Xəbər lenti

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında millət vəkili Fazil Mustafa yaşadığı evin önündə silahlı hücuma məruz qalıb.

Bu barədə Musavat.com-a açıqlama verən deputat Elman Nəsirov həmkarı Fazil Mustafaya edilən terror hücumunu Azərbaycan cəmiyyətində xof, vahimə, hakimiyyətə və dövlətə qarşı inamsızlıq yaratmaq, eləcə də ölkəmizdəki vətəndaş həmrəyliyini, səfərbər olmuş cəmiyyəti parçalamaq cəhdi kimi qiymətləndirib.

"44 gün ərzində qazanılan zəfər bəzi xarici qüvvələri çox narahat edir. Bu məqsədləri həyata keçirmək üçün də sıravi adamları seçmirlər, elə adamları seçirlər ki, o hadisənin ictimai rezonansı olsun. Bu məntiqlə də deputat Fazil Mustafa seçilib, çünki, o, hər zaman fəal deputatlarımızdan biri olub. Tək təsəllimiz odur ki, mənfur düşmən öz hədəfinə nail ola bilməyib və Fazil bəy sağ-salamatdır, vəziyyəti qənaətbəxş hesab olunur. İstəyimiz odur ki, cinayətkar tez bir zamanda tapılsın. DTX, eləcə də DİN rəhbərliyi və heyəti bu istiqamətdə çox ciddi işlər görürlər. İnanırıq ki, bu cinayətin də üstü "isti izlər"lə açılacaq və təşkilatçılar üzə çıxarılacaq. Ən əsası, onlar ən ağır cəzaları alacaqlar".

Deputatların özlərini müdafiə etmək məqsədilə silahla təmin edilməsi məsələsinə gəlincə, Elman Nəsirov bildirib ki, bu, qanunda öz əksini tapıb:

"Bizim deputatın statusu haqqında qanunda göstərilir ki, hər bir millət vəkili silahla təmin edilməlidir. Ənənə formalaşıb, buna xüsusi lüzum olmayıb. Milləti təmsil edən millət vəkili kimdən özünü qoruyur ki? Etimad göstərilib və həmin millət vəkili seçilib. Amma belə hadisələr baş verdiyi zaman təbii ki, deputatların silahla təmin edilməsi məsələsi yenə də gündəmə gəlir. Mənim mövqeyim ondan ibarətdir ki, o cinayətkarlar tapılıb dindirilsin, görək bu kimi cinayətlərin miqyası nə qədər genişliyi əhatə edir. Əvvəlcə onlar dindirilsinlər, görək baş verən hadisələr bu böyük ssenarinin bir həlqəsidirmi, yoxsa bu ssenarinin digər həlqələri var? Digər dövlət xadimlərinin aradan götürülməsi kimi məsələlər gündəmdədirsə, belə olan vəziyyətdə deputatların silahla təmin edilməsi məsələsinə baxış yenidən gündəmə gəlir və bu barədə müvafiq qərarın qəbul edilməsi mümkündür. Ancaq qeyd edim ki, təcrübədə olmasa da, qanun buna icazə verir".




Ana səhifəyə qayıt        Baxış: 3 039          Tarix: 29-03-2023, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma