“Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu kimi bu istiqamətdə səylərin birləşdirilməsini məqbul sayır”.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib.
“Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb.
Eyni zamanda, Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir.
Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik”, - məlumatda qeyd edilib.
Paylaş: