Son aylar Ermənistanın siyasi və ictimai mühitində baş verən prosesləri izləyəndə aydın olur ki, baş nazir Nikol Paşinyan qarşısına ölkəyə əməlli-başlı “əl gəzdirmək” məqsədini qoyub. Çıxışlarında gah gerbi tənqid edən, gah yeni konstitusiyaya ehtiyac duyulduğunu açıqlayan hökumət başçısının əslində əsas məqsədlərindən biri kilsəyə qarşı açılmış gizli savaşı qazanmaq həvəsi dayanır. Təsadüfi deyil ki, son aylar erməni dövlətinin ictimai həyatı məktəblərdə tədris edilən tarix dərsliyi qalmaqalı ilə çalxalanır. Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir.
Hakimiyyətə gəldiyi ilk gündən erməni kilsəsi ilə gərginlik yaşayan N.Paşinyan hər fürsətdə Üçkilsəni (Eçmiədzini) “sındırmağa”, səlahiyyətlərini məhdudlaşdırmağa, nüfuzunu azaltmağa çalışır. Elə yeni konstitusiyaya kilsə barədə maddənin salınmamasını arzulayan baş nazir tərəfdarları vasitəsilə fevralın 24-də katalikos II Qareginin istefası tələbi ilə mitinq təşkil etməyi planlaşdırır.
Digər tərəfdən isə baş nazir Ermənistan məktəblərində tədris edilən tarix kitablarından “Erməni kilsəsinin tarixi” mövzusunun çıxarılmasına nail olub. Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir. Hadisələrin fonunda hakimiyyətin diktəsi ilə tarix kitabların bəzilərinin adı “Vətənim” olaraq dəyişdirilib. Maraqlıdır ki, 7-ci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib. Bununla yanaşı, dərsliklərə “məxməri inqilab” mövzusu əlavə olunub, inqilabın simalarına xüsusi bölmələr ayrılıb.
Kilsə ilə münasibətləri kəskin olan N.Paşinyanın göstərişi ilə artıq bir sıra siniflər üçün nəzərdə tutulan “Erməni tarixi” kitabının adı dəyişdirilərək “Ermənistan tarixi” adlandırılıb. Həmin qərar isə cəmiyyətdə, xüsusən də Eçmiədzində ciddi rezonans doğurub. Dərslik üzərində işləyən ekspertlərin etirafına görə, “Erməni tarixi” siyasi tarix deyil, əfsanələr toplusu olduğu üçün ondan imtina etməyin vaxtı çatıb. Bu kitabda çoxlu səhvlər var və məktəblilərə aşılanan bilgilərə əsasən, qədim və orta əsrlərdə ermənilər çox güclü və yaxşı olub, digər bütün millətlər isə pis və zəif.
Belə bir absurdun 30 il ardıcıl olaraq tədris edildiyini nəzərə alsaq, erməni cəmiyyətinin hansı xəstəlikdən və niyə əziyyət çəkdiyi anlaşılar.
Erməni kilsəsi əslində hücumların ona qarşı yönəldiyini anladığı üçün hərəkətə keçib. İlk olaraq Eçmiədzinin Tədris Komitəsi təhsil naziri Janna Andreasyana məktub göndərərək, “Erməni tarixi” fənninin 7-ci sinif dərsliyinin hazırlanması prosesində və məzmununda bir sıra nöqsan və səhvlərin olması barədə xəbərdarlıq edib. Bundan əlavə, kilsə öz rıçaqlarını işə salaraq, müxtəlif şəxslər vasitəsilə hökumətin bu qərarını tənqid edərək ictimaiyyəti “aydınlatmaq” qərarına gəlib. Məsələn, tarix elmləri doktoru Hayk Demoyan da nazirə məktub yazıb, etirazını bildirib. Bundan əlavə, “Trésors d'Arménie” Erməni Assosiasiyasının təhsil departamentinin direktoru Anqela Arutyunyan da məsələ ilə bağlı danışıb. O, dərsliyin müəllifi Smbat Hovhannisyanı tənqid edib və səhvlərə yol verdiyini vurğulayıb. Tarix elmləri doktoru, qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru Hayk Demoyan isə bildirib ki, dərslik vəsaitinin hazırlanması üçün redaksiya heyəti yaradılmayıb, müxtəlif tarixi dövrlərlə bağlı mütəxəssislər cəlb olunmayıb. Tarixçi üçün bu fakt təkcə təəccüb deyil, həm də qorxu yaradır.
“Erebuni” Tarix-Arxeoloji Muzey-Qoruğunun direktoru, urartoloq Mikael Badalyan bildirib ki, kitabda fərziyyələrə çox yer ayrılıb və çox vaxt mütləq həqiqətlər kimi təqdim olunub. O, problemi həm də onda görür ki, dərsliyi bir nəfər yazıb və müəllif Ermənistan tarixinin deyil, dünya tarixinin mütəxəssisidir.
Tənqidçilər sırasına kilsənin sifarişi ilə son olaraq keçmiş ədliyyə naziri Qevorq Danielyan da qoşulub. O, daha da irəli gedərək baş verən hadisəni erməni dövlətçiliyindən imtina kimi dəyərləndirib.
Bundan əlavə, müxalifətin də müxtəlif simaları, müəyyən şərqşünas və politoloqlar, alimlər də kilsənin səsinə səs verərək tənqid axımına qoşulublar. Məsələ burasındadır ki, işin mahiyyətini bilmədən, ağına-bozuna səsləndirilən bəyanatlar erməni cəmiyyətində ciddi çaşqınlığa səbəb olub. Məsələnin kökü isə “Erməni tarixi” sözünün “Ermənistan tarixi” termini ilə əvəz olunmasıdır. Məsələ burasındadır ki, bu addımı ilə Paşinyan dövlətin kilsədən üstün olduğunu bir daha Eçmiədzin rahiblərinin diqqətinə çatdırır. Həm də erməni kimliyinin kilsə tərəfindən qorunduğunu və vahid tandem təşkil etdiyini nəzərə alsaq, sırf “erməni” sözünün kitabların üzündən yığışdırma səbəbi aydın olar.
Amma baş verən qalmaqal səngimək bilmir və kilsə yenidən hərəkətə keçərək, tarix dərsliyi ilə bağlı müzakirələrə də start verib. Müzakirələrdə müxtəlif mütəxəssislər, alimlər, təhsil strukturlarının nümayəndələri iştirak ediblər. Bildirilib ki, sözügedən məktəb dərsliyində kobud konseptual, metodik, elmi, o cümlədən kilsə-elmi və digər əsas səhv və çatışmazlıqlar var. Dərslikdə milli, dövlət və mənəvi həyatın ən mühüm tarixi hadisələri, obraz və rəmzləri obyektiv və adekvat şəkildə təqdim olunmaması dərin narahatlıqla qeyd olunub. Müzakirə iştirakçıları səslənən iradlara əsaslanaraq vurğulayıblar ki, bu dərslik təhrif olunmuş və yanlış şəkildə tədris olunarsa, nəsillərin milli tərbiyəsi və təhsili kimi ən mühüm missiya pozulacaq. Tədbirin iştirakçıları təhsil nazirliyindən yeni vəsaitin hazırlanması üçün tarixçiləri, kilsə xadimlərini və digər elm adamlarını dəvət etməyi tələb ediblər.
Səslənən tənqidlər də təbii ki, hakim partiya tərəfindən diqqətlə izlənib. Təsadüfi deyil ki, tənqidlərin ardı-arası kəsilmədiyi və hər gün sıraya yenilərinin əlavə edildiyi bir dövrdə N.Paşinyanın cəza maşını işə düşüb. Məlum olub ki, martın 27-də Milli Təhsil və İnnovasiyanın İnkişafı Mərkəzinin şöbələrindən biri bağlanacaq. Şöbə müdiri vəzifəsini icra edən tarix elmləri üzrə fəlsəfə doktoru Arman Maloyan və 9 əməkdaşı işsiz qalacaq. Məsələ burasındadır ki, dərsliklə bağlı kəskin tənqid səsləndirənlərdən biri də məhz Arman Maloyan olub. Bir faktı da nəzərə almaq lazımdır ki, şöbə əməkdaşlarından biri daha əvvəllər qeyri-adekvat elmi səviyyədə yazıldığı üçün zəmanətli dərsliklər siyahısından çıxarılan 7-ci sinif üçün “Ermənistan tarixi” adlı digər dərsliyin həmmüəllifidir.
Bununla belə, etirazlar səngimir və “Təhrif olunmuş dərsliyi alaq otlarından təmizləyin” adlı Təşəbbüs Qrupu Təhsil Nazirliyinin qarşısında Janna Andreasyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. Bu təşəbbüsə Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan, deputat Larisa Alaverdyan, “Zartnok” qəzetinin redaktoru Sevak Akopyan kimi simalar da qoşulub. Məlumata görə, təhsil naziri istefa verənə qədər davamlı etiraz aksiyaları keçiriləcək.
Artıq İrəvan Dövlət Universitetinin Tarix fakültəsi də kilsənin başlatdığı kampaniyaya rəsmən qoşulub. Müəllim heyəti dərsliyin adının dəyişdirilməsindən narahat olduğunu bildirib və məsələdə siyasi motivlər olduğunu xatırladıb.
Görünən odur ki, Ermənistanda “Mülki müqavilə” və kilsə arasında qarşıdurma yeni mərhələyə qədəm qoyub. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham etməklə yanaşı, əllərində olan rıçaqlardan tam istifadə etməkdən çəkinmirlər. N.Paşinyan cəza maşınını işə salır, kilsə isə nüfuzundan istifadə edərək, müxtəlif şəxsləri, qurumları dövlətə qarşı qaldırır. Hazırda erməni dövlətində din-dövlət qarşıdurması kifayət qədər dərinləşib. Hadisələrin gedişatı hansı tərəfin qalib gələcəyini göstərəcək.
Report.az
Kamil Məmmədov
Paylaş: