Türkiyəli iş adamı Emin Uçarı çoxdan tanıyıram. Naxçıvanda fəaliyyət göstərdiyim dövrdə onun muxtar respublikada yaratdığı şirkətlər, qurduğu istehsal və xidmət müəssisələri barədə kifayət qədər məlumatım var idi.
Hələ 90-cı illərin sonunda – Naxçıvana heç kimin investisiya yatırmağa cəsarət etmədiyi dövrdə Emin Uçarın yaratdığı şirkətlər muxtar respublikada müasir müəssisələrin ilk qaranquşu olmuşdu. Sonrakı dövrdə Emin Uçar “Gəmiqaya” kimi nəhəng bir şirkət təsis etmişdi. Ancaq Vasif Talıbovun rəhbərlik etdiyi Naxçıvanda təkbaşına iş adamı kimi fəaliyyət göstərmək mümkün deyildi. Talıbovlar ona mütləq ortaq olmalı idilər. Bütün Naxçıvan bilir ki, Rza Talıbov “Gəmiqaya”nın rəsmi ortağı olsa da şirkətin böyüməsində, inkişafında onun ciddi bir rolu olmamışdı. Realıq odur ki, Rza Talıbovla ortaqlıq Emin Uçarı sadəcə olaraq Talıbovların iş adamlarının başına açdığı oyunlardan sığortalamış, sahibkarı onun fəaliyyətinə qanunsuz müdaxilələrdən xilas etmiş, məqsədli şəkildə incidilməkdən qorumuşdu. Hətta bu ortaqlıq da onu Talıbovların yırtıcı caynağından sona qədər qoruya bilməmişdi.
Emin Uçar bacarıqlı iş adamıdır. O, qısa müddət ərzində Naxçıvanda onlarla istehsal və xidmət müəssisəsi yaratmış, minlərlə iş yeri açmışdı. İş adamı gecə gündüz demədən çalışıb yeni müəssisələr qurur, Talıbovlar da qazanc əldə edirdi. İllərlə belə olmuşdu: başqaları əziyyət çəkmiş, Vasif Talıbovun qardaşı, övladları pul qazanmışdı. Və sonda sahibkarın min bir əziyyətlə qurub yaratdığı şirkətlərini onun əlindən zorla almağa çalışdılar.
Bütün bu həqiqətləri bildiyimdən televiziyalardan birində çıxışım zamanı Emin Uçarla bağlı suala obyektiv şəkildə cavab vermiş, həqiqətləri söyləmişdim.
Emin bəy həm də diqqətcil adamdır. Bu çıxışımdan sonra dərhal məni aradı və təşəkkürünü bildirdi. Telefon söhbətimiz zamanı məni ofisinə dəvət etdi. Mən də dəvəti yalnız qısa açıqlama verəcəyi təqdirdə qəbul edəcəyimi dedim. Çünki bilirdim ki, geniş müsahibəyə razılıq verməyəcək. Onunla belə razılaşdıq və bir neçə gündən sonra ofisində görüşdük.
Emin bəy həmişəki kimi çox səmimi idi. Bir xeyli söhbətləşdik. Yeni yaratdığı şirkətlər, gördükləri işlər barədə məlumat verdi, sahibkarlara, xüsusilə türk iş adamlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə etdi.
Emin Uçarın artıq “Gəmiqaya”dan ayrıldığını, “Arkoz” adlı şirkətə rəhbərlik etdiyini bilirdim. Şirkətin fəaliyyəti ilə maraqlandım.
Sahibkar dedi ki, onun rəhbərlik etdiyi şirkətlər Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində öz fəaliyyətini genişləndirir. Hazırda Gəncə şəhərində su-kanalizasiya sisteminin çəkilişi, Qazaxda sement zavodunun yenidən qurulması ilə məşğuldurlar. Bundan başqa, Qırılı-Qazax yolunun tikintisi də onlara həvalə edilib.
Əlbəttə ki, məni Emin bəyin Naxçıvanla əlaqələri, Talıbovlarla ortaqlığının necə bitməsi daha çox maraqlandırırdı. Amma onu da bilirdim ki, Emin Uçar bu barədə danışmaq istəmir. Ona görə də bu mövzuda qısa danışmasını, bir neçə sualımı cavablandırmasını xahiş etdim.
“Böyük əziyyətlə yaratdığınız şirkətləri Talıbovlardan ala, hüquqlarınızı bərpa edə bildinizmi?” sualıma bircə cümlə ilə cavab verdi: “İlham Əliyevin Prezident olduğu ölkədə kimsənin haqqı kimsədə qalmaz”.
-“Gəmiqaya” şirkətinin taleyi necə oldu?
-“Gəmiqaya” ləğv edildi.
-Sizin müəssisələrin aqibəti necə oldu?
-Rəhbərlik etdiyim “Arkoz” Holdinq Naxçıvanda da fəaliyyət göstərir. Vaxtilə “Gəmiqya”nın tərkibində olan Naxçıvan Daş Məhsulları Sənaye Kompleksi, Kərpic Zavodu, “Bellisa” Mebel Fabriki, Naxçıvan şəhərindəki “Dekoria” ticarət mərkəzi “Arkoz” Holdinqin müəssisələri kimi fəaliyyətini davam etdirir.
-Bəs “Gəmiqaya”nın digər müəssisələri?
- Bizim ortaqlığımızdan mənim payıma düşən bu müəssisələrdir. Digərləri məni maraqlandırmır və onlar barədə də məlumatlı deyiləm.
-Naxçıvandakı fəaliyyətinizi genişləndimək barədə düşünürsünüzmü?
-Əlbəttə. Muxtar respublikadakı müəssisələrin fəaliyyətini genişləndirmək, Naxçıvanda aparılan quruculuq işlərində yaxından iştirak etmək, yeni istehsal və xidmət sahələri yaratmaq, yeni iş yerləri açmaq istəyirik. Uzun illərdir, Naxçıvanda çalışdığımdan bölgəni yaxşı tanıyıram. Naxçıvanın çox yaxşı potensialı var. Orada böyük istehsal müəssisələri yaratmaq, minlərlə iş yeri açmaq mümkündür. Bizə yaradılan şəraitdən istifadə edərək, Naxçıvanda sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılıması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüş keçirdi, Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmlərinin tətbiq ediləcəyini bildirdi. Artıq Naxçıvanda sahibkarlar üçün münbit şərait yaradılıb.
-Naxçıvanla bağlı yeni layihləriniz varmı?
-Hesab edirəm ki, bu barədə danışmaq hələ tezdir. İşlərimizi yeni qaydasına salırıq. Real nəticələr əldə etdikdən sonra bu barədə ətraflı danışarıq.
Hiss etdim ki, Emin bəy Naxçıvanla bağlı əlavə nəsə demək, bundan artıq danışmaq istəmir. Ona görə də söhbətin istiqamətini dəyişdim.
-Emin bəy, xarici investorlar, iş adamları üçün ölkədə yaradılmış şəraitdən razısınızmı?
-Əvvəla onu deyim ki, həm azərbaycanlı, həm də türkiyəli iş adamları Azərbaycanda və Türkiyədə xarici iş adamı sayılmır. Biz “Bir millətin iki dövlətində” yaşayır, qurub yaradırıq. Mən isə rəsmi qaydada da xarici deyiləm, çünki həm də Azərbaycan vətəndaşıyam. Azərbaycanda həm yerli, həm də xarici iş adamlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanda biznes mühiti gündən günə daha da yaxşılaşdırılır, sahibkarlara dövlət dəstəyi göstərilir, kreditlər verilir. Ölkədə sahibkarlara göstərilən qayğıdan biz də faydalanmışıq, bizim şirkətimiz üçün də kredit ayrılıb. Çalışırıq ki, göstərilən etimadı doğruldaq, gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəmizi verə bilək.
Emin bəylə söhbətimiz zamanı mediada onun haqqında yayılmış bəzi xəbərlərə də aydınlıq gətirdik.
Emin Uçardan Gürcüstandakı şikətlər barədə soruşdum. Mediada belə xəbərlər yayılmışdı ki, Emin Uçarın Tbilisidə Talıbovlarla ortaq biznesi var.
Sahibkar qəti şəkildə dedi ki, Gürcüstandakı şirkətin Talıbovlara heç bir aidiyyəti yoxdur. Ona məxsus olan "Maqro Construction” tikinti şirkəti indiyədək Tbilisidə yaşayış kompleksləri, otellər tikib istifadəyə verib.
Emin Uçar mediada yayılmış guya onun Gürcüstanda 270 milyon dollar dəyərində biznesinin olduğu barədə məlumatın da həqiqəti əks etdirmədiyini dedi.
Açığı bu məlumat məni də təəccübləndirdi. Çünki Emin Uçarın Gürcüstanda bu dəyərdə biznesinin olduğuna mən də inanmışdım. Burda qeyri-adi heç nə yoxdur. Emin Uçar məmur deyil ki, sahibkardır. Onun Azərbaycanda, Türkiyədə, Gürcüstanda lap 2 milyard dollar dəyərində də biznes obyektləri ola bilər. Bunun kimə nə aidiyyəti var? Sən demə, bu məsələ də bəzi media orqanlarının yaydığı kimi deyilmiş.
Emin bəy bildirdi ki, 270 milyon dollar şirkətin indiyə qədərki dövriyyəsidir.
“Bəs Batumidəki “Divan” otel kimindir?” sualıma sahibkar belə cavab verdi: “Bax, onun da bizə aidiyyəti yoxdur. Bizim Batumidə bir mebel fabrikimiz var”.
Emin bəylə xeyli söhbətləşdik. Bu barədə ətraflı danışmaq istəməsə də bilirdim ki, Naxçıvanda haqsızlığa məruz qalıb, incidilib, illərlə zəhmət çəkib yaratdığı biznesini itirmək təhlükəsi ilə üzləşib. Vasif Talıbov onu da özünün xüsusi qara siyahısına salıb, iş adamını məhv etmək üçün bütün imkanlarından istifadə edib.
Emin Uçar keçmişə deyil, gələcəyə baxmağın tərəfdarıdır. “Yaxşı ki, Azərbaycanın İlham Əliyev kimi ədalətli Prezidenti var. İlham Əliyevin Prezident olduğu ölkədə heç kimin hüquqları pozula bilməz. Azərbaycanda həm yerli, həm də xarici iş adamlarının qarantı Prezidentdir. Biz iş adamları İlham Əliyevə güvənərək çalışır, Azərbaycana milyonlarla manat dəyərində investisiya qoyuruq. Öz nümunəmdə deyirəm ki, bunun üçün peşiman deyilik. Bizə sahib çıxdığına, yaratdığı şəraitə görə, cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Emin Uçarın bu sözləri əslində Naxçıvanda ona qarşı necə haqsızlıq olduğunu, Azərbaycan dövlətinin bir sahibkar kimi onu necə qoruduğunu göstərir.
Emin bəyin mənə göstərdiyi, hələ ictimailəşdirilməsini məsləhət bilmədiyi layihələrdən aydın oldu ki, “Arkoz” yaxın gələcəkdə ölkəmizin iri şirkətlərindən birinə çevriləcək, Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəkdir.
Razılaşdıq ki, şirkətin işləri qaydasına düşdükdən sonra Emin Uçar bizim informasiya agentliyinə geniş bir müsahibə verəcəkdir. Həmin müsahibədə bəzi qaranlıq məqamlara da aydınlıq gətirəcəyik.
Yenidən görüşmək, cavablandırılmamış suallarıma cavab almaq ümidilə “Arkoz”un ofisindən ayrıldım.
Emin Uçara və kollektivinə uğurlar arzu edirik. Biz də qəti şəkildə deyirik ki, Emin bəy doğru addımlar atıb və doğru yoldadır. Bəli, İlham Əliyevin Prezident olduğu Azərbaycanda hər kəsin hüquqları ən yüksək səviyyədə qorunacaq. İlham Əliyevin Azərbaycanında bizi heç kim qorxuda bilməz. Vasif Talıbov kimi cılız hislərlə yaşayan adamlar sonda ən böyük zərəri elə özünə verəcəkdir.
Tural Səfərov
Paylaş: