Ukrayna prezidenti Vladimir Zelenski cəbhədəki vəziyyəti “dalana dirənmiş” hesab etmədiyini bildirib. Zelenski bununla da bu yaxınlarda dərc olunmuş məqaləsində hazırkı vəziyyəti məhz belə dəyərləndirən Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnıya dolayısı ilə etiraz edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzetində xüsusi məqalə dərc olunub.
Kiyevə səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə şənbə günü keçirdiyi mətbuat konfransında Zelenski bu sözləri işlədib: “Hazırda vəziyyət durğun deyil”.
Prezidentin sözlərinə görə, Ukraynanın hücumu “Rusiyanın səmaya nəzarət etməsi” səbəbindən ləng gedir. Uğurlu hücum əməliyyatları üçün, Zelenskinin sözlərinə görə, əlavə hava hücumundan müdafiə sistemləri, həmçinin F-16 qırıcıları lazımdır. Ukrayna prezidenti xatırladıb ki, keçən il cəbhədə statik olub, lakin sonra ukraynalı hərbçilər Xarkov vilayətində sıçrayış ediblər.
Zalujnının məqaləsində isə deyilir ki, Ukrayna ordusu Rusiya ordusu üzərində texnoloji üstünlük əldə edərsə, hücuma keçid mümkündür. Lakin cəbhədəki mövcud vəziyyət mövqe müharibəsi kimi səciyyələndirilir. Bu, generalın fikrincə, Rusiya üçün sərfəlidir.
“The New York Times” qəzeti də bazar günü Vladimir Zelenski ilə Valeri Zalujnı arasında yaranan parçalanmadan bəhs edən məqalə dərc edib. Qəzet bu qənaətə Zelenski və onun çevrəsinin Zalujnının “The Economis”dəki son məqaləsinə reaksiyasını təhlil edərək gəlib. Doğrudur, Zelenski öz çıxışında birbaşa Zalujnı ilə polemikaya girişməyib. Lakin Ukrayna Prezidenti Aparatının rəis müavini İqor Jovkva həmin gün hərbçilərə “mətbuat və ictimaiyyət üçün, baş verənləri şərh etməməyi tövsiyə etməsi” diqqətləri çəkib.
Bu mübahisəni təhlil edən “The New York Times” Zelenski və administrasiyasının reaksiyasını Zalujnıya “əsl ictimai qınaq” adlandırıb. Qəzet Qərbdə Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı skeptisizmin artdığını, bunun da xüsusilə ABŞ Konqresi ilə prezident Co Bayden administrasiyası arasında son büdcə mübahisələri zamanı özünü büruzə verdiyini qeyd edib.
Paylaş: