Xəbər lenti
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
“Pulunu alır və deyir ki, “nə istəyirsən çək”
Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı fərmana əsasən, Azərbaycanda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla bir sıra yerlərdə tütün məmulatlarından istifadə qadağan edilib. Qanuna görə, açıq hava məkanları və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, təhsil, səhiyyə, sanatoriya-kurort müəssisələrində, bütün idarə və təşkilatlarda, idman zallarında, ictimai-iaşə obyektlərində tütün məmulatlarından istifadəyə icazə verilmir.
Ancaq sözügedən ərazilərdə tütün məmulatlarının istifadəsi ilə bağlı qadağa və məhdudiyyətlər olsa da, bir çox müəssisələrdə bu qanuna əməl olunmur. Azərbaycanda bu qanun ən yaxşı halda nəzarətin daha ciddi olduğu metro və hava limanlarında işləyir. Paytaxt və rayonlarda yerləşən kafe və restoranlarda, iri ticarət mərkəzlərində isə tütün məmulatlarından məhdudiyyətsiz formada geniş istifadə olunur. Paytaxtda yerləşən çay evlərində apardığımız müşahidələr bunu deməyə əsas verir ki, 10 müəssisədən ən yaxşı halda birində tütündən istifadəyə məhdudiyyət var.
Məlumat üçün qeyd edək ki, dünyada tütün məmulatlarından istifadə edənlərin sayı 1 milyard 100 milyon nəfərdən artıqdır. Ən çox siqaret istehlak edən ölkə isə Çindir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 7,6 milyon nəfər tütün məmulatlarından istifadəyə görə dünyasını dəyişir.
Bu sahədə Azərbaycanda da vəziyyət yaxşı deyil. ÜST-nın son açıqladığı rəqəmlərə görə, ölkədə siqaret isitfadəçilərinin sayı 1 milyon 306 min 100 nəfərdir. Onlardan 663 min 50-sinin vaxtından əvvəl öləcəyi proqnozlaşdırılır.
Məsələn, Avropa ölkələrində qadağan olunmuş yerlərdə siqaret çəkənlər 1000 avroya qədər cərimə oluna bilərlər.
Almaniyada tütün məmulatının yerə atan şəxsləri 1000 avro məbləğində cəza gözləyir.
ABŞ-da isə bu qanun pozuntusuna görə, həbs olunmaq belə mümkündür.
Amma bu qanun pozuntusunun icrası ağır cəza şərtələrindən daha çox, cəmiyyətin mövqeyi əsasında həll olunur. Belə məsələlərdə sosial nəzarət mexanizminin işə düşməsi qanunun müvəffəqiyyətlə işləməyinə imkan verir. Azərbaycanda isə belə məsələlərdə ictimai nəzarət və sosial qınağın əksər hallarda heç bir əhəmiyyəti olmur. Bu səbəbədən də hər primitiv məsələyə görə, qanunvericilkdə cəza tədbirləri nəzərdə tutulub.
Sözügedən qanun layihəsi qəbul olunan zaman, Milli Məclisdə belə belə bir fikir səsləndirilmişdi ki, “Bu dəyişikliyə səbəb, Azərbaycanda siqaret istifadəçilərinin sayını azaltmaq və əhalinin sağlamlığını qorumaqdır”.
Bu il “5 yaş”ı tamam olacaq qanunun, qəbul edildiyi illə müqayisəli təhlilini apardığımızda isə aydın olur ki, işlədilən bu ifadə “Havaya buraxılan zərərli siqaret tüstüsüsü” qədər əhəmiyyətsizdir.
Statistik məlumatlara əsasən, 2017-ci ildə ölkədə 15 yaşdan yuxarı kişilərin 36 faizi, qadınların isə 1 faizi tütün məmulatlarının istifadəçisi olub. Bu da təxminən 1 milyon 250 min nəfər deməkdir. 2021-ci ildə ÜST-ün təqdim etdiyi statistikada isə Azərbaycanda iqaret istifadəçilərinin sayının 1 milyon 300 mindən artıq olduğu bildirilir. Bu statistikadan da aydın olur ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla tıtbiq edilın qadağa necə icra olunub və 5 il ərzində hansı dəyişikliklərə səbəb olub.
Qeyd edək ki, qanunvericilikdə “Qadağan olunmuş yerlərdə tütün məmulatlarından istifadə”ylə bağlı, cəza tədbirləri nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “AzPolitika.info”-ya bildirildi ki, tütün məmulatlarının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsinə görə, vətəndaşlar qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar: “İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkilməyinə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub. Müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin və görünən yerlərdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilirlər. Həmçinin, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə yüz manat, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə isə əlli manat məbləğində cərimə nəzərdə tutulur. İXM 212-ci maddəsinə əsasən, 2021-ci ildə 787 nəfər, 2022-ci ilin ilk üç ayı ərzində isə 666 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib”.
Bu mövzuyla bağlı Millət vəkili Fazil Musatafa “AzPolitika.info”-ya şərhində bildirib ki, sözügdən qanun əsasən sahibkarlar üzərində düşünülüb: “Məsələn, bir nəfər restoran və ya kafedə siqaret çəkmək istədiyi halda sahibkar buna icazə verməsə, həmin adam artıq növbəti gün bu məkana gəlmir. Ona görə də sahibkarlar müştəri itirməmək üçün məcburdurlar ki, mədəni qaydada insanlara bu qanunu izah etsinlər. Ancaq vətəndaşlar özləri başa düşməlidirlər ki, bunu etmək qanunla qadağan olunub. Təəssüf ki, problemli cəmiyyətlərdə qanuna edilmiş hər hansı dəyişikliklə, belə məsələləri həll etmək olmur”.
F.Mustafa qeyd edib ki, Avropada insanlara nəyisə başa salmaq daha rahatdır: “Xarici ölkələdə kafe və restoranlarda siqaret çəkmək üçün xüsusi yerlər var. İnsanlar da həmin ayrılan yerlərdə siqaret çəkirlər. Bizdə isə bəzi şəxslər bunu özünə sığışdırmır və hesab edir ki istədiyi yerdə siqaret çəkərək, insanları zəhərləyə bilər. Hesab edirəm ki, bu qanunun işləməsi daha çox cəmiyyətdən asılıdır. İnsanlar başa düşməlidir ki, bu yolla onlar tək özlərinə yox, ətrafdakı inslanlara da zərər vururlar.
Təbii ki, buna nəzarət edən müvafiq qurumların da burda korporativ maraqları olur. Pulunu alır və deyir ki, “nə istəyirsən çək”. Biz təklif etdik ki, məktəblərin qarşısında açılan qəlyanxanalar yığışdırılsın. Amma hara yığışdırılır? Burda biznes marağı var axı. Bu şəbəkənin siqareti, qəlyanı satılmalıdır ya yox? Düşünürəm ki, cəmiyyət özü istəmədikdən sonra qanunla zorla nəyisə dəyişdirmək mümkün deyil. Ona görə də bir cəmiyyət olaraq bu məsələlərdə daha maraqlı davranmalıyıq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar