Xəbər lenti

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlıqla bağlı hesabatda Azərbaycan barədə bir sıra iddialar səslənir.

Bu hesabatların nəşr olunmasının məqsədi və hədəfi nədir?

Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, bu tip hesabatlar davamlı şəkildə nəşr olunur.

Millət vəkilinin fikrincə, ABŞ bu kimi məlumatları Azərbaycanın rəsmi mənbələrindən əldə edərək yaymalıdır:

“Əslində, əvvəlki dövrdə Azərbaycan dövlət qurumları bu məsələni ABŞ Dövlət Departamenti ilə müzakirə etmişdilər. Amma təəssüf ki, biz yenidən bir sıra məlumatların orada fərqli formada təqdim olunduğunu gördük.

Söhbət böyük ehtimalla son günlər Azərbaycan hüquq-mühafizə orqanlarının həbs etdiyi şəxslərdən gedir. Bu şəxslərin hansı səbəbdən həbs olunması ilə bağlı mediada kifayət qədər məlumat verilib. Bunu Azərbaycanda dindarlara, dinə bir təzyiq kimi təqdim etmək kökündən yanlışdır. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Bütün dünya dövlətləri, dünya liderləri Azərbaycandakı bu ənənələri yüksək səviyyədə qiymətləndirir. Belə olduğu halda cinayət törədən və ya cinayətdə şübhəli bilinən şəxslərin həbsini dinlə əlaqələndirmək tamamilə qərəzli və qəbuledilməzdir. Bunun üçün xüsusi araşdırmaya ehtiyac yoxdur.

Bildiyiniz kimi, dünən başqa bir şəbəkə də aşkarlandı. Dövlət qurumları bu məsələlərin səbəbləri barədə kifayət qədər məlumat verib. Hesab edirəm ki, bu hesabat obyektivlikdən uzaqdır. Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Yalnız o şəxslər həbs olunur, o şəxslərə qarşı dövlət tərəfindən müəyyən addımlar atılır ki, burada ya şübhə var, ya da onların bu istiqamətdə əməlləri aşkarlanıb. ABŞ bu cür bəyanatları yayarkən Azərbaycan-Amerika münasibətlərini nəzərə almalıdır və əlaqələrə xələl gətirməməlidir”.

Deputat Ceyhun Məmmədov vurğulayıb ki, bu gün ABŞ-ın daxilində bu sahədə kifayət qədər problemlər mövcuddur:

“Amerikada digər dinlərə, xalqlara, irqlərə diskriminasiya mövcuddur. Bu gün Amerika cəmiyyətində qaradərililərə münasibət heç də birmənalı deyil. Biz zaman-zaman bu istiqamətdə müəyyən problemləri görürük. Bu gün ABŞ-da müsəlmanlara tam sərbəstliyin verildiyini, hüquqlarının təmin olunduğunu söyləyə bilmirik. Ona görə də yaxşı olar ki, hər bir dövlət öz daxilindəki məsələlərə diqqət yetirsin. Başqa dövləti tənqid edərkən özündəki vəziyyətin necə olmasını nəzərdən keçirsin. Onda gərək biz də hər il bir hesabat hazırlayaq və ABŞ-dakı diskriminasiya ilə bağlı, islamofobiya ilə bağlı məsələləri ora daxil edək, müəyyən qərəzli məlumatları da orada təqdim edək ki, vəziyyət belədir. Hesab edirəm ki, bu, sağlam yanaşma deyil. Bu, Azərbaycana təzyiq cəhdidir, Azərbaycanın daxili işlərinə müdaxilədir.

Görünən odur ki, əksər hallarda bu hesabatların əsas hədəfi və məqsədi digər dövlətlərin daxili işlərinə qarışmaq, bu cür hesabatlardan həmin ölkələrə təzyiq vasitəsi kimi istifadə etməkdir. Burada başqa bir məsələni görmək mümkün deyil. Məndə olan məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti də ABŞ Dövlət Departamenti ilə görüşlər keçirib. Amma yenə də biz belə bir hesabatın hazırlandığının şahidi olduq”.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 335          Tarix: 17-05-2023, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma