Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
Birinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də erməni kilsəsi təcavüzkar rolunda çıxış etdi. Baxmayaraq ki, bütün dinlərin, o cümlədən səmavi dinlərin əsas çağırışı sülhdür. Sonuncu müharibədə biz əlində avtomat müharibə çağırışı edən keşiş, yaxud da vuruşub ölən və əsir düşən erməni din xadimlərini gördük.
Halbuki din xadimlərinin əsas vəzifəsi doğrunu söyləmək və sülhə çağırış olmalı idi. Bunun əvəzində biz oktyabrın sonlarında bütün ermənilərin katolikosu II Qaregin erməniləri Qarabağda müharibəyə çağırışına şahid olduq.
Ancaq erməni kilsə tarixi ilə az-çox tanışlığı olanlara məlumdur ki, erməni kilsəsi hər zaman aqressiv, müharibəyə səsləyən bir dini mərkəz olub. Bunun isə bir sıra səbəbləri var. Uzun illər dövləti olmayan erməniləri birləşdirən, bir arada tutan erməni kilsəsi olub. Kilsə uzun bir tarix boyu ermənilərin təkcə dini deyil, eyni zamanda elmi, ictimai-siyasi mərkəzi olub. Doğrudur, 19-cu əsrdə meydana çıxan millətçi siyasi təşkilatlar müəyyən mənada erməni kilsəsini sıxışdırsa da, bütün bu dövrdə erməni kilsəsi öz mövqeyini və təsirini qoruyub saxlayıb. Çünki erməni kilsəsi həm də “milli kilsə” hesab olunur, yəni yalnız erməniləri birləşdirir və bir mənada din və millət anlayışını birləşdirir.
Hazırda Eçmiədzinlə (Üç kilsə) ilə yanaşı Kilikiya (Beyrut) katolikosluğu, İstanbul və Qüds Patriarxlığı fəaliyyət göstərir. Yayıldığı ərazilərin genişliyinə görə ən böyük kilsə Eçmiədzindir. Bura Ermənistan, Rusiya, Ukrayna və bəzi Avropa ölkələrindəki erməni kilsələri tabedir. Kilikiya katolikosluğu isə Suriya və Livan erməni kilsələrinə nəzarət edir. Erməni icması üzərində əsas təsir vasitəsi olan kilsə “ondabir” vergisini topladığı üçün böyük maliyyə imkanlarına malik olub, məktəblər açıb, ictimai-siyasi məsələlərlə bağlı qərarlar verib və dünyaya səpələnmiş ermənilər üçün əsas ictimai-siyasi mərkəz rolunu oynayıb.
19-cu əsrdə ortaya çıxan millətçi erməni siyasi təşkilatları müəyyən mənada kilsə ilə rəqib olsalar da, milli məsələlərdə yola gediblər. Amerikalı tarixçilər Castin və Karolin Makkartilərin fikrincə, erməni kilsəsi erməni ənənələrinin qoruyucusu kimi çıxış edib və bu səbəbdən də erməni millətçiliyinin inkişafında ilk addımlar kilsə ilə bağlı olub. Erməni qriqorian kilsəsi və Qərb missionerləri 19-cu əsrdə erməni millətçiliyinin inkişafına böyük xidmət göstərir.
Azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin “Erməni keşişi və azərbaycanli axundun fərqi haqda” adlı hekayəsində erməni keşişinin bu fəaliyyəti açıq görünür. Hər nə qədər əsərin süjet xəttində gerilikçi azərbaycanlı mollanın fonunda erməni keşişi mütərəqqi obrazda görünsə də əslində bu hekayədən də görünür ki, erməni keşişi din xadimindən daha çox siyasi təbliğatçı, millətçi obrazındadır.
“Keşişin belə səsi gəlirdi: “Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub.
Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bununla belə erməni ölüm halında can verə-verə yenə deyib: “vətən, vətən, millət, hayreniq!”
Təbii ki, məhz bu cür siyasi, ideoloji təbliğatın nəticəsində erməni millətçiliyi qonşu xalqlara nifrət üzərində köklənərək ilk fürsətdə onlara qarşı amansız terrora əl atdı. Başqa sözlə, 19-cu əsrin sonlarından başlayan erməni terrorizminin formalaşmasında erməni qriqorian kilsəsinin böyük xidmətləri olub. Təbii ki, bu işdə əsas mərkəz rolunu “erməni kilsələrinin anası” hesab olunan Eçmiədzin - Üçkilsə böyük rol oynayıb.
Daha əvvəl Divin, Ani, Rumkale və Sis regionlarında fəaliyyət göstərən Eçmiədzin sonradan hazırkı yerinə, yəni İrəvan yaxınlığındakı eyni adlı yerə köçüb. Erməni mifinə görə bu yeri Həzrət İsa (ə) təyin edib. Erməni kilsəsi Roma kilsəsinin hakimiyyətini və Xalkedon məclisinin qərarlarını qəbul etmir. Monofizit, yəni Həzrət İsanı (ə) ilahiləşdirirlər.
Erməni kilsəsi uzun bir dövr ərzində ermənilərin yeganə dini və siyasi təşkilatı olub. Bu səbəbdən də erməni kilsəsi din və etnik amili birləşdirib. Erməni dövləti ideyası da kilsədən gəlir. Baxmayaraq ki, dövlət olmadığı dövrdə hakimiyyəti məhz kilsə həyata keçirib.
Bir çox tarixçilərə görə erməni millətini də yaradan kilsə olub. Yəni ermənilik etnik amildən daha çox dini məna daşıyır və kilsə ilə sinxrondur. Erməni tarixçisi H.Pastırmacıyan bunu belə ifadə edir: “Erməni kilsəsi erməni millətinin kilsə tərəfindən verilən ruhunun yenidən dünyaya gəlmək üçün yaşadığı vücuddur”.
İstanbul erməni patriki M.Ormanyan isə erməni kilsəsini “itmiş ölkənin görünən ruhu” adlandırıb. Yeri gəlmişkən, erməni milləti ifadəsi ilk dəfə Osmanlı dövründə ortaya çıxıb və Sultan Mehmet dövründə sənədləşdirilib. İlkin ehtimallara görə, əvvəlcə Bizansa qarşı erməni kilsəsini himayə edən Osmanlı daha sonra ermənilərə xüsusi status verib. Məsələ ondadır ki, klassik islam yazılarında millət etnik deyil, din və ya məzhəb birliyi mənasında işlədilib. Yəni erməni milləti ifadəsi etnik kök deyil, dini – məzhəbi eyniliyi nəzərdə tutub. Təsadüfi deyil ki, islam ədəbiyyatında ümmət əsasən eyni dinə mənsub olmanı, millət isə məzhəbi birliyi qəsd edib. Yeri gəlmişkən, 1863-cü il martın 29-da qəbul olunmuş “Nizamnamei milleti ermeniyan” adlı qərar da bunu göstərir.
Bu səbəbdən də ilk erməni siyasi hərəkatları Osmanlıda məhz keşiş və din adamları tərəfindən təbliğ olunub. İlk siyasi təşkilat və terror hərəkatının qurucuları və təbliğçiləri də din adamları olub. Bu barədə Osmanlı arxivlərində sənədlər mövcuddur. Bu sənədlərdə erməni kilsəsinin fəallığı nəticəsində Avropadan silah və sursat alınaraq Anadoludakı erməni kilsələrində gizlədildiyi qeyd olunur.
Daha sonra baş verən erməni qiyamları və silahlı üsyanları məhz kilsəsinin xeyir-duası və birbaşa iştirakı ilə baş tutub. Erməni dövlətinin qurulması və daha sonra Qafqazda azərbaycanlılara qarşı genosid hərəkətlərində erməni din adamlarının iştirakı ilə bağlı onlarla fakt mövcuddur.
Sovet hakimiyyətinin qurulmasından sonra din rəsmən qadağan olunsa da, Eçmiədzin fəaliyyətini davam etdirib. Maraqlıdır ki, 1987-ci ildə Eçmiədzin erməni kilsəsinin katolikosu I Vazgen ABŞ-a və Kanadaya səfərində orada yaşayan ermənilərlə görüşü zamanı “Böyük Ermənistan” naminə bütün erməniləri birləşməyə, dünya ermənilərini qondarma “erməni soyqırımı”nın BMT tərəfindən tanınmasına nail olmağa çağırırdı.
SSRİ-nin dağılması prosesində başlayan erməni təcavüzkar hərəkatında da kilsənin ciddi fəaliyyəti olub. 1988-ci ilin iyun ayında Makaravan monastırının baş keşişi Stepan üç butulka fitilli yandırıcı və əldəqayırma fin bıçağı ilə Bakıda milis tərəfindən saxlanılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonunun Kılıçbak kəndindəki erməni kilsəsində 6 minaatan, 16 əldəqayırma mina, 130 əldəqayırma əl qumbarası və s. aşkar olunub.
Birinci Qarabağ müharibəsində üzərində xaç çəkilmiş erməni tankları o zaman azərbaycanlılar üçün dərin bir mənada ifadə etməsə də, ermənilər üçün uzun illərdən bəri davam edən təbliğatın inikası idi.
Bu mənzərəni İkinci Qarabağ müharibəsində bir əlində avtomat, o biri əlində isə xaç tutan Xudavəng monastırının keşişi Ovannes Ovannisyan dəqiq ifadə etmişdi.
Kənan Rövşənoğlu
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar