Xəbər lenti

 
Taliban” Məzari-Şərifi ələ keçirəndən sonra özbək əsilli marşal Rəşid Dostumun villasında ziyafət verib. Rəşid Dostumun isə Əfqanıstan sərhədlərini tərk edib Özbəkistana getdiyi (Bir zamanlar Güney Türküstanın ümidgahı olduğundan, “qaçdı” deməyə dilim gəlmir) bildirilir.

Bu linkə baxın
 
“Taliban”ın Rəşid Dostuma bariz şəkildə düşmənçiliyini nümayiş etdirməsi səbəbsiz deyil. 2001-ci ildə ABŞ qüvvələri Əfqanıstanı işğal edəndə ölkənin şimalından hərbi əməliyyatlara başlamışdı. Əfqanıstanın şimalına isə Rəşid Dostum nəzarət edirdi. Həmin vaxt ABŞ ordusundan qaçan “Taliban”lar Rəşid Dostumla sövdələşməyə girərək, can güvənliyi qarşılığında ona təslim olmaq istəklərini bildirmişdilər. Rəşid Dostum da bu zəmanəti vermişdi. 
 
Bildirildiyinə görə, həmin vaxt 8 mindən çox “Taliban” üzvü Rəşid Dostuma təslim olmuşdu. Aralarında regional liderləri Molla Fazil də vardı. Rəşid Dostum vədinə əməl etməmiş, “Taliban” liderini ABŞ əsgərlərinə təhvil vermişdi. Əsirlər arasında ən şanslısı da elə Molla Fazil olmuşdu. Amerikalılar Guantanamo həbsxanasına saldıqları Molla Fazili 2014-cü ildə “Taliban”la əsir mübadiləsi çərçivəsində azadlığa buraxmışdılar. Digər əsirləri isə Rəşid Dostum bir müddət həbsxanada saxladıqdan sonra konteynerlərə doldurub Rəşdi-Leyli adlanan çölə aparmış və hamısını orda ağzı bağlı konteynerin içərisində ölümlə üz-üzə buraxmışdı. “Taliban” əsirlər qızmar günəşin şüası altında istidən, hava çatışmazlığından və susuzluqdan ölmüşdülər. 
 
Rəşid Dostum Əfqanıstanın ən müasir tarixinə “Dəşti-Leyli” qətliamı kimi düşən bu hadisəyə görə peşmançılıq belə çəkmirdi. Son dəfə Məzari-Şərifə qayıdanda jurnalistlərin “Dəşti-Leyli” hadisəsini onun yadına salmasına marşalın cavabı da bunu göstərir. 
 
Peşman deyiləm. Bu dəfə də onlara “Dəşti-Leyli” faciəsini yaşadacağam, - deyən Rəşid Dostum, belə görünür ki, öz arzusuna ya ümumiyyətlə, ya da asanlıqla nail ola bilməyəcək. Marşalın bütün səylərinə baxmayaraq, Məzari-Şərifin düşməsi onun özbək və türkmənlərdən arzuladığı dəstəyi almamasından qaynaqlanır.
 
Bu sözləri yazarkən məqsədim Rəşid Dostumu gözdən salmaq deyil. Mən də hər biriniz kimi, Güney Türküstanın azadlığa qovuşmasını istəyirəm və yəqin ki, başqa qüvvələrlə buna nail olunacaq da. Amma görünən budur ki, “Dəşti-Leyli” qətliamına görə Əfqanıstan özbəkləri və türməniləri də Rəşid Dostumu bağışlamadılar.
 
Dediyim də elə budur: kim olursan ol, gərək vicdanı əldən verməyəsən.
 
Heydər Oğuz



Ana səhifəyə qayıt        Baxış: 4 671          Tarix: 15-08-2021, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma