Xəbər lenti


 
30 ildir dövlət dotasiyası hesabına yaşayan Naxçıvan bundan sonra uzun illər özünü maliyyələşdirə bilməyəcək
 
30 ildən çoxdur ki, blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının düşdüyü çətin vəziyyətdən çıxa bilməsi üçün Azərbaycan dövləti nə lazımdırsa, onu da edib. Bu müddət ərzində Naxçıvan dövlətin ayırdığı dotasiya hesabına yaşayıb. Muxtar respublikaya ayrılan dotasiya ilbəil artırılıb. Yalnız ötən ilin dövlət büdcəsində ayrılan dotasiyanın çox cüzi şəkildə azaldıldığını müşahidə etdik. 2021-ci il üçün Naxçıvan Muxtar Respublikasına 378 131 000,0 manat dotasiya ayrılıb. 2020-ci illə müqayisədə Naxçıvana ayrılan dotasiya cəmi 19 milyon manat azaldılıb. Prezident İlham Əliyevin Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib yerli gəlirləri artırmasını tələb etməsindın sonra Naxçıvan yerli gəlirləri vur-tut 19 milyon manat artıra bildi. Əlbəttə ki, Naxçıvanın yerli gəlirləri büdcədə proqnozlaşdırılan rəqəmlərdən 5-6 dəfə çoxdur. Bu, başqa mövzunun araşdırmasıdır.
 
Azərbaycan dövləti Naxçıvana külli miqdarda dotasiya ayırır ki, muxtar respublikada yaşayan insanlar əziyyət çəməsin, bölgə yenidən qurulsun, onun müdafiə qabiliyyəti möhkəmləndirilsin, yeni iş yerləri açılsın. Yeni iş yerlərinin açılması əhalinin rifah halının yaxşılaşdırılmasına gətirib çıxara bilər. Ancaq biz bu gün tamamilə başqa mənzərənin şahidinə çevrilmişik. Muxtar respublikada kütləvi işsizlik var. Ona görə də əhali Naxçıvanı tərk edir. Qeyri-rəsmi məlumatlara görə, son bir ildə 40 min nəfər Naxçıvanı tərk edib.


 
Bəs bu qədər ayrılan vəsaitə rəğmən muxtar respublikada istehsal müəssisələri qurmaq, real yeni iş yerləri açmaq niyə mümkün olmayıb?
 
Ovqat.com bu suala cavab tapmaq üçün qısa araşdırma aparıb. Bir neçə il bundan öncə Naxçıvanda sahibkarlıqla məşğul olan, ali təhsilli iqtisadçı (Obyektiv səbəblərdən adının çəkilməsini lazım bilmədik. Çünki adı çəkilən adamların qohum-əqrabası sonra Naxçıvanda repressiyaya məruz qalır) əməkdaşımızla söhbətində şok faktlar açıqlayıb.
 
O, rəsmi rəqəmlərə istinad edərək bildirib ki, indiyədək muxtar respublikada sahibkarlığın inkişafı üçün 200 milyon manata yaxın kredit qoyuluşu həyata keçirilib. Əlbəttə ki, kreditlərin böyük hissəsi Vasif Talıbovun övladlarına və yaxın ətrafına məxsus olan “Gəmiqaya Holdinq”, “Cahan Holdinq”, “Nəqşicahan Holdinq”, “Dizayn Holdinq” kimi şirkətlərə verilib. Diqqəti özlərinə daha çox cəlb etməsinlər deyə müxtəlif şəxslərə kiçikhəcmli müəssisələr qurmaq üçün kredit verib gözdən pərdə asıblar. Ancaq təəssüf ki, həmin sahibkarlara da sonralar işləməyə imkan verilməyib. Onların qarşısında elə şərtlər qoyulub ki, müəssisələrini bağlamaq və Muxtar Respublikanı tərk etmək məcburiyyətində qalıblar.


 
Naxçıvandan didərgin salınmış sahibkar Muxtar Respublikada sahibkarlıq mühitinin çökməsinin səbəblərini belə açıqlayıb: “Bunun əsas səbəblərindən biri də müəssisələrin qurulması üçün kredit verilərkən sahibkarların deyil, Muxtar Respublika rəhbərliyinin istək və tələbinin nəzərə alınmasıdır. Kreditlər verilərkən ehtiyac meyarları düzgün qiymətləndirilməyib, maliyyə riskləri ciddi şəkildə araşdırılmayıb. Bəzi sahibkarlara istəmədikləri halda, batmaq təhlükəsi olan layihələrin reallaşdırılması üçün zorla kreditlər verilib. Həmin kreditlərin isə bir hissəsi (40%-i) əvvəlcədən “şapka” kimi onlardan geri alınıb. Nəticədə isə sahibkarlıq inkişaf etməyib, açılan müəssisələr bağlanıb, kütləvi işsizlik yaranıb, Naxçıvan hələ də gəlirlərini artıra, dövlətin ayırdığı dotasiyanı azalda bilməyib. Son illər Naxçıvanda onlarla istehsal müəssisəsi ya bağlanıb, ya da fəaliyyətini müvəqqəti dayandırıb. Bu gün Muxtar Respublikadakı istehsal müəssisələrinin çoxunun qapısından iri qıfıl asılıb”.  
 
Sahibkar təqribən 10 il bundan öncə Naxçıvanda fəaliyyət göstərən və sonra yaradılan ciddi maneələr səbəbindən fəaliyyətini dayandıran bir neçə müəssisə barədə danışarkən vəziyyətin təhlükəli həddə çatdığını iddia edir. Onun fikrincə, 2007-ci ildə dövlətdən 125 min manat kredit dəstəyi alaraq boya istehsal etməyi qarşısına məqsəd qoymuş “Gülşən assosiasiyası” aldığı krediti ödəyə bilmədiyindən taleyi qaranlıq olan müəssisələrdən biridir. Sahibkar üçün istehsal olunmuş məhsulun satış bazarı problem sayılırsa, Muxtar Respublikada aparılan təmir-tikinti obyektləri onlar üçün müştəri deyildimi?


 
2007-ci ildə tomat istehsalı üçün 350 min manat kredit verilən “Qəhrəmanlı-S” müəssisəsi də Muxtar Respublika rəhbərliyinin “ciddi tələbləri”nə uzun müddət duruş gətirə bilməyib.
 
Verilmiş kredit təyinatına uyğun istifadə olunsa, kömək göstərilsə, dövlətdən 800 min manata yaxın kredit almış, süd məhsulları istehsal edən “Pircüvar kooperativi” yəqin ki bağlanmaz, iri bir müəssisəyə çevrilərdi.
 
Vaxtilə Naxçıvanda “Palitra” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərirmiş. Şirkət reklam, dizayn işləri ilə məşğul olurmuş. Həmin şirkətin sahibkarı sonralar Şahbuz rayonunun Keçili kəndində yerləşən “Çınqıllı” suyunun istehsalına da başlayıb, kənddə müasir tələblərə cavab verən bir zavod yaradıbmış. Vasif Talıbovun ailəsinə yaxın adamlar tərəfindən “Dizayn Holdinq” (Son vaxtlar həmin şirkəti də bağladılar) adlı şirkətlər qrupu yaradılandan sonra “Palitra”nın sifarişləri həmin şirkətə verilib, sahibkar isə incidilərək ciddi təzyiqlərə məruz qalıb. Təzyiqlərə dözə bilməyən sahibkar “Palitra”nı bağlamaq məcburiyyətində qalıb. Sahibkar hesab edib ki, Çınqıllı suyunun istehsalını genişləndirməklə həm aldığı kreditləri qaytara, həm də işlərini böyüdə bilər. Ancaq sən saydığını say gör Naxçıvan “xanlığı” nə sayır. Bir müddət sonra həmin müəssisəni də ondan alıb özlərinə yaxın adama veriblər. Keçmiş sahibkarın isə Naxçıvanı tərk etməkdən başqa çarəsi qalmayıb.


 
Son illərə qədər Muxtar Respublikada fəaliyyət göstərən müəssisələrdən biri də “Babək Şərab-2 Yeddilər ASK” Məhdud Məsuliyyətli Cəmiyyəti idi. Müəssisənin istehsal etdiyi spirtli içkilər paytaxt bazarına da çıxarılırdı. Kifayət qədər uğurlu fəaliyyət göstərən bu müəssisə ötən il bağlanıb və satışa çıxarılıb.
 
Sahibkar deyir ki, Rusiyadan öz doğma vətəni olan Naxçıvana qayıtmış İnşallah Abbasov Kəngərli rayonunun Qarabağlaq kəndində balıqçılıq təsərrüfatı yaratmışdı. “Asnı” balıqçılıq təsərrüfatında farel balıqları yetişdirilirdi. Sahibkar burda balıq konservi müəssisəsi də açmışdı. Əlbəttə ki, İnşallah Abbasov da digər sahibkarların başına açılan oyunlardan sığortalı deyildi. Naxçıvana böyük ümidlərlə gələn sahibkar əlində-ovucundakını da itirib kor peşiman geri qayıtdı.
 
Dizayn Holdinq” Şirkətlər Qrupu Naxçıvanda geniş istehsal şəbəkəsinə malik idi. Şirkətin mebel, penoplast məmulatlar, zərbəyədavamlı və dekorativ şüşə istehsalından tutmuş Metaləritmə Zavoduna, qızıl və gümüş zinət əşyaları hazırlayan fabrikə qədər çoxsaylı müəssisələri vardı. Günlərin bir günü sahibkar İlqar Sadiqov da Talıbov ailəsinin gözündən düşdü və şirkətin müəssisələri, avtomobiləri, avadanlıqları açıq hərraca çıxarılaraq ailənin digər şirkətləri arasında bölüşdürüldü.  Sistem və istehsal zənciri qırıldığından şirkətin müəssisələrini hələ də tam gücü ilə işə salmaq mümkün olmayıb. Olan isə işsiz qalan Naxçıvan sakinlərinə olub.


 
Son illər bağlanan və ya məhdud imkanlarla fəaliyyət göstərməyə məcbur edilən müəssisələrin sırasında “Elmar LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Babək” Şirkətinin, yüzlərlə çörək və şirniyyat istehsalı ilə məşğul olan sexlərin, istixana təsərrüfatlarının da adı var.  
 
Sahibkar bu sadalalanların məhv edilən sahibkarların, şirkətklərin cüzi bir hissəsi olduğunu bildirir. Son 20 ildə Naxçıvanda sahibkarlıq mühiti elə məhv edilib ki, onun dirçəldilməsinə bundan sonra uzun illər lazımdır.
 
Fəaliyyətini dayandıran müəssisələr təkcə ayrı-ayrı sahibkarlara məxsus olan şirkətlər deyil. Naxçıvanın hakim ailəsinin nəzarətində olan şirkətlərin də bəzi müəssisələrinin fəaliyyəti zəifləyib. Sual oluna bilər; bəs hakim ailənin şirkətləri niyə belə bir problemlərlə üzləşib?
 
Ovqat.com-un söhbətləşdiyi Naxçıvandan didərgin salınmış başqa bir sahibkar bu sualı belə cavablandırıb: “Son 20 ildə Talıbov ailəsinə yaxın adamlar tərəfindən açılan müəssisələrin çoxu tikinti biznesi üzərində qurulmuşdu. 2005-ci ildən sonra Azərbaycanın hər yerində, eləcə də Naxçıvanda geniş tikinti-quruculuq işləri həyata keçirilirdi. Bu sahəyə külli miqdarda vəsait ayrılmışdı”, deyən həmsöhbətimizin iddiasına görə, bu vəsaitin əldən çıxmaması üçün hakim ailə dövlət kreditləri hesabına tikinti materialları istehsal edən müəssisələrin qurulmasına üstünlük verib: “Tikinti prosesi zəiflədiyindən həmin müəssisələrin də çoxu bağlanıb. Onları Naxçıvanın gələcəyi deyil, 5-10 il ərzində qazanacaqları pullar maraqlandırıb. Onsuz da həmin müəssisələrə qoyduqları vəsaitin bir neçə qatını tikintiyə ayrılan pullardan çıxarıblar. Onların nə vecinədir ki, indi naxçıvanlılar işsiz qalıblar, yerli istehsal olmadığından əksər məhsulları onlar od qiymətinə alırlar”.
 
Naxçıvanda bir neçə ciddi gəlir gətirən istehsal müəssisləri vardır ki, onlar təbii sərvətlərin hesabına qurulan zavod və fabriklərdir. Naxçıvanın mineral su, duz, mərmər istehsal edən müəssisələri kifayət qədər uğurlu fəaliyyət göstərir. Həmin müəssisələr Talıbovlar ailəsinin nəzarətində olan şirkətlərə daxildir. Maraqlıdır ki, görəsən təbii sərvətlərdən istifadə olunaraq qurulan müəssisələr dövlətə nə qədər vergi ödəyir? İddialara görə, onların qazancı ödədikləri vergiyə adekvat deyil. Yəni xeyli gəlir gətirən müəssisələr büdcəyə çox cüzi miqdarda vergi ödəyir.
 
Naxçıvanda təkcə istehsalla məşğul olan sahiblkarlar deyil, xidmət sektoru da çökdürülüb. Muxtar Respublikada fəaliyyət göstərən iri ticarət mərkəzləri, xidmət göstərən müəssisələr ya “Cahan Holdinq”ə, ya “Gəmiqaya Holdinq”ə, ya da ki “Nəqşicahan Holdinq”ə məxsusdur. Bu şirkətlərin xidmət müəssisələri işləsin deyə, digər sahibkarlar xaricdən nəsə idxal etmək imkanından məhrum edilib. Bu da rəqabət mühitini məhv edib. İndi naxçıvanlılar həmin şirkətlərin ticarət mərkəzlərindən onların müəyyənləşdirdiyi qitmətlərlə satılan məhsulları almaq məcburiyyətindədirlər.


 
Rəsmi rəqəmlərdə göstərilir ki, Naxçıvanda 400 növə yaxın məhsul istehsal edilir. Adının açıqlanmasını istəməyən iqtisadçı bildirir ki, bu rəqəm yalandır. Muxtar Respublikada bu qədər növdə məhsul istehsal olunmur, Naxçıvan ərzaq məhsullarına olan tələbatını belə, öz daxili imkanları hesabına ödəyə bilmir. Çünki regionda sahibkarlarla yanaşı, torpaq mülkiyyətçilərinin də işləməsinə imkan verilməyib. Torpağını əkən adam ya su tapıb suvara, ya dövlətin ayırdığı subsidiyanı ala, ya da istehsal etdiyi məhsulu sata bilməyib. Rəsmi mənbələrin bildirdiyi kimi, əgər Naxçıvanda geniş istixana kompleksləri yaradılıbsa, o zaman qış aylarında məsələn pomidor niyə 15-20 manat civarında olur? Belə cavabı olmayan suallar çoxdur.
 
Prezident İlham Əliyev 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrini qəbul edərkən demişdi: “Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”.


 
Dövlət başçısının bu tapşırığı icra edilməyib. Çünki bu tapşırıqdan sonra Naxçıvan yerli gəlirlərini cəmi 19 milyon artıra bilib. Artıq heç mümkün də deyil. Yerli gəlirlərin artırılması üçün sahibkarlara şərait yaratmaq, yeni müəssisələr qurmaq lazımdır. Muxtar Respublikada isə son 20 ildə normal sahibkarlıq mühiti yaradılmayıb. Uğurlu fəaliyyət göstərən müəssisələr isə yuxarıda qeyd etdiyimiz kimi, hakim ailəyə məxsusdur, onlar da gəlir vergisini tam həcmdə ödəməkdən yayınırlar. Nəyə görə ödəməlidirlər ki? Dövlətin dotasiyası hesabına Naxçıvan yaşayır, onlar da sərvətlərini ilbəil artırırlar. Bu, Naxçıvanın gələcəyi baxımından çox ciddi problemdir. Problem həll edilməsə, Naxçıvanda normal sahibkarlıq mühiti formalaşdırılmasa, iş yerləri açılmasa muxtar Respublika tezliklə tam boşalacaq, əhali sayı daha da azalacaqdır. Üç ölkə ilə həmsərhəd olan Naxçıvanda bu vəziyyətin yaradılması Azərbaycan dövlətinə yaxın gələcəkdə daha ciddi problemlər yaradacaqdır.
 
Fikrimizcə, Naxçıvan məsələsi bütün ölkə ictimaiyyətinin, siyasətçilərin, partiya sədrlərinin, vicdanlı ziyalıların, politoloqların diqqət mərkəzində olmalı, bölgənin problemləri araşdırılmalı, gələcəyi təhlil edilməlidir. Azərbaycan rəhbərliyi nəhayət naxçıvanlıların səsini eşitməli, Muxtar Respublika barədə qəti qərarlar qəbul etməlidir.
 
İsmixan Məchulzadə,
Ovqat.com.


Ana səhifəyə qayıt        Baxış: 7 563          Tarix: 5-01-2022, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma