimi, bu bölgənin tarixi üzrə mütəxəssis K.Trever bununla bağlı yazırdı: “Burada IV əsrdən formalaşmış, ilk olaraq məhkəmə və zadəganlar tərəfindən qəbul edilmiş xristianlıq, Sasanilər tərəfindən gətirilən Zərdüştlük və buranı VII əsrdən fəth etmiş İslam – bütün bu dinlər və inanclar Qafqaz Albaniyasının torpaqlarında kök salmışdı” (K.Trever “Qafqaz Albaniyasının tarixi və mədəniyyəti barədə oçerklər”, e. ə. IV əsr-eramızın VII əsri, 1959-cu il). Bu dini müxtəliflik Qafqaz Albaniyası abidələrinin nadir memarlıq üslubunun formalaşmasına öz təsirini göstərib. Məsələn, xristian abidələri inşa etmiş alban memarları zərdüşt Atəşgah məbədinin – dörd sütunlu və mərkəzi çərçivə üzərində günbəz şəkilli taxta tavanlı binanın inşa planından bəhrələniblər. Amma bu, sadəcə, qarşılıqlı əlaqələr dövrü deyildi. Alban ruhaniləri yerli bütpərəst təriqətlərlə, Sasanilər imperiyasından qalmış zərdüştiliklə yanaşı, xüsusilə Alban kilsəsini özünə tabe etmək istəyən Erməni kilsəsinin assimilyasiya siyasəti ilə də yorulmadan mübarizə aparmaq məcburiyyətində qalmışdılar. Bu ideoloji mübarizə dini tikililərin zahiri görünüşünə təsirsiz ötüşə bilməzdi. Erkən xristianlıq dövrünün əvvəlində regionun digər ölkələrinin dini memarlığına xas bəzəksiz və sadə daxili dizayn IV-VIII əsrlər ərzində Qafqaz Albaniyasında da qorunub saxlanmışdı. VII əsrin ortalarında Qafqaz Albaniyası ərəb xilafəti tərəfindən işğal edildi. IX əsrin sonlarınadək davam edən ərəb hökmranlığı dövründə xristian kilsələrinin tikintisi əhəmiyyətli dərəcədə azaldı. Amma Alban kilsələri ərəb işğalından sonra da öz sadə görünüşlərini qoruyub saxlamışdılar. Azərbaycandakı xristian memarlığının intibah dövrü Azərbaycandakı xristian memarlığının intibah dövrü XII əsrdən başlayır. Qafqaz Albaniyasının bir hissəsi olmuş Xaçın knyazlığı məhz bu dövr ərzində güclənməyə başlamışdı. Onun hökmdarı Həsən Cəlal (1215-1261) Qafqaz Albaniyasının xristian torpaqlarının əksəriyyətini, o cümlədən Arsax (Hazırkı Qarabağ) və Sünik (indiki Zəngəzur) əyalətlərini öz təsiri altına salmışdı. Bu, qədim Qarabağın iqtisadi, siyasi və mədəni yüksəlişi dövrü idi. Bu bölgədəki xristian memarlığının yüksək səviyyədə olmasına dəlalət edən ən çox dini tikililər – monastırlar, kilsələr, bazilikalar, məbədlər XII-XIV əsrlər arasındakı dövrə təsadüf edir. Yeni kilsələr məhz bu dövrdə inşa edilib, köhnələri yenidən tikilib, yeni memarlıq üslubları ortaya çıxıb, binaların kompozisiyası daha da mürəkkəbləşib, qübbəli sistemin yeni nümunələri yaranıb, zəngin daş dekorlar meydana gəlib. Xudavəng (1214-cü il, Azərbaycanın hazırki Kəlbəcər rayonunda yerləşir), Gəncəsər (1216-1238, Azərbaycanın Tərtər rayonu), Xatravəng (1204, Kəlbəcər rayonu) və başqa monastır kompleksləri dövrün dini tikinti mərkəzlərinə çevrilmişdi. Bu abidələrdə dini arxivlər və alban ədəbiyyatına dair kitabxanalar cəmləşir, memarlıq düşüncəsinin yeni istiqamətləri ifadə olunur, inkişaf edən inşaat texnikası tətbiq edilirdi. Bu, XVII əsrədək davam edən Alban dini ədəbiyyatının və memarlığının intibah dövrüdür. İntibahın rəmzi 1216-1238-ci illərdə tikilmiş Gəncəsər monastırıdır. Monastr altı əsr ərzində – 1836-cı ilədək müstəqil Alban knyazlığının dini mərkəzi, son Alban katolikoslarının iqamətgahı olub. O, digər Alban məbədlərindən formasının incəliyi, bəzək elementlərinin zənginliyi, çoxtərəfli memarlığı, daş üzərində mükəmməl oyma işləri və inşaat işlərinin yüksək keyfiyyəti ilə fərqlənir. Memarlıq və inşa planına görə o, Xudavəng monastırının kilsəsi formasındadır. Bununla yanaşı, dekorlara marağın artmasına baxmayaraq, erməni və gürcü qriqoryan kilsələrinin geniş və zəngin dekorasiyasından fərqli olaraq, həmin dövrdə Alban dini memarlığı sadə görünüşünü qoruyub saxlamışdı. Gəncəsər və Xudavəng kimi böyük monastır kompleksləri istisna olmaqla, qədim Azərbaycanın digər kilsələri və dini abidələri kiçik ölçülü, dekor baxımından kasad idilər və dekorasiya cəhətdən araşdırmaya ehtiyac yox idi. Çoxsaylı bloklardan ibarət gövdələrlə xarakterizə edilən erməni tikililərindən fərqli olaraq, alban memarlığında bədii ifadə daha incə və yüngül formalarla əldə olunurdu. Alban memarlığında bu sadəlik günbəzlərin və istifadə olunan tikinti materiallarının müxtəlifliyi ilə (əhəng daşı, qumdaşı, səki daşları, təbii daşlar, çınqıllar, bişmiş kərpiclər) zənginləşirdi. Bu isə alban memarlığını tikinti materialı kimi təkcə tuf daşından istifadə olunan erməni arxitekturasından və yalnız XVI əsrdən etibarən inşaatda kərpicdən istifadə edən gürcü memarlığından fərqləndirir. Azərbaycanda xristian və müsəlman memarlıq üslubları arasında qarşılıqlı əlaqələr XII-XIV əsrlərdə də davam edirdi. Alban məbədlərinin qapılarındakı dekorativ bəzək motivləri Azərbaycan müsəlman memarlığı ilə bənzər idi. Bəzi kilsələrdə qonşu ölkələrin müsəlman bölgələrinin dini arxitekturasından bəhrələnmənin açıq əlamətləri var idi: bunlar zəngin formada bəzədilmiş giriş portalları, sivri zirvələrə doğru qaldırılmış düzbucaqlı nişlərlə qübbələrin təməlinin ətrafında işləmələr və polixrom hörgüdür. Alban məbədlərinin əksəriyyətinin açıq və isti rəngləri onları gürcü memarlığına bənzədir, həmçinin tünd, ağır və dayanıqlı rəngləri ilə səciyyələnən erməni dini tikililərindən fərqləndirir. Xristian və İslam memarlığı arasındakı bu sıx və qarşılıqlı əlaqə Azərbaycanın dini memarlığının fərqləndirici xüsusiyyətidir. Qafqaz Albaniyasının xristian memarlığı qədim və antik tikinti texnikaları, Zərdüştlük və bütpərəst inancların memarlıq formaları əsasında meydana gəlib. Azərbaycanda müsəlman dini memarlığının meydana çıxdığı dövrdə xristian memarlığı ilk məscidlərin arxitekturasının formalaşması üçün əsas rolunu oynayıb. Artıq XII-XVII əsrlərdə Azərbaycanın müsəlman bölgələrinin memarlığı Alban mədəni arxitekturası abidələrinin kompozisiya və dekorativ üslublarına təsir göstərmişdi. Ermənilər Qarabağda: böyük əvəzləmə XIX əsrin əvvəllərində Rusiya imperiyasının qələbə qazandığı Rus-İran və Rus-Türk müharibələrindən sonra Osmanlı imperiyasından və İrandan ermənilərin Rusiya imperiyasının Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində məskunlaşdırılması prosesinə start verilib. Bu ərazilərə köçürülən ermənilər müsəlman torpaqlarını mənimsəməyə, Qafqaz Albaniyasının mədəni irsi ilə tanış olmağa başlayıblar. Onlar burada alban məbədlərini alban memarlığı üçün xarakterik olmayan, erməni arxitekturasına aid elementlər əlavə etməklə, yenidən qurmağa başlayıblar. Beləliklə, orta əsr alban abidələri üzərində erməni dilində yazılar həkk edilib, bununla da Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsinə başlanılıb. Proses 1836-ci ilin aprelindən sonra – çar hökumətinin Zaqafqaziyanın müsəlman ərazilərində erməni əhalinin və din xadimlərinin mövqelərinin möhkəmləndirilməsi məqsədilə Alban Həvari Kilsəsinin ləğv olunması, Erməni qriqoryan kilsəsinin tərkibinə keçməsi barədə qərar qəbul etməsi ilə daha da sürətlənib. XX əsrin əvvəlində Erməni qriqoryan kilsəsi Rusiya Müqəddəs Sinodunun icazəsi ilə Alban kilsəsinin arxivlərini, həmçinin Gəncəsərdə çox qiymətli tarixi sənədlərin və alban ədəbiyyatının orijinal nümunələrinin saxlandığı Albaniya patriarxlarının kitabxanasını məhv edib. Arxivlərin məhv edilməsi və ya gizlədilməsi erməni tarixçi və arxeoloqlara Alban kilsəsinin müstəqil (avtokefal) mahiyyətini, hazırkı Qarabağ bölgəsinin ərazisində yerləşən xristian məbədlərinin, monastırların və kilsələrin albanlara aid olduğunu inkar etməyə, onların erməni xalqının mədəni irsi, həmçinin erməni kilsəsinin əmlakı olduğu iddiası ilə çıxış etmələrinə imkan verib. Bu baxımdan, erməni alimlər Qarabağ bölgəsinin əsas ibadət ocağı olan Gəncəsər monastırına xüsusi diqqət göstərir, onu haqsız olaraq erməni abidəsi kimi təqdim edirdilər. Təəssüf ki, Fransa mediası erməni alim və tarixçilərin bu yanlış fikirlərini bu gün də yaymaqdadır. Erməni arxeoloq tarixi bərpa edir Bununla belə, tarixi həqiqət tamamilə gizlədilə bilməz. 1918-1919-cu illərdə Qarabağda aparılmış arxeoloji ekspedisiya zamanı erməni alim-şərqşünas və arxeoloq İosif Orbeli Qarabağdakı monastır və kilsələr, xüsusilə də Gəncəsər monastırı üzərindəki 1000-dən çox kitabəni tədqiq və təsvir edib. Tədqiqatlarının nəticəsi olaraq o, 1919-cu ildə Petroqradda (hazırki Sankt-Peterburq) “Gəncəsər və Havotsptuk yazıları” adlı kitabını nəşr etdirib. Müəllif kitabda Gəncəsər monastırının divar plitələri üzərindəki yazılardan danışır. Bəs erməni alim hansı nəticəyə gəlib? Birincisi, ona aydın olub ki, XIX əsrdə Qarabağdakı monastırların və kilsələrin əvvəlki divar təsvirlərinin əksəriyyəti erməni alimlər tərəfindən saxtalaşdırılıb. “Oxunuşla bağlı onlarla razı deyiləm. Mən köhnə araşdırmaçıların səhvlərini düzəltməyə çalışdım”, - deyə Orbeli kitabında açıq şəkildə bildirir. İkincisi, Gəncəsər monastrının əsas kitabəsinin düzgün təsviri sayəsində alim təsdiqləyib ki, XVIII əsrin əvvəlində Alban Apostol Kilsəsi erməni kilsəsindən asılı olmayıb, yəni, o, avtokefal (müstəqil) olub. Məbəddəki əsas divar yazısında Albaniyanın dini liderinin “albanların katolikosu Nersesin patriarxlığı dövründə” titulu tam aydın təsvir olunub. Məlum olduğu kimi, Xristian kilsəsinin ənənəsinə görə, patriarx ölkənin ən ali dini şəxsi, müstəqil (avtokefal) kilsənin rəhbəridir. Bunu başa düşən erməni alimlər son 160 ildə bu cümləni tərcümə edərkən “patriarxlıq” sözünü qəsdən buraxıblar. Başqa sözlə, bu monastırın erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Üçüncüsü, Orbeli aşkar edib ki, Gəncəsər monastırının xarici divarlarının daş plitələri üzərindəki yazılarda çox sayda türk sözləri, bölgənin hökmdarlarının, onların xanımlarının, ruhanilərin türk adları qeyd olunub. Onun fikrincə, bu, Orta əsr alban irsində türk mədəniyyətinin əhəmiyyətli rolunu, qədim Qarabağın, o cümlədən bu monastırın tarixində türk elementinin rolunu göstərir. Nəhayət, ən əsası, monastırın divar plitələri üzərindəki yazıları təsvir edərkən İosif Orbeli heç yerdə “Ermənistan” və ya “erməni” sözlərinə rast gəlməyib. Onun tərəfindən tərcümə edilmiş yazılar təsdiqləyir ki, Gəncəsər monastırının yerləşdiyi ərazi və monastırın özü müstəqil Alban knyazlığına aid olub. Xüsusilə onun tapdığı və tərcümə etdiyi “Albaniya ölkəsinin müqəddəs Gəncəsər taxtında” cümləsi (paraqraf 39, səhifə 18) bu tarixi faktı təsdiqləyir ki, bu monastır Ermənistanın deyil, qədim Azərbaycanın, “alban ölkəsi”nin dini mərkəzi olub. “Bu, alban xalqının katolikosu Sarkisin qəbridir” (paraqraf 65, səh. 29) və “Həsən Cəlalın xalqı üçün Albaniyadan olan katolikos Sarkis” ifadələri bizə onu deməyə əsas verir ki, bu ərazidə Alban şahzadələri və onların dini rəhbərləri tərəfindən idarə olunan Alban xalqı yaşayıb. Ermənistan Sovet Elmlər Akademiyasının ilk prezidenti (1943-1947) olmuş nüfuzlu erməni alim tərəfindən Gəncəsərin qeyri-erməni mənşəli olması ilə əlaqədar çıxarılan bu nəticələrdən daha inandırıcı nə ola bilər? Qeyd etmək vacibdir ki, 1918-1919-cu illərdə Orbeli tərəfindən tapılmış və tərcümə edilmiş divar yazılarının Gəncəsər monastırının divarlarının turistlər tərəfindən çəkilərək internetə yerləşdirilən müasir fotoşəkilləri ilə müqayisəsi göstərir ki, ötən əsrdə və xüsusilə də 1993-2020-ci illərdə Qarabağın işğalı dövrü ərzində bu məbədin xarici daşlarının, daxili lövhələrinin 50%-ə qədəri yeni yazıları olan yeni lövhələrlə əvəz edilib. Əlbəttə, bu dəyişikliklər məbədin tarixinin erməniləşdirilməsi, Alban kiləsinin və dövlətinin müstəqilliyini sübut edən yazıların məhvi məqsədilə həyata keçirilib. Bu, vacib bir sual doğurur. Bəs əgər orijinal plitələr və yazıların oxşar dəyişdirilməsi prosesi erməni keşişləri və yalançı alimləri tərəfindən təkcə XIX-XX əsrlərdə deyil, XIII-XIX əsrlə boyu aparılıblsa? Dünya tarixşünaslığı onsuz da XIX əsrin ortalarında erməni kilsəsi tərəfindən dağıdılmış Qafqaz Albaniyasının qiymətli dini arxivlərini və ədəbiyyatını itirib. Bəs görəsən, qədim Azərbaycan tarixinin daha nə qədər əvəzsiz divar dəlilləri məhv edilib? Qarabağdakı abidələrin xilası Məhz bu səbəbdən mən Qarabağ tarixinin ermənilər tərəfindən yaradılan yalançı elmi versiyasının və bölgədəki qondarma “erməni xristian abidələri”nin qorunmasının fransız tərəfdarlarına müraciət etmək istəyirəm. Bu qorunma, əlbəttə, vacibdir. Amma sphbət qədim Azərbaycan xristian memarlığını, yəni, dünya xristian irsinin mühüm ayrılmaz hissəsi olan Qafqaz Albaniyası arxitekturasını erməniləşdirmə təhlükəsindən qorumaqdan getməlidir. (Fransız dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar