Xəbər lenti
Hadı Rəcəbli: "İctimai iaşə müəssisələrində ayrılımış yerlərdə biz tütündən istifadəni qadağan edə bilmirik. Biz bunu nəzərə aldıq"
Hazırda "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində Milli Məclisdə "dəyirmi masa" keçirilir. Ovqat.com Sputnik Azərbaycan istinadən xəbər verir ki, tədbirdə bir sıra nazirliklərin məsul şəxsləri, Ombudsman Aparatının nümayəndələri, ictimai qurumların təmsilçiləri, ASAN könüllülər iştirak edirlər.
Toplantını parlament sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açıb. O, bildirib ki, parlament "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsini 1-ci oxunuşda müzakirə edib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi günün vacib tələblərindən biridir: "Sulu qəlyan məsələsi geniş müzakirə olunub və layihədə əksini tapıb. Digər bir məsələ qapalı yerlər məsələsidir. İctimai iaşə müəssisələrində ayrılımış yerlərdə biz tütündən istifadəni qadağan edə bilmirik. Biz bunu nəzərə aldıq. Düşündük ki, ictimai iaşə müəssisələrində qapalı yerlər məsələsini saxlayaq". Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, tütün məmulatlarının insana vurduğu zərəri düzgün anlamaq lazımdır: "Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, hər 6 saniyədə tütündən istifadəyə görə 1 insan dünyasını dəyişir. Tütün məmulatları istifadə edənlərin ağciyər xərçənginə tutulması tütündən istifadə etməyənlərlə müqayisədə 30 dəfə çoxdur". "Baxmaq lazımdır ki, siqaret çəkənlərin hüquqlarınamı üstünlük verməliyik, yoxsa tütündən zərər çəkənlərin hüquqlarınamı. Şübhəsiz, zərərçəkənlərin hüquqlarına üstünlük verməliyik" — deputat bildirib.



Ana səhifəyə qayıt        Baxış: 1 111          Tarix: 27-04-2017, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma