Xəbər lenti

“ABŞ Rusiyanın Ukraynada qalib gəlməsinə imkan verməyəcək”

Ovqat.com-un məlumatına görə, ABŞ-nin müdafiə naziri Lloyd Ostin belə deyib.

Ostin bildirib ki, Pentaqon Fələstinin Həmas hərəkatının İsraillə münaqişədə qalib gəlməsinə də icazə vermək fikrində deyil. “Biz həmçinin düşmənlərimizin bizi parçalamasına və ya zəiflətməsinə imkan də verməyəcəyik”, - deyə Pentaqon rəhbəri əlavə edib.

O, ABŞ-ın bir neçə hərbi əməliyyat meydançasında “eyni vaxtda çoxsaylı vəzifəni yerinə yetirməyə” qadir olduğunu vurğulayıb. Ostinin fikrincə, “Birləşmiş Ştatlar Yer kürəsinin ən güclü ölkəsidir”.

ABŞ Ordusunu "bəşər tarixinin ən ölümcül döyüş qüvvəsi" adlandıran Ostin “və biz bunu belə saxlayacağıq", - deyərək ABŞ Silahlı Qüvvələrində hazırda təxminən 3,4 milyon insanın xidmət etdiyini xatırladıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı NATO üçün bir “çağırış” və “qaydalara əsaslanan beynəlxalq nizama birbaşa hücumdur”. Ostin hesab edir ki, “bu mübarizənin nəticəsi gələcək onilliklər üçün qlobal təhlükəsizliyi müəyyən edəcək” və Birləşmiş Ştatlar proseslərdən “kənarda qalmaqla kifayətlənməyəcək”.

 “Ukraynada artilleriya mərmilərinin yüksək istehlakı onların istehsalına daha çox sərmayə qoyulmasının zəruriliyini inandırıcı şəkildə nümayiş etdirir. Beləliklə, cəmi beş il əvvəlki müdafiə büdcəsi ilə müqayisədə biz sursat istehsalına demək olar ki, 50% daha çox sərmayə qoyuruq", - deyən Pentaqon rəhbəri ABŞ-ın hazırkı administrasiyası dövründə artilleriya sursatlarının istehsalının dörd dəfə artdığını qeyd edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar son onilliklər ərzində müdafiə sənayesi bazasının ən böyük modernləşdirilməsini həyata keçirir.

Qeyd edək ki, son vaxtlar Rusiya da hərbi ritorikasını gücləndirib. Ölkənin xarici işlər naziri Sergey Lavrov “qarşıdurmanın dərəcəsini azaltmaq üçün nə lazımdır” sualına cavab verərkən demişdi ki, indi prioritet “dincəlməmək, onların bizi məğlub etmələrinə imkan verməməkdir”. Lavrov daha əvvəl Qərbin Rusiyaya qarşı mübarizəsini “səlib yürüşü”nün bir hissəsi adlandırmış və ABŞ-ın Ukraynadakı fəaliyyətini “rusları” məhv etməyə çalışmaq kimi qiymətləndirmişdi.

Son zamanlar Ukrayna müharibəsinin beynəlxalq müzakirə mövzusunda çevrilməsi səbəbsiz deyil. Bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin silahlı qüvvələrinin əks-hücum əməliyyatında istədiyinə nail olmadığını açıq şəkildə bildirmiş, bunu beynəlxalq diqqətin Fələstin münaqişəsinə yönəlməsi və Ukrayna konfliktinin ikinci plana atılması ilə əlaqələndirmişdi. Ondan əvvəl Ukrayna Ordusunun baş komandanı Valeri Zalujnı da Qərb mediasına verdiyi açıqlamasında getdikcə tükəndiklərini və müharibənin taleyini dəyişdirəcək silahlarla təchiz olunmadan mübarizələrini davam etdirə bilməyəcəklərini vurğulamışdı. Kiyevin bu həyəcan təbilindən sonra Qərb ölkələri Ukrayna savaşının perspektivini müzakirə etməyə başlamışdı. 

Bu açıqlamalardan sonra Ukraynadakı vəziyyəti şərh edən NATO-nun baş katibi Yens Stoltenberq münaqişələrin mərhələli şəkildə inkişaf etdiyini bildirmiş və müttəfiqləri pis xəbərlərə hazırlaşmağa çağırmışdı. O, təsdiqləmışdı ki, NATO ölkələri sursata artan tələbatı ödəyə bilmir.


NATO-nun Baş katibinin sözlərinə görə, Ukrayna “kritik vəziyyətdə” qalıb. Ukrayna qoşunlarının indi necə hərəkət etməli olduğu sualına cavab verən Stoltenberq bildirmişdi ki, “bu mürəkkəb əməliyyat qərarları” Ukraynanın hərbi rəhbərliyi tərəfindən verilməlidir.

Stoltenberq həmçinin etiraf etmişdi ki, Ukrayna Silahlı Qüvvələrində “sursat çatışmazlığı” var və Qərb ölkələri silah istehsalını artırmalı, Kiyevə yardımları dayandırmamalıdır.




Ana səhifəyə qayıt        Baxış: 4 470          Tarix: 4-12-2023, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma