Xəbər lenti



 
Bəlli olduğu kimi, Ovqat.com-a göndərilən şikayət məktublarını “Qara Pişik” kod imzası ilə yayımlayırıq. Bizə etibar edib şikayətlərini çatdıranları repressiyalardan qorumaq məcburiyyətindən atdığımız bu addım, deyəsən, Naxçıvanda ciddi ajiotaja səbəb olub. Nədən ki, Muxtar Respublikada hər kəs bütün qaranlıq bucaqlarda “Qara Pişik” axtarır. Pişik qara, gizləndiyi dəlmə-deşik qara olduğundan bu axtarışlar heç bir nəticə vermir. 
 
Bununla belə, Naxçıvanda “Qara Pişik” axtarışları deyəsən məhkəmə çəkişmələrinə qədər uzanacaq. Hər halda “Şərq Qapısı” qəzetinin sabiq Baş redaktoru Tural Səfərovun az öncə paylaşdığı statusdan bu nəticəyə gəlmək olar. 
 
Statusu Ovqat.com oxucularının diqqətinə çatdırırıq.
 
“Pişiyin qarasından da, sarısından da xoşum gəlmir. Hətta bir qohumumuz var, evlərində pişik saxladığı üçün onlara gec-gec gedirəm. Amma pişiyin Məhəmməd peyğəmbərin sevdiyi heyvan olduğunu da bilirəm. Bu pişik söhbətini ortaya atıb bizi təhqir etməyə cəhd edənlərə, bizə şər-şamata yaxanlara, böhtan atanlara bir atalar söz ilə cavab vermək istəyirdim: “İt hürər, karvan keçər”.


 
Amma bəzən it hürür, ancaq karvan keçmir. Gərək hürən iti   “başa salasan” ki, karvan öz yoluyla keçib getsin. Günlərdir ki, bu məsələyə reaksiya vermək istəmirdim. Kimlərəsə olan ehtiramımızdan susuruqsa, bu o demək deyil ki, haqqımızda ağzınıza gələni danışacaqsınız və biz də cavab verməyəcəyik. Saxta profillərin arxasında gizlənən qorxaqlar məni işarə edərək təhqir və təhdid edirdilər, ancaq yenə də əhəmiyyət vermirdim. Bu gün isə şər-şamatalarını açıq müstəviyə keçiriblər, mənim fotoşəklimi paylaşaraq şəxsimə böhtan atıblar. Açığı bu böhtan xarakterli yazıların, təhdidlərin hardan idarə olunduğu şəxsən mənə məlum deyil. Belə cılız düşüncəli hərəkətlərin vahid mərkəzdən idarə olunduğuna inanmaq istəmirəm. Bu, hansısa özfəaliyyət qruplarının qeyri-peşəkar yanaşmasıdır. Onları yandıranın nə olduğunu mən bilirəm. Unutmayın, haqq nazilər üzülməz. Ədalət həmişə zəfər çalacaq.
 
Həmin adamlar mənim nə olursa olsun Prezident komandasının üzvləri, iqtidar nümayəndələri barədə əsaslandırılmamış məlumatlar yaymayacağımı, onlar kimi saxta profillər arxasında gizlənməyəcəyimi bilməyəcək qədər gerizəkalıdır. Sözüm varsa, öz imzamla deyəcəyəm. Ötən il olduğu kimi. 
 
Mən onlara qanuni şəkildə cavab verəcək, məhkəməyə müraciət edəcəyəm. Qoy hüquq-mühafizə orqanları və məhkəmə müəyyənləşdirsin ki, bizə böhtan atanlar kimlərdir. Əminəm ki, ədalət mühakiməsi “Ramiz Mirzeyev” kod adlı trollu müəyyənləşdirib cəzalandıracaqdır. 
 
Məni təhdid edənlərə isə demək istəyirəm ki, bu ölkə yiyəsiz və sahibsiz deyil, Azərbaycan dərəbəylik qanunları ilə idarə olunmur. Azərbaycanın hər bir vətəndaşın hüquqlarını qoruyan Prezidenti var”.




Ana səhifəyə qayıt        Baxış: 6 520          Tarix: 5-01-2022, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma