Xəbər lenti

 
 
 
Mayın 6-da İsrail polisinin Qüdsdə fələstinli ibadət əhlinə müdaxiləsi ilə qızışan və bir neçə günlük gərginlikdən sonra assimetrik savaşa çevrilən toqquşmalar mayın 21-də tərəflərin atəşkəs elanı ilə səngidi. Atəşkəsin əldə olunmasında Misir və Qətərin vasitəçiliyi önəmli rol oynadı.
 
Ovqat.com-un bildirdiyinə görə, hazırda bir çox dünya liderlərinin böyük coşquyla qarşıladığı atəşkəs elanı nazik teldən asılı vəziyyətdədir. 
 
Məsələ burasındadır ki, əvvəla, atəşkəs qərarı tərəflərin üz-üzə oturub müzakirələr nəticəsində əldə edilən yekdil fikrin məhsulu olmaqdan uzaqdır. Tel-əviv son savaşda qarşı-qarşıya gəldiyi HƏMAS-ı terror təşkilatı olaraq qəbul etdiyindən onunla bir masaya oturmadı. Misirin söz aparıb gətirən nümayəndələrinin vasitəçiliyi ilə hər hansı şərti qəbul etmədən qarşılıqlı atəşkəsə getdi. HƏMAS isə tələblərinin İsrail tərəfindən qəbul olunduğunu əsas gətirib silahlarının lüləsini aşağı saldı. İki ölkə arasındakı bu ziddiyyətli açıqlamalar tərəflər arasındakı qarşıdurmaların növbəti raundunun başlaya biləcəyi ehtimalını artırır.


 
Üstəlik, geridə qalan savaşda kimin qalib gəldiyi barədə də ziddiyyətli fikirlər dolaşır və daha çox İsrail ictimai rəyinin mövcud vəziyyətlə razılaşmadığı ortadadır. Bu isə istənilən sülh təşəbbüsünün qarşısını kəsə biləcək ciddi çatışmazlıqdır. Tarix sübut edir ki, daimi sülhün təmin olunması üçün hər iki tərəf əldə olunan razılaşmalarda özünü qazanclı görməlidir. Əks halda tərəflərin əsla qəbul etmədikləri mövcud vəziyyət yenidən böyük toqquşmalara gətirib çıxara bilər.
 
Hərbi qüdrət baxımından “12 günlük savaş”ın müqayisə edilməz dərəcədə güclü tərəfi İsraildə atəşkəslə son hədəfə çatıldığını düşənənlərin sayının azlığı xüsusilə narahatlıq doğurur. Nəzərə alsaq ki, Netanyahu hakimiyyəti üçün bu müharibədə əldə ediləcək qələbə təkrar seçki şansı kimi qiymətləndirilirdi, ictimai rəydəki mövcud vəziyyət hakim partiyanın istəklərinə uyğun deyil.
 


Tel-əviv üçün vəziyyəti qəlizləşdirən digər amil HƏMAS və hamilərinin bu atəşkəsi özlərinin qələbəsi kimi qiymətləndirmələri, bu ritorikanın isə İsraildəki müharibə tərəfdarlarını da qızışdırmasıdır. Məlum olduğu kimi, bir çox İslam ölkələri İsrail üzərində “əfsanəvi zəfər” münasibətilə HƏMAS və Fələstin xalqını təbrik edirlər. Onların fikrincə, qələbənin əsas göstəricisi HƏMAS döyüşçülərinin İsrail yetkililərinin böyük övgüylə bəhs etdikləri “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin əhatə dairəsini uğurla yarmalarıdır. HƏMAS liderləri də bu fikirlə razılaşırlar və tələbləri qəbul olunmasa, yenidən müharibəyə başlaya biləcəklərini gizlətmirlər. Təşkilatın  Siyasi Bürosu Üzvü İzzət ər-Rişk Qətərin paytaxtı Dohada Reuters xəbər agentliyinə verdiyi açıqlamada deyib: “Bu müharibənin bu gün dayandığı doğrudur. Ancaq Netanyahu və bütün dünya əllərimizin tətikdə olduğunu bilməlidir və biz müqavimət imkanlarını genişləndirməyə davam edəcəyik. Netanyahuya və ordusuna sözümüz budur: müharibəyə qayıtsanız, biz də qayıdacağıq”.
 
İzzət ər-Rişk onu da xatırladıb ki, HƏMAS-ın irəli sürdüyü atəşkəs şərtləri təkcə Qəzza ilə də məhdudlaşmır. “Məscidi - Əqsanın qorunması və fələstinlilərin Şərqi Qüdsdəki evlərindən çıxarılmasına son verilməsi” də bu tələblər arasındadır və təmsil etdiyi qurumun "qırmızı cizgi”ləridir:
 
““Qüds Qılıncı” əməliyyatından sonrakı vəziyyət müharibədən əvvəlki kimi olmayacaq. Çünki Fələstin xalqı müqavimət ideyası ətrafında toplandı və prinsipial mübarizə ilə torpaqlarını azad edəcəyini və müqəddəs yerlərini qoruya biləcəyini anladı”.
 


Həmas Siyasi Bürosunun rəhbəri İsmail Həniyyə isə “Əl-Əqsa” telekanalı tərəfindən yayımlanan çıxışında “12 günlük” müharibədə qazanılan uğurdan danışıb:

 
“Özümüzü “Qüds Qılıncı” əməliyyatından sonrakı dövrə hazırlayacağıq. Bu müharibəni İsrail ilə mübarizə tarixində ciddi sıçrayış və düşmən daxilindəki qərar qəbul edənlər tərəfindən də etiraf olunan böyük dönüş nöqtəsi kimi görürük".
 
Atəşkəs elanından sonra istər Qəzzada, istərsə də Qüdsdə müsəlmanların böyük sevinclə küçələrə axışıb qələbə bayramını qeyd etmələri də fələstinlilərin böyük əksəriyyətinin HƏMAS-ın mülahizələrinə inandıqlarını və özlərini qalib gördüklərini təsdiqləyir. Maraqlıdır ki, HƏMAS-ı özünə ən böyük rəqib kimi görən Fələstin Azaqlıq Təşkilatının (FAT) liderləri də ictimai rəylə hesablaşıb atəşkəsi məmnuniyyətlə qarşılayıblar. Fələstin prezidenti Mahmud Abbas və ölkənin Baş naziri Məhəmməd İştiyyə başda Misir olmaqla bütün vasitəçilərə atəşkəs qərarının qəbulunda göstərdikləri səylərə görə təşəkkürlərini çatdırıblar.
 
İsrail tərəfində isə əksinə, ictimai rəyin ciddi şəkildə haçalandığı müşahidə olunur. Yəhudi mediasının iddialarına inansaq, məğlubiyyət psixologiyası hətta hakimiyyət üzvlərinin də ruhuna hakim kəsilib. “Haaretz” qəzetinin veb saytında yer alan bir xəbərə görə, Nazirlər Kabinetinin bəzi üzvləri “12 günlük” savaşı "Qəzza zolağındakı mövcud gerçəkliyi dəyişdirəcək hədəflərə çatmaq baxımından əhəmiyyətsiz və faydasız" olaraq qiymətləndirirlər. Onların fikrincə, "İsrail Hərbi Hava Qüvvələri hərbi əməliyyatın əsas vəzifələrindən birini – HƏMAS-ın müdafiə tünellərinin çoxunu məhv etmək" planını reallaşdıra bilməyib. Bundan əlavə, nazirlər İsrailin hərbi və siyasi liderlərinin Qəzza zolağındakı quru əməliyyatlarından yayınaraq daha çox hava zərbələri ilə kifayətlənməsini də tənqid edirlər. Yəhya Sinvar və ya Məhəmməd ed-Dayf kimi HƏMAS-ın tanınmış liderlərinə hazırlanan sui-qəsdlərin uğursuzluğu da onları xeyli narahat edir.


 
Qəzza zolağı ətrafındakı cənub qəsəbələrində yaşayan yəhudi köçkünlər də atəşkəsdən məmnun deyillər. Onlar hələ də HƏMAS hücumlarından müdafiə olunmaq üçün sığınacaqlarda qalırlar. Bələdiyyə idarələrindəki yerli liderlər hökuməti atəşkəs qərarına görə tənqid edərək uçqarlara əhəmiyyət vermədiyini, yalnız Tel-əvivdə və ətrafındakılarda yaşayanlarla maraqlandığını, HƏMAS-ı diz çökdürmək fürsətini əldən qaçırdıqlarını düşünürlər. Atəşkəsdən sonra onlar sığınacaqlarda gecələdikləri halda Təl-Əvivdəki insanların restoran və gecə klublarını doldurması da Qəzza zolağına yaxın ərazilərdə yaşayan sadə yəhudi vətəndaşlarına ağır gəlir.
 
İsrail yetkililəri isə onlar barəsində irəli sürülən ittihamlarla razılaşmırlar. Məğlubiyyət dedi-qoduları yayılan kimi televiziya ekranları qarşısına çıxan İsrail Baş naziri Benjamin NetanyahuMüqəddəs Divarların Mühafizəsi” (12 günlük müharibədə Tel-əvivin əməliyyatlara verdiyi ad. HƏMAS isə öz əməliyyatlarını “Qüds Qılıncı” adlandırır)  əməliyyatını "ölkəyə fövqəladə qazanclar gətirən böyük plan" adlandırıb. Onun fikrincə, əməliyyatın əsas məqsədi “sabitliyi bərpa etmək, terror təşkilatlarına ağır zərbə vurmaq idi” ki, bu hədəfə də çatılıb.


 
Netanyahu çıxışında müharibənin başlanğıcından bəri barəsində irəli sürülən tənqidləri tamamilə rədd edib. Xüsusilə onun rəqiblərinə hökumət qurmaq imkanı verməmək, özünün baş nazir mövqeyini möhkəmləndirmək, korrupsiya ittihamı ilə mühakimə olunduğu məhkəmə prosesindən diqqəti yayındırmaq üçün bu müharibəni çıxarmaqda maraqlı olduğuna dair mülahizələrə cavab verərək deyib:
 
Bunların hamısı böhtandır. HƏMAS və digər terror təşkilatlarına böyük zərbələr vurduq və onları illərlə geri saldıq. Hal-hazırda çox şey hər kəsə məlum deyil. Bu, HƏMAS-a da aiddir. Bütün nailiyyətlərimiz zamanla ortaya çıxacaq. Bu məqamda deyə bilərəm ki, cəsarətli, yeni və misli görünməmiş işləri lazımsız məcralara çəkmədən həyata keçirdik. Qəzza zolağını məhv edib quru qoşunları ilə oraya girmək lazım olsaydı, bunu da edərdik. Lakin qarşımıza qoyduğumuz hədəfə daha etibarlı yollarla çata və daha yaxşı nəticələr əldə edə biləcəyimizi düşündük. İsrail ən az itki ilə HƏMAS-a ciddi ziyan vurdu. HƏMAS xəyallarında və kabuslarında xəyalına belə gətirə bilmədiyi zərbələri yedi ”.
 
Bəs, Netanyahunun fikrincə, hətta HƏMAS-ın belə gözündən yayınan İsrail uğurları nədən ibarətdir? 
 
Gəlin, bu suala onun öz iddialarında cavab axtaraq: 
 
100 kilometrlik hücum tuneli tamamilə yıxıldı. Bu, dünyada heç bir hərbi qüdrətin əldə etmədiyi böyük bir müvəffəqiyyətdir. Doqquz terror qalasını və liderlərə məxsus onlarla evi dağıtdıq. Bu hədəflər məsum deyildi. Bunlar HƏMAS-ın ofisləri, qərargahı və silah anbarları idi. Raket fabriklərini, laboratoriyaları və silah anbarlarını hədəf aldıq".
 
Netanyahunun fikrincə, İsrailin “12 günlük” savaşda əldə etdiyi uğurlar status-kvonu tamamilə Tel-əvivin lehinə dəyişdirdi:
 
Qüvvələr nisbətini yalnız hərbi əməliyyat günləri və bu gün üçün deyil, gələcək üçün də dəyişdirdik. HƏMAS raketlərin hücumlarına qarşı duruş gətirə bilmədiyimizi düşünürsə, yanılır. Qəzza sərhədindəki Sderot qəsəbəsinə və ya başqa bir yerə bir hücum əlaməti görsək, fərqli bir qüvvə ilə cavab verəcəyik. Öz əlləri ilə özlərini məhv edə bilərik. Onları illərlə geri saldığımızı özləri də başa düşürlər ".


 
İsrail Müdafiə naziri Benni Gantz da Fələstin üzərində qələbə çaldıqlarına əmindir: 
 
“Təhlükəsizlik qüvvələri və İsrail hərbçiləri bu yaxınlarda İsrail dövlətinin tarixindəki ən güclü kəşfiyyat qabiliyyətlərini və əməliyyatlarını nümayiş etdirdilər. Qarşımıza qoyduğumuz hərbi hədəflərə çatdıq. HƏMAS-ı çox yüksək bir bədəl ödəməyə məcbur etdik. Onların tunel sistemini məhv etdik və bir çoxu yüksək çinli lider daxil olmaqla 200-dən çox terrorçu fəalını öldürdük. Sızma əməliyyatları, pilotsuz hava vasitələri (PUA) göndərmə və buna bənzər üsullarla HƏMAS-ın planlarını alt-üst etməyi bacardıq. Bu nöqtədə, hərbi əməliyyat sona çatdıqdan sonra siyasi fəaliyyət başladı. Siyasi fəaliyyət, ani bir müqavilə bağlamaqdansa, ekstremistləri zəiflədəcək, mülayimləri gücləndirəcək və bir-biri ilə əlaqələndirəcək uzunmüddətli addımlar atmaq deməkdir. Bu gün mötədil ərəb ölkələrinin liderləri ilə görüşdüm. Açılan qapını bağlamaq olmaz”.
 
Maraqlıdır ki, İsrailin Baş Qərargah rəisi, general-leytenant Aviv Koçavi də eynilə Benjamin Netanyahu kimi düşünür. O da hesab edir ki, Tel-əvivin HƏMAS-a vurduğu zərbənin miqyasını hədəf örgütün özü də hələ ki dərk etmək qabiliyyətində deyil:
 
Həmas İsrail Dövlətinə raket ataraq böyük bir səhv etdi... Hücum gücü və müdafiə sistemləri ilə heç görmədiyi və ya gözləmədiyi vəziyyətlə qarşılaşdı. Düşmənimizin aldığı zərbənin dərəcəsini dərk etməsi çox vaxt aparacaq. Mənə və İsrail ordusuna görə, məsələ bitib, amma hələ tam deyil. Hər an geri qayıtmağa və güclü hərəkət etməyə hazırıq".


 
Göründüyü kimi, hər iki tərəf özünü “12 günlük” müharibənin qalibi kimi görür. Əslində haqsız da deyillər. İnsan itkisi və infrstruktur dağıntısı baxımından həqiqətən də İsrail daha qalib kimi görünür. Bu savaşda Fələstin tərəfi 244 dinc sakinini itirdi, 1314 qəzzalı yaralandı. İsrailin itkisi isə xeyli azdı: 14 əsgər, 20 mülki vətəndaş öldü, 30 əsgər, 55 polis, 100-dən çox mülki şəxs yaralandı.

Bununla belə, HƏMAS İsrailin “Dəmir künbəz” hava hücumundan müdafiə sistemini yararaq Tel-əvivin ən zəif nöqtəsindən vurdu. Bu isə hərbi-taktiki və strateji uğurdur. Çünki dünyanın ən müxtəlif yerlərindən bu ölkəyə gələrək məskunlaşan İsrail vətəndaşları müqəddəs torpaqlara səlib yürüşü üçün köçməyiblər. Onların İsraildə axtardıqları əsas dəyər rifah içərisində yaşamaq imkanıdır. Qəzzadan Tel-əvivə və digər şəhərlərə atılan raketlər isə insandan daha çox sözügedən rifahı hədəfə alır. Nəticədə həmin insanların və İsrailin inkişafı üçün yatırılan investisiyaların ölkədən qaçması qarşısıalınmaz zərurətə çevrilə bilər.
 
Bu baxımdan hər iki tərəfin “12 günlük savaş”da qazandığı uğuru yalnız Pirr qələbəsi ilə müqayisə etmək olar – real nəticəsi olmayan və ağır itkilərlə əldə olunan zəfər. Görünür, İsrail rəsmiləri də “çox az adamın fərqində olduğu uğur” deyəndə bunu nəzərdə tutur.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 273          Tarix: 23-05-2021, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma