Xəbər lenti

 
Azərbaycan ordusunun İsrail istehsalı olan “Dəmir Qübbə” hava hücumlarından müdafiə sistemlərini aldığı hələ 2017-ci ildən bilinirdi. Həmin vaxt Ordu.az portalına müsahibə verən məşhur İsrail hərbi eksperi Tsvi Ariyelli Azərbaycanın bu ölkədən 5 milyard dollar dəyərində silah və hərbi texnika aldığını vurğulamış, həmin avadanlıqlar arasında “Dəmir Qübbə” sisteminin də olduğunu demişdi.
 
Mən Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirirəm. Açıq mənbələrdən məlum olduğu qədərilə, Azərbaycan İsraildən 5 milyard dollar dəyərində silah və hərbi texnika alıb. Hətta dünyanın aparıcı silah ixracatçıları siyahısının ilk pillələrində olan İsrailin ölçülərinə görə, bu, yetərincə ciddi məbləğdir”, - deyə Tsvi Ariyelli bildirmişdi.
 
O, Azərbaycanın bu istiqamətdə Ukraynadan daha ağıllı davrandığını və bunun nəticələrini görəcəyini də gizlətməmişdi:
 
“İlk növbədə söhbət taktiki və yüksək dəqiqlikli silahlardan gedir. Onlar əsasən köhnə Sovet texnikası ilə silahlanan erməni ordusu qarşısında Azərbaycanın taktiki üstünlüyünü daha da artıra bilər. Mənə məlum olduğu qədərilə, Azərbaycan artıq İsraildən “Dəmir Qübbə”ni alıb. Ən azıdan, bu barədə danışıqlar gedirdi. Nümunə olaraq Ukraynanı götürsək, Azərbaycan silahlanma sahəsində onlardan daha çox inkişaf edib. Ukrayna NATO-nun onlara nə vaxt silah yardımı edəcəyini gözləyir. Azərbaycan isə heç kəsi gözləmir, sadəcə hər şeyin ən yaxşısını alır. Azərbaycan bu məsələdə öz ərazisində hərbi münaqişəyə malik digər ölkələrin böyük əksəriyyəti ilə müqayisədə daha müdrik davranır”.


Şəkildə: Tsvi Ariyelli
 
Doğrudan da üzərindən 3 il keçəndən sonra israilli ekspertin sözləri özünü doğrultdu. Azərbaycanın Dağlıq Qarabağda revanş müharibəsində əldə etdiyi qələbədə İsraildən və qardaş Türkiyədən aldığımız silahların da mühüm rolu oldu. Xüsusilə paytaxta atılan bir sıra raketlərin göydə zərərsizləşdirilməsi, yəqin ki, “Dəmir Qübbə” sayəsində baş tutdu.
 
Bununla belə, ABŞ Ordusu tərəfindən dünən yayılan bir məlumat İsrailin “Dəmir Qübbəsi”ni kölgədə qoyacaq yeni silah sistemlərinin də kəşf olunduğunu düşünməyə əsas verir. Əlbəttə ki, ilk baxışdan. Məlumatın dərin analizi isə bu versiyanın bir o qədər də obyektiv olmadığını göstərir.
 
Ovqat.com-un məlumatına görə, “Defence News” nəşrinə açıqlama verən Pentaqondakı mənbələr ABŞ-ın “Dəmir Qübbə” sistemlərini almaqdan imtina etdiyini bildiriblər. 
 
İddiaya görə, ABŞ İsrail müdafiə sistemləri əvəzinə “Dynetics” silah şirkətinin istehsalı olan Çoxfonksiyalı Lançer Sisteminə (“Dayanıqlı Qalxan”) üstünlük verib.


 
““Dynetics” tərəfindən hazırlanan bu sistem “Raytheon”un istehsal etdiyi “AIM-9X Sidewinder” raketinin qurudan buraxılan versiyası ilə inteqrasiya olunub. Çox bahalı olmasına baxmayaraq heç vaxt real döyüş mühitində sahələrdə sınaqdan keçirilməyən “Dayaıqlı Qalxan” sistemi “Dəmir Qübbə”nin də iştirak etdiyi hərracda qalib gəlib”, - məlumatda deyilir.
 
Mənbə “Dayanıqlı Qalxan” sisteminin nəzəri üstünlüyünü həm PUA-lara, həm də qanadlı raket təhdidlərinə qarşı təsirli olması ilə əlaqələndirib. Bundan əlavə, “Davamlı Qalxan” sistemi digər raketləri, topları və minaatanları tapmaq, izləmək və məhv etmək üçün qurulmuş mobil tipli silah sistemidir. İddialara inansaq, bu sistemdən “Dolaylı Atışdan Qorunma Qabiliyyətinin Artırılması 2 Proqramı” (IFPC Inc 2) çərçivəsində də istifadə olunacaq. Əlbəttə, bütün bunlar real döyüş səhnəsində sınaqdan çıxarılmadığı üçün sadəcə nəzəriyyədən ibarətdir. “Dəmir Qübbə”nin isə ən azı II Qarabağ savaşında Rusiyanın radarlara yaxalanmamaqla qürurlandığı bir sıra raketlərini zərərsizləşdirmək təcrübəsi var.


 
Həm “Dynetics”, həm də “Rafael” şirkətləri bu yaxınlarda Nyu Meksikadakı White Sands Raket Rangeində sistemlərini sınaqdan keçiriblər. Testlərdən sonra şirkətlərə verilən rəydə “Rafael”in “Dəmir Qübbə” yerinə “Dynetics”in MML sisteminə üstünlük verildiyi ifadə edilib”, - “Defence News”un məlumatında deyilir.
 
Bildirilir ki, “Dynetics” şirkəti ABŞ ordusunun əvvəllər öz vasitələri ilə inkişaf etdirdiyi, lakin sonradan tərk edildiyi “MML” sistemini yenidən hərraca çıxarıb. Bu dəfə həmin sistem “Raytheon” tərəfindən də istehsal olunan “AIM-9X Sidewinder” raketləri ilə təchiz edilib. 
 
 

Bəs ABŞ niyə “Dəmir Qübbə”yə üstünlük verilməyib?
 
Məlumatdan anlaşılır ki, bunun əsas səbəbi İsrailə məxsus müdafiə sisteminin öz xarakteristikasını həddindən artıq gizlətməsi olub. Belə ki, ABŞ ilə İsrail arasında 2019-cu ildə imzalanan müqaviləyə əsasən, Tel-Əviv Vaşinqtona iki ədəd “Dəmir Qübbə” sistemi bateriyası satıb. İki batareyanın tədarükü 2021 -ci ilin yanvar ayında başa çatıb. Hər bir batareyada cəmi 6 atıcı qurğu, radar bölməsi, döyüş idarəetmə mərkəzi və 120 raket var imiş. ABŞ ordusu tərəfindən 2020 -ci ilin mart ayında edilən bir şərhdə, sistemin mənbə koduna çıxışın olmadığı üçün əlavə “Dəmir Qübbə” sistemi satın almayacağı bildirilirdi. Bu da onu göstərir ki, “Dəmir Qübbə”nin tenderdə qalib gələ bilməməsinin əsas səbəbi texniki yetərlisizliyində yox, bu məlumatların məxfilik dərəcəsinə daha müfahizəkar yanaşmasındadır.
 
Bizə maraqlı gələn əsas məsələ isə Azərbaycan Ordusunun hətta ABŞ-dan daha əvvəl bu müasir müdafiə sistemi ilə təchiz olunmasıdır. Məlumatların analizi göstərir ki, Ordumuz hələ 2017-ci ildən bu sistemə sahib olduğu halda, ABŞ bizdən 2 il sonra “Dəmir Qübbə”nin üzünü görə bilib. Bundan 1 il sonra isə Azərbaycan 44 günlük müharibədə həmin silah sistemini sınaqdan çıxarıb.






Ana səhifəyə qayıt        Baxış: 6 483          Tarix: 29-08-2021, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma