Dünən mənə bir link göndəriblər. İnternet kanallarının birində müzakirə gedir. Təcrübəli aparıcı və təcrübəli siyasətçi qızğın müzakirə aparır. Mövzu da mənim ötən gün qaldırdığım “terrorçi erməni və sülhsevər erməni obrazları” ilə bağlı bir məsələdir. Baxıram ki, mövzu mahiyyət üzrə müzakirə olunmur. Aparıcı məsələni izləyici kütləsini cəlb etmək üçün basit şəkildə təqdim edir. "Biz sülhsevər erməninin adını Xankəndidə bir küçəyə verməliyikmi?" Halbuki tərəfimizdən verilən təklif geniş aspektdə terrorçu və sülhsevər erməni obrazlarının qarşılaşdırılması məqsədi güdür. Madam ki, bu ərazidə ermənilər az sayda da olsa milli azlıq kimi yaşayacaq, bizim təqdim etdiyimiz mətndə onları inteqrasiyaya təşviq etmək üçün bir və ya bir neçə sülhsevər erməni obrazını canlandırmaq və onları terrorçu, separatçı erməni obrazına qarşı qoymaqdan söhbət gedir.
Bununla diplomatlarımıza, siyasətçilərimizə ölkəmizə qarşı yönələn hücumlara qarşı material veririk ki, bizim hansısa erməni fobiyası daşımadığımızı hər dəfə bədxahlarımızın gözünə soxa bilsin. Hətta bilərəkdən yazmışıq ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yaşayacağı küçələrdən birinə sülh uğrunda çalışmış Vanyan kimi birisinin adını vermək də mümkündür. Bu, Xankəndidə yox ha, Şuşada yox ha, hansısa diqqətdən kənarda kiçik bir qəsəbədə də edilə bilər. Buraya sabah gələcək missiyaların gözünə soxmaq üçün Puşkini də, Taras Şevçenkonu da, Şekspiri, Hüqonu da hansısa yerdə xatırlatmamız bizim üçün hansısa itkiyə səbəb olmaz. Onsuz da böyük əksəriyyətini özümüzə aid adları verəcəyik. Tanınmış şəxslərimizin, şəhidlərimizin adlarını verəcəyik. Ancaq və hələ ki bu günün əsas tələbi diplomatiyamızın, xarici siyasətimizin əlini möhkəmlətməkdirsə, kömək üçün onu da hərə öz platformasında dəqiq icra etməlidir. Deyirik ki, erməninin terrorçulara qoyduğu abidələri dərhal uçurt, ancaq yalandan mədəni irs sayıla biləcək tikililərə toxunma. Ərazi səndədir, iki il sonra istədiyini edərsən, indi düşmənə əleyhimizə istifadə üçün material vermə. Budur, təcrübəli aparıcı və təcrübəli siyasətçinin publikaya işləmək, qaragüruhu razı salmaq üçün keçirdiyi yarış. Pafosla deyilir ki; "Biz niyə Rusiya sülhməramlılarına güzəştə getməliyik? Nəyimizə lazım Taras Şevçenko, Puşkin?" Və ardınca da xəbərlər dinləyirik ki, Avropa İttifaqı əleyhimizə qətnamə çıxardı, Rusiya isə açıq şəkildə bizim mövqeyimizi müdafiə etdi. Və üstəlik də "nəyimizə lazımdır Şevçenko?" deyən zehniyyət dönüb baxmır ki, bu gün Bakıda çıxış edəcək rus siyasətçisi başqa bir Şevçenko Qarabağ məsələsində Azərbaycanı ən cəsarətli formada Rusiya auditoriyasında əsl azərbaycanlı kimi necə müdafiə edir. Bir sürü rəy yazana baxıram, hamısı da təcrübəli jurnalist və təcrübəli siyasətçi ilə eyni ağılda. O ağıl ki, biz həqiqətən də məhz ötən əsrin 90-cı illərində qoyub gəlmişik, qurtulub gəlmişik. Bəs onda aradan keçən 30-35 ilin dərsləri hara yoxa çıxıb? Guya bu kütləbazlar, qaragüruhsevərlər antirusdular, qatı millətçidirlər, erməniyə hamıdan çox nifrət edənlərdir. Ancaq özləri də anlayırlar ki, Qarabağı məhz Rusiya ilə münasibətləri ağıllı balanslaşdıraraq işğaldan azad etmişik! 30 il öncəki eyni proseslərdir, jurnalisti və siyasətçisi eyni ağılda olan cəmiyyətin tamaşaçıları da doğru mühakimə sahibi ola bilməzlər. Reinteqrasiya yalnız erməninin Azərbaycana uyğunlaşması siyasəti deyil, həm də azərbaycanlıların qalib xalq kimi yeni reallıqlara uyğunlaşması siyasətidir. Erməninin törətdiyi vəhşiliyə qarşı ən çox nifrətini ortaya qoyan Azərbaycan Prezidenti əgər bu gün "biz heç vaxt erməni xalqını ittiham etmədik, biz ancaq erməni terrorçularını və separatçılarını həm öz xalqıının, həm də bizim xalqın düşmənləri olaraq görürük" deməsi, qalib ölkənin və onun vətəndaşının üslubunun dəyişməsi kimi anlaşılmırmı? Bütün terrorçular tutulur, indi onları nə edək, siz publikaya oynayan jurnalistə və siyasətçiyə verək ki, daşqalaq edəsiniz? Sivil ədalət mühakiməsi-zad heç lazım deyil? Onlara vəkil-zad da tutmayaq? Nə deyirsiniz, bəlkə Rusiya sülhməramlılarının çıxarılması əleyhinə sabah bir mitinq də təşkil edək? Bəlkə yenidən Rusiyanı Ermənistanı, Ukraynanı buraxıb bizimlə uğraşmağa sövq edək? Məgər görmürsünüz ki, özləri tədricən postlarını bağlayıb kənara çəkilirlər? Nə deyim, bundan 30-35 il öncə sağlam, ehtiyatlı yol təklif edənlərə qaragürühün xoşuna gəlmək üçün verdiyimiz cavabların haqsızlığını indi daha çox hiss edirsən. Sağlam, doğru mühakimənin yerini saxta vətənpərvərlik ritorikası alanda bunun əziyyətini dövlətimiz və cəmiyyətimiz irəlidəki prosesdə də çəkəcəkdir. Yaxşı ki, uzaqgörənliyinə görə cəmiyyətimizdən bir neçə addım irəlidə olan bir ölkə rəhbəri var, meydanbazlara, qaragüruhsevərlərə, erməni və irançı matəmsevərlərə əhəmiyyət vermədən, sağlam düşünən vətəndaşlara da əziyyət vermədən masa üzərində də, hərb meydanında da tarixi məsələləri həll edir, terrorçuları bir-bir yaxalatdırıb Bakıya gətirdir.
Fərq etməz, bundan sonra da cəmiyyəti aldatmadan, kiminsə könlü xoş olsun deyə, kiminsə qaragüruhçu duyğularını ovutmaq üçün siyasət izləməyəcəyik. Virtual dostluğumda da bunu gözləyən, uman insanlar var, ancaq mən dostluğumda olan insanların arzularına görə düşüncələrimi təqdim etmirəm. Düşündüklərimin, doğru bildiklərimin kimdənsə dəstək umacağı da yoxdur. Necə deyərlər, xalqın yanında şəkil çəkdirmək deyil, xalqın tərəqqisi üçün səmimi çalışmaq anlayışı ilə hərəkət edirik. Qoy dövlətimiz ermənilərin inteqrasiyasını gerçəkləşdirsin, Avropadan, Amerikadan gələn ittihamların qarşısında dirənişinə davam etsin, biz də öz cəmiyyətimizin yeni dövrə, sağlam mühakiməyə inteqrasiyası üçün çalışmalarımıza davam edəcəyik, doğru fikirlərimizi tirajlamaqdan da heç zaman çəkinməyəcəyik. Çünki illər öncənin səhvlərini dərindən öyrənmişik, bu milləti və dövləti indiki qalib durumundan yalançı millətçilik, saxta vətənpərvərlik imici qazanmaq üçün yenidən aşağı yuvarlatmağa haqqımız yoxdur.
Siyasətin sallaqxana keçilərinin dalınca gedib boynunuzu iti bıçağın altına verməzdən öncə vaxtında sağlam mühakiməni dinləyin, bu gün sizlərə gerçəkləri aydınladan fikirləri ağlınızın süzgəcindən keçirmədən top-tüfənglə qarşılamaqla yenidən bütün Azərbaycana sıxıntıları və fəlakətləri gətirəcək yalançı qəhrəmanların cücərməsinə yardım edəcəksiniz. Həmin “qəhrəmanların” bir neçə nüsxəsi hazırda Qarabağdan gətirilib DTX-nın tədricxanasında saxlanılır. Saxta, populist qəhrəmanın erməni və ya azərbaycanlı olmasının nə fərqi var ki? Hər ikisinin əsəri eynidir: Cəmiyyəti sallaqxanaya istiqamətləndirmək!
Aydınlığa doğru ağıl yolunu seçənlərə salam olsun!
Müsavat.com
Fazil Mustafa,
Milli Məclisin deputatı
Paylaş: