Xəbər lenti
Dünən, 19:25

Hər bir azərbaycanlının Prezidenti - əslində, bu, hər hansı bir pafoslu ifadə və ya mübaliğə deyil, sadəcə, həqiqətdir. 62 yaşını qeyd edən Prezident İlham Əliyev adını qalib Prezident kimi dünya tarixinə yazan şəxsiyyətlər sırasındadır. Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanı­ram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bizə Qarabağı bəxş edən, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan hər bir vətəndaşın qəlbini tək Prezident kimi deyil, səmimiyyəti ilə fəth etməyə müvəffəq olan azsaylı dünya liderlərindən biridir. Ulu Öndərimizin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirib, Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirib, ölkəmizi qalib dövlətə çevirib.

20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi və ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident 20 ildə Azərbaycanın tək regionda deyil, postsovet məkanında, Avropada, Asiyada nüfuzunu yüksəltməyə nail olub. İqtisadi, siyasi və digər sahələrdə əldə edilən uğurlarla Azərbaycanı güc mərkəzinə çevirib. Ömrünün əhəmiyyətli hissəsi Azərbaycan dövlətinə, xalqına xidmətdə keçirən Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini saymaqla qurtarmaq mümkün deyil. Cildlərlə, qalaq-qalaq əsərlər də buna kifayət etməz. Ən əsası isə Prezidenti olduğu dövləti qüdrətli, qalib ölkəyə, Azərbaycan xalqının qalib xalq olması onun böyük əsəridir.

Qlobal tədbirlərə ev sahibliyi edən ölkə

Azərbaycan son 20 ildə dünyaya səs salan beynəlxalq tədbirlərə ev sahibliyi edib. Nüfuzlu beynəlxalq təşkilatların, dövlət başçılarının səfər etdiyi ölkə kimi tanınıb. Saysız-hesabsız forum, konfranslar həm də, ölkənin tanınmasında mühüm rol oynayıb. Elə bir tədbir olmayıb ki, orada Azərbaycan torpaqlarının işğal altında olduğu, qaçqınların olduğu səslənməsin. Prezident İlham Əliyevin ən böyük diplomatik uğuru Azərbaycanı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirməsidir. Bunu da İkinci Qarabağ Müharibəsində hiss etdik və gördük. Azərbaycanın haqq işini müdafiə edib, torpaqlarının azad olunması istiqamətində apardığı əməliyyatlara dəstək verdilər.

Eyni zamanda aparılan uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilib. Bakı dünyanı daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. Şübhəsiz ki, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, siyasi, iqtisadi əməkdaşlığa əsaslanan forumların keçirilməsi ölkəmizin xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir. Məhz belə beynəlxalq tədbirlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər. Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində dövlətimizin çox böyük uğurlara imza atması onun dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib, torpaqlarımız azad, ərazi bütövlüyümüz bərpa olunub.

Perspektivdə Azərbaycanın ən qüdrətli dövlətlər sırasında duracağı şəksizdir. Ölkəmiz Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Şübhəsiz ki, bunları təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Xarici siyasət sahəsində Azərbaycan regionda və dünyada güclü mövqeyə malikdir. Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadiqik. Yəni biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir”.

BMT TŞ-nin qeyri-daimi üzvlüyümüz ölkəmizin çəkisini artırıb

Sözsüz ki, Azərbaycan tarixində ən mühüm hadisə 2012-2013-cü illər dövrü üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyü beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə ölkəmizin çəkisini artırıb.

Sözsüz ki, Azərbaycan tarixində ən mühüm hadisə 2012-2013-cü illər dövrü üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyü beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə ölkəmizin çəkisini artırıb. Beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə məsul əsas qurum olan BMT TŞ üzvlüyü zamanı Azərbaycan tərəfi həmişə beynəlxalq hüquq və ədaləti müdafiə edibr. Şuraya üzvlük zamanı rotasiya qaydasına əsasən Azərbaycan TŞ-yə iki dəfə sədrlik edib. Birinci sədrliyimiz dövründə 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə TŞ-də Beynəlxalq sülh və təhlükəsizliyə terrorizmin açdığı hədələr mövzusu çərçivəsində “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli görüş keçirilib. İkinci sədrliyimiz dövründə Azərbaycan tərəfi ənənəvi olaraq sədr ölkə tərəfindən təşkil edilən yüksək səviyyəli iclası “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr etmişdir. 28 oktyabr 2013-cü il tarixində təşkil edilən bu iclas ilk dəfə belə bir mövzuya aid edilmişdi. Əlavə olaraq, Azərbaycanın təklifi əsasında 30 may 2012-ci il tarixində “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət” mövzusunda BMT TŞ-nin “Arria formulası” çərçivəsində qeyri-rəsmi müzakirələri təşkil olunub.

Ümumilikdə, Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini verib.

Beynəlxalq tədbirlərin məkanı

Beynəlxalq aləmdə, mediada ciddi rezonans doğuran tədbirlərdən biri 2023-cü il 2-6 oktyabr tarixlərində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi olub. Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı ölkənin xarici siyasətinə toxunaraq qeyd edib ki, “Avropa institutları ilə əməkdaşlığımız uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir. Azərbaycan dünyanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan əməkdaşlıq etdiyi ölkələr üçün etibarlı tərəfdaşa çevrilib”.

Digər bir beynəlxalq tədbir - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu isə ən böyük əhəmiyyət kəsb edən tədbir kimi qiymət alıb. Forumun paytaxtımızda keçirilməsi bir daha göstərdi ki, beynəlxalq aləm, dünya birliyi Azərbaycana, onun müasir dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir. Tədbirdə müzakirə olunan məsələlər dünya mediası tərəfindən də yaxından izlənilir. Çünki Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması buna zəmin yaradır.

Qoşulmama Hərəkatı Azərbaycanın sayəsində qlobal gücə çevrilib

Azərbaycanın xarici siyasətdə ən ciddi uğurlarından biri sözsüz ki, Qoşulmama Hərəkatına üzvlüyə nail olmasıdır. Məhz İlham Əliyev Qoşulmama Hərəkatının təşkilatlanmasına, struktur və institusional nöqteyi-nəzərdən inkişaf etməsinə mühüm töhfələr verib. Hərəkatın gənclər şəbəkəsi formalaşdırılıb, parlament məclisi təsis edilib. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın sədrliyi dönəminə təsadüf edir. Bu da onu deməyə əsas verir ki, Prezident qlobal siyasi gündəliyi düzgün müəyyənləşdirir və Hərəkata üzv olan dövlətlərin qarşılaşdığı problemləri cəsarətlə dilə gətirir. Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatı qlobal gücə çevrilərək, dünyada sülhə, insan hüquqlarının inkişafına, ədalətin bərqərar olunmasına böyük töhfələr verərək, təşkilatın gələcək inkişafının da təməlini qoymuş olur.

Sədrliyin ölkəmiz üçün müstəsna siyasi dividentləri var. Bu anlamda bir neçə məqamın üzərində dayanmaq mümkündür. Ən əsası, ölkəmiz Hərəkatın timsalında özünün haqq səsini dünyaya bəyan edən, kifayət qədər ciddi platforma qazandı və ondan yetərincə faydalanmağı bacardı.

Yeri gəlmişkən, Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək. Bu, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda ədaləti bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi və uzun illərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyması ilə izah olunmalıdır.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

Beləliklə, birmənalı şəkildə demək mümkündür ki, Prezident İlham Əliyevin yürütdüyü strateji diplomatiya və məntiqli xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzu və çəkisi, regional liderlik rolu daha da yüksəlməsinə və möhkəmlənməsinə gətirib çıxarıb. Son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırıb və bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Suverenliyin bərpası isə Azərbaycanı dünyada qalib dövlət kimi tanıtdı.




Ana səhifəyə qayıt        Baxış: 4 271          Tarix: 24-12-2023, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma