Xəbər lenti

Bugünkü yazımızda uzun illər Ulu Öndər Heydər Əliyevə sədaqətlə xidmət edən, 1990-cı illərin əvvəllərində Naxçıvanın, ümumiyyətlə, ölkəmizin ən çətin və mürəkkəb dövründə Ulu Öndərin yaxın silahdaşlarından olan, onun böyük idarəçilik qabiliyyətinin, zəngin həyat təcrübəsinin şahidi olan Azərbaycanın Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə Hüseynovanın Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrindən bəhs edəcəyik. Dahi şəxsiyyətlə bağlı bir çox ictimai-siyasi xadimlər, elm adamlarının dərin xatirələri var və həmin xatirələr hər bir azərbaycanlı üçün maraqla oxunur, dinlənilir. Amma bu müsahibə Heydər Əliyev sevgisi qəlbində əbədi yaşayan hər bir vətəndaş üçün maraqlı olmaqla yanaşı, həm də biz jurnalistlər üçün böyük bir məktəb rolunu oynayır. Çünki Azərbaycanın ən çətin dövründə Heydər Əliyevin məhz Naxçıvanda Ali Məclisin mətbuat xidmətinin yaradılmasını Qahirə Hüseynovaya tapşırması bir qadın üçün böyük məsuliyyət tələb edirdi və bu məsuliyyətin öhdəliyini daşımaq böyük bir cəsarət istəyirdi. Gəlin bu işin məsuliyyətini, çətinliyini, eyni zamanda fəxarətini Qahirə xanımın özündən dinləyək.

– Qahirə xanım, uzun illərdir ki, media sahəsində çalışırsınız. Eyni zamanda peşə fəaliyyətiniz dövründə Ümummilli Liderlə birlikdə çalışmaq kimi şərəfli bir yoldan keçmisiniz. Heydər Əliyevlə çalışmaq kimi qürurverici, eyni zamanda məsuliyyətli yolunuz necə başlamışdı?

     – Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələr mənim üçün çox əziz və dəyərlidir. Özümü xoşbəxt hesab edirəm ki, mənə belə bir dahi insanı şəxsən tanımaq, onun yaxın ətrafında olmaq və birgə çalışmaq şərəfi nəsib olub. Bu tanışlıq düz 33 il əvvəl başlayıb.

    Dahi şəxsiyyət Heydər Əliyev 1990-cı il 22 iyul tarixdə Bakıdan Naxçıvana gəldiyini və onunla görüşmək istəyənlərin şəhərin mərkəzi meydanında toplaşdığını eşitdim. Mən həmin vaxt “Şərq qapısı” qəzetində işləyirdim, xəbər hazırlamaq üçün həmin meydana getdim. Artıq axşam saatlarında BBC radiostansiyasının o zaman Moskvada yerləşən müxbir postuna SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun sabiq üzvü, SSRİ Nazirlər Soveti sədrinin sabiq birinci müavini Heydər Əliyevin həmyerliləri ilə izdihamlı görüşü, insanların onu böyük sevgi və sevinclə qarşıladıqları, naxçıvanlıların üzləşdiyi çətinliklərin yalnız bu dahi siyasətçinin rəhbərliyi ilə aradan qaldırılacağına inam ifadə etdikləri barədə telefonla canlı bağlantı ilə müsahibə verdim. Bir gün keçməmişdi ki, Ulu Öndərimizin mənimlə görüşmək istədiyini dedilər. İlk görüşümüzü heç vaxt unutmaram. Xoş təbəssümlə məni qarşıladı. Xalqımızın adını ucaldan bu böyük insana rəğbət, hörmət və sevgidən doğan isti hisslər qəlbimi bürüdü. Sanki qarşımda illərlə tanıdığım, mənə doğma olan insan dayanmışdı. Böyük səmimiyyətlə əlini mənə tərəf uzatdı, salamlaşdıq. İlk sözü isə “igidin adını eşit, üzünü görmə” oldu. Sən demə, BBC-nin müxbir postuna verdiyim müsahibədən xəbərdardı, elə o müsahibədən sonra ömrümə böyük düha Heydər Əliyevlə bağlı dəyərli səhifələr yazıldı. O vaxtdan Ulu Öndərin, necə deyərlər, qeyri-rəsmi mətbuat katibi oldum. Eyni zamanda “Şərq qapısı” qəzetində tərcüməçi-müxbir vəzifəsində çalışırdım. Yeri gəlmişkən qeyd edim ki, dahi rəhbərin Naxçıvandakı fəaliyyəti, həmin dövrdə baş verən mühüm hadisələrlə bağlı mövqeyini əks etdirən məlumatlar, qəbul etdiyi qərarlar və sənədlər, o cümlədən Sov.İKP sıralarını tərk etməsi haqqında Qərarı, Dövlət Fövqəladə Vəziyyət Komitəsinin dövlət çevrilişi cəhdinə münasibəti haqqında məlumat, SSRİ Xalq deputatları qurultayına göndərdiyi tarixi teleqram, xüsusilə Baltikyanı sovet respublikaları və digər xarici ölkə jurnalistlərinin böyük marağına səbəb olmuşdu. Ulu Öndər o zaman yerli və xarici jurnalistlərlə çox sayda görüşlər keçirdi. Naxçıvanın nəqliyyat-kommunikasiya xətlərinin Ermənistan tərəfindən kəsildiyi səbəbindən bu görüşlərin təşkili asan məsələ deyildi. 

    1991-ci il sentyabrın 3-də Ulu Öndər xalqın israrlı təkidi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra məni yanında işləməyə dəvət etdi. Heydər Əliyev məni Ali Məclisin yeni təsis olunan mətbuat xidmətinə rəhbər təyin edərək mətbuat xidmətinin fəaliyyətini təşkil etməyi tapşırdı. Naxçıvanın ağır blokada dövründə dahi şəxsiyyətin soyuq iş otağında, neft lampası işığında birgə çalışdığımız günlər ilə bağlı dəyərli və çox əziz xatirələrim var.

    – Ozamankı iqtisadi çətinliklər dövründə mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərməyin öhdəlikləri, çətinlikləri, məsuliyyəti haqqında danışmağınızı istərdik. 

    – Həmin dövrdə Azərbaycanın heç bir rəsmi dövlət orqanında mətbuat xidməti yox idi. İlk dəfə rəsmi dövlət qurumu olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində mətbuat xidməti yaradıldı. Respublika miqyasında bu sahədə təcrübə mövcud deyildi. Mətbuat xidmətinin fəaliyyətini, necə deyərlər, sıfırdan qurmaq, bu sahədə ilk nümunə yaratmaq lazım idi. İndiki dövrdə olduğu kimi mütərəqqi texnologiyalar, o cümlədən ofset çap üsulu, müasir rabitə vasitələri, internet resursları da yox idi. Hətta mövcud olan imkanlarımız da yuxarıda qeyd etdiyim kimi Ermənistan tərəfindən muxtar respublikanın nəqliyyat-kommunikasiya xətlərinin kəsilməsi nəticəsində məhdudlaşdırılmışdı. Naxçıvan iqtisadi və informasiya blokadasına salınmışdı. O zamanlar başqa şəhərlərlə rabitə yaratmaq, danışmaq üçün şəhərlərarası telefon stansiyasına sabit telefon xəttindən “07” nömrəsini yığaraq danışıq sifariş edirdik. Saatlarla gözləməli olurduq. Əksər hallarda dərin gecə saatlarında, yaxud sabaha yaxın lazım olan xətti qoşurdular. Çox sayda digər çətinliklər də vardı. Onları sadalayıb oxucuları yormaq istəmirəm. Həmin illərdə bütün muxtar respublika sakinləri məlum səbəblərdən qaynaqlanan ağır iqtisadi və sosial böhran şəraitində yaşayırdılar. Ulu Öndər muxtar respublikanın üzləşdiyi mürəkkəb problemlərin həlli üçün, millət, xalq yolunda fədakarlıqla çalışırdı, Ali Məclisin Sədri kimi Azərbaycan dövlətçiliyi istiqamətində mühüm işlər görürdü. Mətbuat xidməti görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında muxtar respublika parlamentinin fəaliyyəti, Naxçıvanda baş verən ictimai-siyasi proseslər və demokratik islahatlar haqqında məlumatları Azərbaycana, bütün dünyaya çatdırmalı idi. Belə bir şəraitdə bu çətin yolda Ulu Öndərin yanında olmağı, onunla birgə çalışmağı özümə şərəf hesab edirdim, bir gənc jurnalist kimi doğma diyarımızın ağır durumunda xalqımız qarşısında borcum kimi qəbul edirdim. Mənim uşaqlıqdan dahi şəxsiyyət Heydər Əliyevə qarşı böyük sevgim və pərəstişkarlığım olub. Düşünürəm ki, bu, ailəmin, xüsusilə atamın bizə, yəni övladlarına aşıladığı vətənpərvərlik hissindən qaynaqlanıb. Biz gənc yaşlarımızdan doğma torpağını, millətini böyük məhəbbətlə sevən atamın dahi insanla bağlı xəbərləri necə diqqətlə dinlədiyinin şahidi olmuşuq. Elə ailəmdə gördüklərim bizi vətənpərvər ruhda böyütmüşdü. Çünki Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşürdü. O dövrdə onun kimi Azərbaycan üçün özünü fəda edən, Vətənini canından artıq sevən ikinci bir rəhbər olmamışdı. Ulu Öndər mənə Ali Məclisin mətbuat xidmətində çalışmağı, həmçinin xatirələrini qələmə almağı təklif edəndə məmnuniyyətlə bu təklifi qəbul etdiyimi, lakin atamın da xeyir-duasını almaq istədiyimi dedikdə dahi rəhbərimiz atamla görüşmək istədiyini bildirdi. Ertəsi gün axşam atamla Ulu Öndərin yaşadığı evə getdik. Həyatımın unudulmaz və ən dəyərli xatirələrindən birini də mənim üçün əziz olan bu iki insanın, əslində, fərqli həyat yolları keçmiş – birinin SSRİ kimi nəhəng, qüdrətli bir dövlətin hakimiyyət olimpinə qədər ucalmış görkəmli dövlət xadimi və dahi siyasətçinin, digərinin isə baytar həkim kimi çalışan adi peşə sahibinin, lakin hər birinin Vətəninə, xalqına hədsiz sevgi ilə bağlı olan iki əziz böyüyümün şirin söhbətini izlədiyim anlarla bağlıdır. Məşhur şotland filosofu Tomas Karleyl deyirdi ki, dahi insanların böyüklüyü onların sadə insanlarla ünsiyyətində və rəftarında özünü büruzə verir. Həm həmin axşamı, həm də Ulu Öndərin başqa sadə insanlarla şahid olduğum görüşlərini və söhbətlərini xatırlayaraq bu fikrin nə qədər doğru olduğunu görürəm.

    O zaman mətbuat xidməti çox sayda həm yerli, həm də xarici mətbuat orqanları, informasiya agentlikləri, radio-televiziya kanalları ilə əməkdaşlıq edirdi. İşin həcmi böyük, xidmətin əməkdaşlarının sayı isə çox məhdud idi. İlk vaxtlarda xeyli müddət, ümumiyyətlə, tək işləyirdim. Digər tərəfdən, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin, dünya miqyaslı siyasətçinin rəhbərlik etdiyi parlamentin sözçüsü olmaq, təbii ki, böyük məsuliyyət tələb edirdi. Mən çox gənc idim, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin rus bölməsini yenicə bitirmişdim. İşimi asanlaşdıran cəhətlərdən təhsilimi yüksək nəticələrlə, fərqlənmə diplomu ilə başa vurmağım, bir neçə xarici dili öyrənməyə olan həvəsim, o cümlədən rus dilini yaxşı bilməyim, eləcə də xarici KİV-lərlə iş təcrübəm idi. Amma bunlar yetərsizdi. Fəaliyyətimdə ən böyük dəstəkçim və güc aldığım, məni dövlət işi sahəsində istiqamətləndirən, dünyagörüşümün və əqidəmin formalaşmasında, sonrakı həyat yolumun müəyyənləşməsində mühüm rol oynayan Ulu Öndər Heydər Əliyev oldu. Bütün bunlara görə mən Ulu Öndərimizin əziz xatirəsini həmişə dərin minnətdarlıq hissi ilə anıram.

    – Bildiyimiz kimi, ilk dəfə informasiya blokadasının yarılması prosesi Ümummilli Lider tərəfindən başladıb. Bu sahədə hansı işlər görülüb? 

    – Dahi şəxsiyyət Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövrdə, muxtar respublikanın Ali Məclisinə sədr seçiləndən sonra muxtar respublikanı ağır sosial-iqtisadi böhrandan çıxarmaq sahəsində gecəsini gündüzünə qataraq gərgin işləməklə yanaşı, həmçinin burada bütün sahələrdə demokratik islahatlar aparılır, mütərəqqi yeniliklər tətbiq olunur, ən başlıcası isə Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində mühüm addımlar atılırdı, tarixi qərarlar qəbul olunurdu. Lakin respublikanın ozamankı kommunist rəhbərliyi Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda gedən prosesləri gözdən salmaq üçün ən çirkin vasitələrə əl atır, Ali Məclisin işinə kölgə salmağa və müxtəlif üsullarla mane olmağa çalışırdı. Bu üsullardan biri kimi Naxçıvanda baş verənlər haqqında böhtan xarakterli məlumatlar tirajlanır, ölkə ictimaiyyətində yanlış təsəvvür yaratmağa cəhd edilirdi. Mətbuat xidməti olaraq muxtar respublikada baş verən ictimai-siyasi proseslər, Ali Məclisin fəaliyyəti və qəbul etdiyi mühüm qərarla bağlı məlumatları paytaxt Bakıdakı bütün mətbuat orqanları, informasiya kanallarına göndərirdik. Lakin onlar dərc edilmir, yayımlanmırdı. Heydər Əliyev Ali Məclisin Sədri kimi bu istiqamətdə mətbuat xidməti ilə yanaşı, çox böyük iş görürdü, yerli və xarici jurnalistlərlə görüşlər keçirir, çox zaman onlara telefonla müsahibə verirdi və Naxçıvan həqiqətlərinin, o cümlədən Ermənistan tərəfindən muxtar respublikanın ərazisinə olan silahlı hücumlar haqqında məlumatların cəmiyyətimizə və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına nail olurdu. Ulu Öndərin media orqanları üçün bu cür açıq, əlçatan olduğunu, onlarla səmimi əməkdaşlığı, xüsusilə xarici KİV-lər yüksək dəyərləndirirdi. Xatirimdədir, sonrakı dövrlərdə, hətta Rusiyanın o zamanlar yeni yaranan və qısa müddətdə geniş nüfuz qazanan müstəqil “İnterfaks” informasiya agentliyi dahi şəxsiyyət Heydər Əliyevin bu cür fədakarlığından, jurnalistlərə dost münasibətindən bəhs edən “Prezident-müxbir” başlıqlı bir məqalə də yayımlamışdı.

    Qeyd edim ki, informasiya blokadası dedikdə, həmçinin muxtar respublika əhalisinin də ölkədə baş verənlərdən xəbərsiz duruma salınmasını nəzərə almaq lazımdır. Çünki erməni quldurları Bakıdan Naxçıvana teleradio verilişlərinin yayımını təmin edən sərhəddəki teleradioötürücü stansiyanı sıradan çıxarmışdılar, ölkə rəhbərliyi isə stansiyanın fəaliyyətinin bərpa olunmasında, hətta muxtar respublikaya paytaxtda çıxan qəzet və jurnalların çatdırılmasında maraqlı deyildi. Belə bir vəziyyətdə Ulu Öndər Naxçıvanın taleyinə biganə olmayan insanlar vasitəsilə Azərbaycan televiziyasının əsas xəbər buraxılışının lent yazısını çatdıraraq Naxçıvan televiziyası vasitəsilə yayımlamaqda görmüşdü. Təbii ki, bu halda xəbərlər operativliyini itirmiş olurdu. Amma başqa çıxış yolu yox idi.

    – İqtisadiyyatımızın ən çətin, ən ağır məqamlarda “Şərq qapısı” qəzetinin fasiləsiz nəşr olunması üçün vəsait ayıran Ümummilli Lider üçün “Şərq qapısı” qəzetinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

    – Ulu Öndərin “Şərq qapısı” qəzetinə xüsusi diqqəti və sevgisi vardı. Ən çətin zamanlarda, xalqın çörəklə sınağa çəkildiyi günlərdə belə “Şərq qapısı” qəzetinin nəşrinin dayandırılmasına razı olmadı. Ümummilli Liderin “Şərq Qapısı”na verdiyi dəyər, önəm onun bu qəzetin  cəmiyyətdəki nüfuzu, ictimai rəyin formalaşmasındakı rolu ilə bağlı idi. Həmin dövrdə qəzet maliyyə resuslarından məhrum olmuşdu, əməkdaşların çox hissəsi məvacib ala bilmədikləri üçün  redaksiyadan ayrılmışdılar. Gündəlik “Şərq qapısı” həftədə bir dəfə çıxa bilirdi. O zaman Heydər Əliyev məndən qəzetin vəziyyətini soruşmuşdu, iqtisadi çətinliyi olduğunu bildirmişdim. Bir müddətdən sonra isə blokada şəraitində Bakı ilə nəqliyyat əlaqələrinin kəsilməsi səbəbindən qəzetin çap olunması üçün kağız və mətbəədə işlənən digər ləvazimatlar da tükənmək üzrə idi. Ulu Öndərə vəziyyəti məruzə edəndə dərhal müvafiq qurumların rəhbərləri və qəzetin baş redaktorunun iştırakı ilə toplantı çağırdı. Əslində, Ulu Öndər hər bir çətin situasiyada çıxış yolunu bilirdi. Lakin onu o vaxta qədər gördüyüm bütün rəhbərlərdən fərqləndirən keyfiyyətlərdən biri məsələ ilə bağlı toplantıda iştirak edən hər kəsin fikrini soruşmaq və diqqətlə qulaq asmaq idi.  Toxunduğumuz problemə gəldikdə isə deyə bilərəm ki, Ulu Öndərin diqqəti və qayğısı sayəsində muxtar respublikanın maddi vəziyyətinin ağır olmasına baxmayaraq, “Şərq qapısı”nın nəşrinin davam etdirilməsi üçün maddi köməklik göstərildi, redaksiya heyəti yenidən formalaşdırıldı. Ulu Öndər qəzetin fəaliyyəti ilə daim maraqlanırdı, “Şərq qapısı”nın hər yeni nömrəsini izləyirdi. Heydər Əliyev sanki bir peşəkar jurnalist kimi jurnalistikanın dərinliklərinə bələd idi,  materialların maraqlı və oxunaqlı olması, cəmiyyəti narahat edən problemlərə vaxtında qəzet səhifələrində işıq salmaq, gənclərə milli dəyərlər əsasında sağlam düşüncə tərzinin  aşılanması ilə bağlı dəyərli tövsiyələr verirdi. Hesab edirəm ki, Heydər Əliyevin həmin vaxt qəzetin işini bərpa etməsi istiqamətində  dəstəyi olmasaydı, kim bilir “Şərq qapısı”  bir də nə zaman işıq üzü görəcəkdi,  qəzet nəşri bərpa olunsa da, bəlkə də, başqa adla, başqa formatlı, başqa tipdə bir qəzet  çıxacaqdı, amma o, yüz­illik ənənələrini davam etdirən həmin “Şərq qapısı” olmayacaqdı. Beləliklə, “Şərq qapısı”nın bu günədək fasiləsiz nəşr olunmasında Ulu Öndərin əvəzsiz xidməti var. 

    – Dahi şəxsiyyətin həmin dövr üçün mətbuatdan tələb və tövsiyələri nə idi?

    – O dövrün həqiqətləri ağrı-acılı idi. Ulu Öndərin tələbi ondan ibarət idi ki, “nə qədər acınacaqlı vəziyyət yaransa da, nə qədər xoşagəlməz, qulağa xoş səslənməyən həqiqətlər olsa da, doğru, dürüst olmaq lazımdır”. Deyirdi ki, dürüst olmayan adam, xüsusilə jurnalist heç zaman insanların inamını qazana bilməz. İnformasiya məsələlərində operativliyə mühüm əhəmiyyət verirdi. Bu məsələyə o qədər həssas yanaşırdı ki, mətbuat xidmətinin rəhbəri kimi mənə Onun iş otağına köməkçisinə müraciət etmədən daxil olmaq göstərişini vermişdi. 

    Ulu Öndər işdə çox tələbkar idi. Özü hər işə o qədər ürəkyanğısı ilə yanaşırdı ki, Onun məsuliyyəti ətrafındakı insanları da işinə ciddi yanaşmağa sövq edirdi. İşinə məsuliyyətlə yanaşanları, tapşırılan vəzifənin öhdəsindən layiqincə gələni dəyərləndirirdi. Tələbkar olduğu qədər də qayğıkeş idi. Xoşbəxtəm ki, Naxçıvanın o çətin, mürəkkəb dövründə Ümummilli Liderimiz Heydər Əliyevdən bircə dəfə də olsun, irad eşitmədim. Hətta artıq Azərbaycanın Prezidenti olduğu dövrdə televiziya ilə canlı yayımlanan müşavirələrin birində işimlə bağlı xoş sözlər səsləndirdi. Ulu Öndərin işimə verdiyi bu yükcək qiyməti eşitmək mənim üçün çox qürurverici idi. Dahi şəxsiyyət Heydər Əliyevlə çalışdığım dövr peşə həyatımın ən dəyərli mərhələsidir.

    – Qahirə xanım, hər birimiz üçün maraqlı olan səmimi müsahibə üçün təşəkkür edirik.

Gülcamal TAHİROVA




Ana səhifəyə qayıt        Baxış: 3 477          Tarix: 24-07-2023, 21:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma