İlyas Hüseynov: “Onların informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar bir qədər şişirdilir”
“Ermənistan qlobal oyunçuların iştirakı və dinamik startap ekosistemi ilə regionun texnoloji mərkəzinə çevrilib”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ-ın “Forbes” jurnalı yazıb. “Müxtəlif indekslər Ermənistanı Cənubi Qafqaz regionunda inkişaf etməkdə olan texnoloji mərkəz kimi göstərir. Bu da onun vaxtilə Sovet İttifaqında aparıcı texnologiya mərkəzlərindən biri kimi oynadığı rolun mirasından qaynaqlanır. SSRİ-də ilk ümumi təyinatlı kompüterlər məhz Ermənistanda, 1960-cı illərin əvvəllərində hazırlanıb”, - nəşr qeyd edib.
“Forbes”in qiymətləndirməsinə görə, Ermənistanda innovasiya sektoru getdikcə vençur fondları və erməni əsilli sahibkarların dəstəyi sayəsində daha müstəqil olmaqdadır.
“Forbes” haqlımı? O halda bunun Azərbaycana, milli təhlükəsizliyimizə hansı təhdidləri ola bilər? Önləyici tədbirlərimiz nə olmalıdır?
Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Ermənistanın informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar bir qədər şişirdilir: “Amma istənilən halda Ermənistan dövləti İT texnologiyalara böyük diqqət ayırır. Obyektivlik naminə qeyd etmək lazımdır ki, Ermənistanın dövlət büdcəsinə hər il 1 milyard dollar məhz müasir texnologiyaların və bu istiqamətdə fəaliyyət göstərən startapların sayəsində daxil olur. Bu birbaşa Ermənistan hökumətinin işi də deyil. Burada erməni lobbisi fəal iştirak edir. ABŞ-da, Fransada məskunlaşan erməni lobbiləri məhz Ermənistanın İT sahəsində inkişafına dəstək göstərirlər. Müxtəlif iş adamlarının burada sərmayələri ilə yanaşı, həm də Los Angelesdə məskunlaşan ermənilər daha çox İrəvan və Ermənistanın digər şəhərlərində olan innovativ texnologiyaları sərgilərdə nümayiş etdirir, onlar üçün investor tapmağa yardımçı olur. Beləliklə, Ermənistanda bu sahəni daha da dərinləşdirirlər. Bizim üçün bunun bir mənfi cəhəti varmı, deyə düşünsək, əlbəttə ki, var. Çünki biz Vətən müharibəsində də məhz haker hücumları, müxtəlif kritik infrastruktur sahələrinə müdaxilə, eyni zamanda ölkəmiz üçün təhdid formalaşdıracaq elementləri gördük. Bunları qardaş Türkiyənin, dost və tərəfdaş İsrail dövlətinin dəstəyi ilə aradan qaldırmağa nail olduq və Vətən müharibəsində qələbə qazandıq. Eyni zamanda burada xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan da İT sahəsinin inkişafına, gənclərin bu istiqamətdə həvəslənridilməsinə böyük diqqət ayırır. Azərbaycanda "Texnofest" festivalı keçiriləndə gördük ki, nə qədər gənc müasir robotexnika, müasir İT sahəsində nailiyyətlər əldə etməklə dünyanın nizamını dəyişməyə yönəlmiş addımlar ata bilərlər. Selcuk Bayraktarın Azərbaycana gəlişindən sonra uşaqlar, gənclər İT sahəsində məşğələlərə qatıldılar". Politoloq hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, onların İT sahəsində əldə etdiyi uğurlar ölkəmiz üçün bir təhdid formalaşdırmayacaq: “Hələ ki sülh müqaviləsi yoxdur, biz də müasir pilotsuz uçuş aparatlarının hazırlanmasına, gənclərin bu işə sövq edilməsinə, İT sahəsinə diqqətin dövlət səviyyəsində artırılmasına çalışmalıyıq. "Forbes"də dərc olunan məqalə onu deməyə əsas verir ki, Azərbaycan bu sahəyə böyük diqqət ayırmalıdır. Çünki Ermənistan məhz elə geostrateji mövqeyi, təbii resurslara çıxışının olmaması, dolayısı ilə İT sahəsində öz çıxış yolunu görür. Eyni zamanda gələcəyin peşələri, inkişafda olan sahələri İT texnologiyaları, süni intellekt istiqamətində daha da pik nöqtəyə çatacaq. Bu günün reallığı və sabahın qarşımıza qoyduğu hədəflərdir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
Paylaş: