Xəbər lenti


Erməni Apostol kilsəsi və Ermənistan hökuməti bir-biri ilə anlaşmırlar. Demək olar ki, bir-birləri ilə danışmırlar. 2020-ci ildə ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın əsas institutları arasında parçalanma gücləndi. 

 

Ermənistan qonşu və rəqibi Azərbaycanla hərtərəfli sülh sazişinə can atdığından, kilsə keçmiş ənənəsini pozur və cəsarətli siyasi tələblər irəli sürür, o cümlədən Baş nazirin istefasını.

 

Yüksək rütbəli kilsə xadimləri hökuməti danışıqlarda ölkənin milli maraqlarından imtina etməkdə və açıq şəkildə düşmən tərəfinə keçməkdə günahlandırırlar.  Rəsmilər isə ruhaniləri dünyəvi dövlətin idarə edilməsinə müdaxilə etməkdə günahlandırır və kilsənin əmlakının bir hissəsini vergiyə cəlb etməyi düşünürlər. 

 

Kilsə baş nazirin Qarabağla bağlı mövqeyini pisləyir

 

"Hazırda kilsə ilə hökumət arasında belə bir əlaqə yoxdur. Kilsə üçün “Artsax”ın [Qarabağın – Ovqat.com] Azərbaycanın bir hissəsi kimi tanınması ilə nəticələnən münaqişənin həllinə hakimiyyətin yanaşması qəbuledilməzdir", - deyə erməni kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri yepiskop Baqrat Qalustyan Eurasianet-ə bildirib.

 

Şəkildə: Sisyan keşişi Paşinyanı kilsədən qovur, 22-12-2020 


Onun bu sözləri baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bildirməsindən bir gün sonra, mayın 23-də Erməni Apostol KilQsəsinin Ali Ruhanilər Şurasının yaydığı bəyanatla da səsləşir. 

 

Hələ aprel ayında kilsənin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin (aka II Qaregin), hökumətlə ruhanilərin bir müddət yalnız "protokol münasibətləri" saxladığını bildirmişdi. 

 

Və bir çoxları baş nazirin və hökumətinin yüksək səviyyəli üzvlərinin ən azı 2021-ci ildən bəri Milad ayini kimi böyük kilsə tədbirlərinə qatılmadığını müşahidə edirlər. Halbuki, əvvəllər siyasi elita bu cür mərasimlərdə görkəmli yer tuturdu. 

 

İnamsızlıq toxumları

 

Kilsə ilə hökumət arasındakı qarşıdurma Paşinyan və müttəfiqlərinin 2018-ci ildə küçə etirazları dalğasından sonra hakimiyyətə gəlməsi ilə başlayır.  "Məxməri inqilab" iyirmi ildir ölkəni idarə edən və kilsə ilə yaxşı münasibətlər quran köhnə mühafizəkarları hakimiyyət kreslolarından silib süpürdü. Qısa bir ani inqilabi şövqün ölkənin mənəvi elitasını da çökdürə biləcəyi təxmin olunurdu. Bir qrup narazı keşiş, "Yeni Ermənistan, yeni Patriarx" şüarı altında kampaniyaya başladı və bu müddət ərzində kilsə başçısı katolikos II Garegin və bir sıra yepiskopların keçmiş hökumətin korrupsiyalaşmış hərəkətlərində iştirak etdikləri üçün istefasını tələb etdilər. O dövrün yeni rəsmiləri uğursuz kilsə qiyamından uzaq durmağa çalışdılar. Lakin bir çox mötəbər ruhanilər əmin idilər ki, Paşinyan onları da öz vəzifələrindən uzaqlaşdırmaq niyyətində idi. 

 

Politoloq Qrant Mikayelyan da bununla razıdır. “Kilsəyə qarşı çıxış, inqilabi hakimiyyətin Ermənistandakı daha geniş köklü quruluşa qarşı mübarizəsinə uyğun olardı”, - politoloq “Eurasianet”ə açıqlamasında deyib.

 

"O [Paşinyan], hökuməti, sonra parlamenti, ardınca isə məhkəmələri özünə tabe etdirdi və işləməyən kilsəyə qarşı da inqilab etmək istədi", - deyən Mikaleyan potensial kilsə üsyançılarının liderlərindən birinin Gümrü Universitetinin rektoru təyin olunduğunu xatırlatdı.

 

Daha sonra Ermənistanın 2020-ci il İkinci Qarabağ müharibəsində Baş Komandan kimi məğlubiyyəti Paşinyanın əleyhdarlarına, o cümlədən köhnə rejimə bağlı siyasətçilərə və inamsız ruhanilərə yaradı. Müharibə bitdikdən bir ay sonra kilsə, müxalifətin Paşinyanı istefa çağırışlarına qoşuldu. Ölkənin aparıcı siyasi və mənəvi qurumları arasındakı münasibətlər ölkənin 30 illik tarixində ən aşağı səviyyəyə düşdü. Ermənistan dünyəvi bir dövlət olsa da, Konstitusiyası "Erməni Apostol kilsəsinin erməni xalqının mənəvi həyatında milli bir qurum kimi müstəsna rolunu" tanıyır.

 

Mübahisələr güclənir

 

Xüsusilə, son bir neçə ayda kilsə və hökumət arasındakı ziddiyyətlər getdikcə kəskinləşdi. Aprel ayında katolikos II Qaregin Paşinyanın "ölkəmizdə Allaha inanmayan ruhanilər var" ifadəsindən incimiş və ona belə cavab vermişdi: "Allaha inanmayan adam din xadimi ola bilməz". Ardınca da Paşinyan növbəti ritorik həmləsində "kilsə ilə hökumət arasındakı münasibətlər pisdirsə, deməli kilsənin Allahla münasibətləri pisdir", - deyərək gərginliyi iki qat artırdı. Baş nazir həmçinin II Qareginin "kilsənin siyasi proseslərdə iştirak etməməsi" və "aktual məsələlər" mövzusunda siyasi liderlərlə dialoqa hazır olması iddiasına ümumiyyətlə reaksiya vermədi. May ayında isə baş nazir kilsəni rəsmi olaraq siyasi mübarizəyə dəvət etdi: "Əgər kilsə siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, Ermənistan demokratik ölkədir və siyasi fəaliyyətlə məşğul olmaq mümkündür. Onların partiya yaratmasına və həmin partiya daxilində siyasi fəaliyyətə başlamasına heç nə mane olmur. Bu daha dürüst olardı: seçicilər və siyasi rəqiblərlə eyni müstəvidə mübarizə aparmaq".

 

Paşinyan bununla da qalmayıb “yolka” ağacı hazırlamaq üçün kilsə tərəfindən ölkəyə gətirilən parafinin xeyriyyə məhsulu statusuna görə hazırda sərbəst buraxıldığı gömrük rüsumlarına tabe ola biləcəyini irəli sürdü.

 

May ayında hökumət "Erməni kilsəsinin tarixi" dərsini dövlət məktəbləri proqramından ayrı bir mövzu olaraq xaric etdi. II Qaregin bu qərarı "uzaqgörənlikdən kənar addım" kimi qiymətləndirdi və rəsmilərə məsələni kilsə nümayəndələri ilə birgə müzakirə etmək təklifində bulundu, lakin bu təklif də geri çevrildi. 

 

Kilsənin nüfuzu artır

 

Politoloq Qrant Mikaelyanın fikrincə, hazırda kilsə bu rəqabətdə üstünlüyü ələ alıb, xüsusən də hökumətin Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımağa hazır olduğunu birmənalı şəkildə bəyan etdiyi şəraitdə. Mikaelyan baş nazir Paşinyanın 14 faizlik bəyənmə reytinqindən fərqli olaraq (ədalətli naminə qeyd edək ki, heç bir siyasətçi ayrı-ayrılıqda daha yüksək reytinqə malik deyil), ermənilərin kiçik əksəriyyətinin kilsəyə müsbət münasibət bəslədiyini göstərən son rəy sorğusuna istinad edərək bildirdi: “Bu vəziyyətdə Paşinyanın kilsəni legitimizləşdirmək səlahiyyəti yoxdur”.

 

Dini və dünyəvi hakimiyyət orqanları arasındakı münasibətlər üzrə analitik və tədqiqatçı Stepan Danielyan da bununla razılaşır.  "2018-ci ilə qədər kilsənin tənqidçilərindən biri idim, çünki rəsmilərlə birləşib siyasətə çox qarışırdılar. İndi isə kilsə ilə rəsmilərin yolları ayrıldı, bu, yalnız alqışlana bilər. Bu, kilsənin nüfuzunun artmasına səbəb oldu. Və bu, əvvəllər onun nüfuzunun aşağı düşməsinə yol açan səbəblər üzündən baş vermişdi. İndi kilsə ictimaiyyətin narahatlıqlarını bölüşən və hakimiyyətin səhvlərinə görə məsuliyyəti bölüşməyən tamamilə suveren bir qurum kimi qəbul edilir”, -Danielyan Eurasianet-ə açıqlamasında bildirib.

 

Arshaluys Mgdesyan,
 Eurasianet

Tərcümə etdi: Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 702          Tarix: 1-07-2023, 22:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma