Xəbər lenti

"Bütün mübahisələrin alternativ həlli yolları ən mühüm məsələlərdən biridir. Aydın məsələdir ki, hər bir dövlətdə məhkəmə orqanları fəaliyyət göstərir və mübahisələlər məhkəmələrdə öz həllini tapmaqdadır. Ancaq mübahisənin alternativ həllinin əhəmiyyəti ondan ibarətdir ki, iş adamlarının, biznes nümayəndələrinin alternativ seçim imkanları olur və təbii ki, bu alternativ seçim çox önəmlidir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problem və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, Azərbaycanda mübahisələrin alternativ həlli üçün Mediasiya Şurasının fəaliyyəti təqdirəlayiqdir: "Mediasiya Şurasının fəalliyəti ilk növbədə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasında, investisiyanın cəlb edilməsində müstəsna əhəmiyyətə malikdir. Hazırda mediatorların əksər hissəsi məhz vəkillərdən ibarətdir. Mediatorlar da, vəkillər də mübahisələrin həllinə çalışırlar. Lakin bəzən maraqlar üst-üstə düşmür. Biz maraqların toqquşmamasına diqqət göstəririk. Bizim üçün sağlam mühit çox önəmlidir. Ona görə də Mediasiya Şurası ilə bu istiqamətdə bir çox müzakirələr, tədbirlər keçirmişik. Biz çox istərdik ki, Mediasiya Şurasının fəalliyyəti daha da təkmilləşsin. Şuranın özü də fəaliyyətinin tam şəffaf olmasında maraqlıdır. Bu baxımdan həm mediatorların peşəkarlığının artırılmasına çox böyük diqqət yetirilir".

Kollegiya sədrinin fikrincə, mübahisəli məsələlərin alternativ həlli üçün yalnız mediasiya institutu kifayət etmir: "Hesab edirəm ki, ölkəmizdə beynəlxalq kommersiya arbitrajının normal fəaliyyəti üçün bütün imkanlar mövcuddur. Bilirsiz, əgər biz bu gün biznesin inkişafından, investisiyanın cəlbindən danışırıqsa, ən vacib məsələlərdən biri müstəqil kommersiya arbitrajının mövcudluğudur. Bununla bağlı müəyyən cəhdlər edilib. Çox təəssüf ki, bütün bu cəhdlər nəticə verməyib. Amma hesab edirəm ki, indi bu məsələyə yenidən baxa bilərik. Elə biz - Vəkillər Kollegiyası, Mediasiya Şurası və KOBİA birlikdə kommersiya arbitrajını yarada bilərik. Avropa təcrübəsini öyrənən, beynəlxalq təlimlərdə iştirak edən vəkillərimiz də var ki, onlar bu məsələdə öz töhfələrini verə bilərlər. Eyni zamanda xaricdən də mütəxəssislər cəlb edə bilərik".

A.Bağırov biznes mühitinin daha da yaxşılaşdırılması üçün hüquqi məsələlərdə peşəkarlardan dəstək almağın vacibliyini vurğulayıb. O, həmçinin sahibkarlara ödənişsiz hüquqi yardım göstərilə biləcəyini deyib.

"Təəssüf ki, bəzi hallarda sahibkarlar hüquqi problemləri olduqda hüquqşünasa, vəkilə müraciət etmirlər. Amma bilməlidirlər ki, vəkilə vaxtında müraciət etmək onları bir çox problemlərdən xilas edə bilər. Bilirəm ki, KOBİA sahibkarların hüquqlarının müdafiəsinə xüsusi diqqət göstərir. Amma çox istərdim ki, vəkillərimiz də sahibkarların hüquqlarının müdafiəsində daha fəal olsunlar. Hesab edirəm ki, vəkillər bəzi hallarda kiçik və orta sahibkarlara pulsuz hüquqi yardım göstərməlidirlər. Biz Milli Məclisin deputatlarının təşəbbüsü ilə vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyaları keçiririk. Zənnimcə, belə aksiyaları biznes subyektləri üçün də təşkil edə bilərik. Vəkillər Kollegiyası buna hazırdır. Əgər belə bir təşəbbüs olsa, Respublikanın istənilən bölgəsində biz vəkilləri həmin aksiyada iştiraka təşviq edəcəyik", - deyə sədr qeyd edib.

Xəyalə Bünyatova



Ana səhifəyə qayıt        Baxış: 2 432          Tarix: 15-03-2022, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma