Xəbər lenti


 

Fərid Şəfiyev,

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri

 

İkinci Qarabağ Müharibəsinin (27 sentyabr – 10 noyabr 2020-ci il) başa çatmasından sonrakı iki il ərzində Azərbaycan və Ermənistan potensial olaraq iki ölkə arasında gələcək təhlükəsizlik sistemi üçün platforma yarada biləcək sülh müqaviləsi üzrə danışıqlar aparıb. Belə bir müqavilənin bağlanması təşəbbüsü bir çox yerli və beynəlxalq müşahidəçilər tərəfindən geniş dəstəklənib, çünki bunun Azərbaycan-Ermənistan münasibətlərində yeni fəsli açacağına və millətlərarası düşmənçiliyə son qoyacağına, sülh və barışığın təşviqi üçün lazımi şərait yarada biləcəyinə inanılır. Şübhəsiz, müxtəlif mərhələlərdə – Rusiya və Sovet imperiyası tərkibində, Azərbaycan və Ermənistanın müstəqil dövlətçilik çağlarında (1918-1920-ci illərdə və hazırkı dövrdə), bir əsrdən artıqdır davam edən bu münaqişə hər iki xalqda dərin iz buraxmış, saysız-hesabsız insan tələfatına, böyük maddi ziyana səbəb olaraq etnik nifrətlə nəticələnmişdir. Sülh sazişi həm də Cənubi Qafqazın üç dövləti – Ermənistan, Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

 

Münaqişənin tarixinə qısa nəzər salınması Ermənistan və Azərbaycan tərəflərinin narrativlərini, danışıqlar prosesindəki mövqelərini anlamaq üçün zəruridir. Ermənistan və Azərbaycan narrativlərinin, həmçinin yaranmış qızğın mübahisələrdə mövqelər arasındakı böyük uçurumu şərtləndirən tarixi fonun başa düşülməsi münaqişənin təkamülünü dərk etməyə imkan yaradır və mümkün gələcək istiqamətləri proqnozlaşdırmaq üçün ipucları verir. Bu kontekstdə Qərb və rus tədqiqatçıları və ekspertlərinin əsərlərində istifadə olunan yanaşmalar hadisələrin erməni versiyasına meyllidir ki, bunu da bəzi aparıcı Qərb ölkələrində və Rusiyada mövcud olan mütəşəkkil və köklü erməni diasporunun mövcudluğu, orientalizm və mədəni qərəzlilik kimi faktorlarla əlaqələndirmək mümkündür. Aşağıda mən Azərbaycan tərəfinin bu münaqişənin istənilən obyektiv təhlilində lazımınca nəzərə alınmalı və qeyd edilməli olan nöqteyi-nəzərini təqdim edirəm.

 

Ermənistan və Azərbaycan arasında hazırkı münaqişənin ilk elementləri 1987-ci ildə meydana çıxmağa başlasa da və Dağlıq Qarabağ Muxtar Vilayətinin / regionunun (bundan sonra – DQMV) Ermənistana birləşdirilməsi uğrunda erməni irredentist hərəkatı tərəfindən təhrik edilsə də, iki xalq arasında düşmənçiliyin kökləri Rusiyanın Cənubi Qafqazdakı imperiya siyasəti kontekstində 1905-ci ilə gedib çıxır. Bir-birinə, necə deyərlər, “qədimdən nifrət” etməyən bu iki etnik qrup Qafqazın bir sıra regionlarına sahiblik üstündə toqquşdular. Həmin dövrdə erməni millətçiləri Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olan bir neçə bölgəyə iddia edirdilər. Daha sonra sovet hakimiyyəti Qarabağ və Naxçıvanı Azərbaycanın tərkibində saxlamaqla Zəngəzur / Sünik regionunu Ermənistana verdi, 1923-cü ildə isə hibrid adla – rus dilində “dağlıq” mənasına gələn “Naqorno” və tarixi türk adı olan “Qarabağ” sözlərinin birləşməsi ilə bu ərazidə muxtariyyət yaradıldı. Bolşeviklər DQMV-in paytaxtı olaraq Xankəndini seçdilər və bu yaşayış məntəqəsini erməni kommunist lideri Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırdılar. Erməni millətçiləri üçün bu və digər ərazilər, onların iddiasına görə, 2000 il əvvəl mövcud olmuş Böyük Ermənistanın irsini təmsil edirdi.

 

Hazırkı münaqişə 1987-1988-ci illərdə Sovet “yenidənqurma”sı dövründə başladı: Ermənistan Sovet İttifaqındakı siyasi qeyri-sabitliyin yaratdığı fürsətdən istifadə edərək Azərbaycana qarşı irredentist iddialarını həyata keçirməyə çalışırdı. Bu prosesdə ermənilər etno-ərazi münaqişəsinin mahiyyətini dərindən dərk etməyən, yalnız xristian həmrəyliyi və Ermənistanın guya demokratikləşməsi təsəvvürü əsasında onları müdafiə edən bir çox rus və Qərb liberallarının dəstəyini qazandılar.

 

Ermənistanın bu irredentist hərəkatını üç mərhələdə təqdim etmək mümkündür:

 

1.    Miatsum / birləşmə, 1987-1991: Bu illərdə erməni millətçiləri güman edirdilər ki, sovet hüquq mexanizmlərinin köməyi ilə DQMV-ni Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək mümkün olacaqdır. 1989-cu il dekabrın 1-də Ermənistan Sovet parlamenti SSRİ Konstitusiyasına zidd olaraq birləşmə haqqında qərar qəbul etdi. Parlamentin bu qərarı Sovet

 

mərkəzi hökuməti tərəfindən etibarsız hesab edildi. Eyni zamanda sovet Ermənistanının rəhbərliyi 1987-89-cu illərdə Ermənistandakı azərbaycanlıların tam etnik təmizlənməsini həyata keçirdi ki, bu da erməni əhalinin Azərbaycandan analoji axınına səbəb oldu.

 

2.    Öz müqəddəratını təyinetmə, 1991-2020: SSRİ-nin dağılmasından sonra erməni millətçiləri və Ermənistan rəhbərliyi beynəlxalq birliyin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistana birləşdirilməsini dəstəkləməyəcəyini anlayaraq, DQMV-də yerli ermənilərin öz müqəddəratını təyin etməsi arqumentini irəli sürdülər. Bu, gələcəkdə birləşmək məqsədilə DQMV-in müstəqil elan edilməsi üçün bir fürsət kimi görülürdü. Birinci Qarabağ müharibəsi (1992-1994-cü illər) zamanı Ermənistan DQMV-i və Azərbaycanın yeddi ətraf rayonunu işğal edə bildiyindən bu perspektiv Ermənistan tərəfindən bütün səviyyələrdə fəal şəkildə təşviq edilirdi. Keçmiş DQMV-in və yeddi rayonun bütün azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qaldı, onların tarixi varlığının izlərini silmək üçün evləri və mirası dağıdıldı.

 

3.    İslahedici ayrılma, 2020-ci ildən indiyə qədər: İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra erməni millətçiləri daha çox Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisi üçün gözlənilən təhlükədən danışır və üçüncü tərəflər vasitəsilə onun ayrılmasını təbliğ edirlər.

 

Hüquqi sənədlər və beynəlxalq vasitəçilik

 

Uzun illər ərzində müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə dair bir neçə qətnamə qəbul edilib. Onlar arasında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən 4 qətnaməsi (822, 853, 874 və 884) də var. Bu qətnamələrdə bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin 30 ilə yaxın müddətdə həmin qətnamələr icra olunmadı.

 

2015-ci il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində faktiki olaraq Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərinə nəzarət etdiyini müəyyənləşdirdi. 1994-cü ildən bəri Ermənistan işğal olunmuş ərazilərin təbii sərvətlərini qanunsuz olaraq istismar edərək, bu ərazilərdə Ermənistandan və Orta Şərqdən gələn erməniləri məskunlaşdırır, Azərbaycanın ətraf mühitinə və mədəni irsinə ziyan vururdu.

 

1992-ci ildə yaradılmış, Fransa, Rusiya və ABŞ-ın rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupunun sədrliyi ilə 1992-2020-ci illər ərzində aparılan danışıqların uğursuzluğunun təhlili Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi danışıqlarının dinamikasını anlamaq üçün çox vacibdir. 1994-cü ildən, Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildikdən sonra bu münaqişənin siyasi həlli üçün çoxlu cəhdlər edilib. Bununla belə, illər ərzində “nə müharibə, nə sülh” vəziyyəti saxlanıldı və belə bir ümumi təsəvvür formalaşdırıldı ki, guya bu adi dondurulmuş bir münaqişədir və yenidən alovlanma ehtimalı yoxdur. Bu yanaşma xüsusilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik fəaliyyətində özünü göstərib. Onlar tez-tez status-kvonun qəbuledilməz olduğunu bəyan etsələr də, nizamlanmaya nail olmaq əvəzinə, daha çox eskalasiyanın qarşısını almağa yönəlmişdilər.

 

Bu kontekstdə Ermənistan status-kvonun saxlanılmasına, hərbi əməliyyatların yenidən başlanmamasına beynəlxalq təhlükəsizlik təminatları əldə etməyə çalışır, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaqdan hər vəchlə yayınırdı. Azərbaycan isə öz növbəsində beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar apararaq işğal edilən torpaqlarının sülh yolu ilə azad edilməsinə səy göstərirdi.

 

Danışıqlarda irəliləyişin olmaması Azərbaycanı hərbi sahəyə sərmayə qoymağa və danışıqlar prosesi uğursuz olduğu təqdirdə, hərbi həll yoluna hazır olmağa sövq edirdi. Bu kontekstdə 2016-cı il aprelin əvvəlində qoşunların təmas xətti boyunca Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşmaların nəticələri regiondakı paradiqmanı kökündən dəyişdirdi. Azərbaycan silahlı qüvvələrinin uğurlu əks-hücumu sayəsində 1994-cü ildən bəri ilk dəfə olaraq bir neçə strateji yüksəklik geri qaytarıldı.

 

2007-2009-cu illərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri “Madrid prinsipləri” adlanan prinsipləri işləyib hazırladılar ki, bu prinsiplər Laçın rayonu üçün xüsusi şərtlərlə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə bitişik ərazilərdən çıxarılmasını, regionun statusu ilə bağlı səsvermə keçirilənədək müvəqqəti beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılmasını nəzərdə tuturdu. Madrid prinsiplərinin tətbiqindən sonra birbaşa danışıqlar, əsasən, Rusiyanın tərəflər arasında görüşlərdə vasitəçilik səyləri sayəsində davam etdirilirdi.

 

Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi ilə Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlarda irəliləyişə ümidlər yarandı. 2018-2019-cu illərdə Ermənistan və Azərbaycan dövlət rəhbərləri və xarici işlər nazirləri arasında yüksək səviyyəli görüşlər keçirildi. Lakin Ermənistan rəhbərliyinin nizamlanmaya səmimi marağı olmadığından sülh prosesi heç bir nəticə vermədi. Ermənistan liderinin bir neçə təxribat xarakterli addımları və bəyanatları sülh danışıqlarına ciddi zərbə vuraraq yeni hökumətə etimadı sarsıtdı. Prosesə ən sarsıdıcı zərbələrdən birini Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan 2019-cu il martın 29-da Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşündəki çıxışı zamanı vurmuş oldu: “Mən [Ermənistanın] müdafiə naziri kimi bildirirəm ki, “sülh üçün ərazilər”in qaytarılması məsələsindən söhbət belə gedə bilməz və mən buna “yeni müharibə olacağı təqdirdə yeni ərazilər” şəklində düzəliş edirəm”. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu ilin mayında 2007-ci ildən bəri danışıqlar üçün əsas olan ATƏT-in Madrid Prinsiplərini rədd etdi. O, həmçinin Minsk Qrupu həmsədrlərinin etirazlarına baxmayaraq, danışıqların formatının dəyişdirilməsini tələb etmiş, əlavə olaraq işğal olunmuş Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimin yerli rəhbərliyini danışıqlar prosesinə cəlb etməyə çağırmışdır. Onun 5 avqust 2019-cu ildə, Xankəndidə keçirilən Ümumerməni Oyunları zamanı səsləndirdiyi bədnam “Qarabağ Ermənistandır, nöqtə” şüarı danışıqlar prosesinin tabutuna son mismarı vurmuş oldu və göstərdi ki, yaxın zamanda tərəflər danışıqlar yolu ilə nəyəsə nail ola bilməyəcəklər.

 

2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində ayın 12-dən 16-dək baş vermiş hərbi toqquşmalardan sonra vəziyyət gərginləşdi. Bu rayonun keçmiş DQMV-dən uzaqda yerləşməsi Ermənistanın “yeni mövqelər ələ keçirmək və regionda gərginliyi artırmaq” niyyətində olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu hücumun qarşısı Azərbaycanın cavab tədbirləri ilə alınsa da, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini” ciddi şübhə altına aldı. Nəhayət, sentyabr ayında azərbaycanlılar üçün mədəni, o cümlədən emosional əhəmiyyətə malik Şuşa şəhərinə Livandan ilk erməni ailəsinin köçürülməsi kasanı daşıran son damla oldu. Faktiki olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejim Ermənistan və erməni diasporu ilə birlikdə uzun illər ərzində minlərlə erməninin Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırılması, eləcə də sonradan orada qanunsuz fəaliyyətlər həyata keçirməsi üçün ciddi işlər aparıb. 2020-ci ilin avqustunda erməni əsilli livanlıların köçürülməsi bu siyasətin ən son təzahürü oldu.

 

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti meydanda vəziyyəti kökündən dəyişdirdi. Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Azərbaycan öz ərazilərini azad edib və Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə yerləşdirilib. Bu bəyanata görə, Ermənistanla Qarabağın dağlıq hissəsində yaşayan erməni azlığı arasında əlaqəni təmin etmək üçün Qarabağdakı təmas xətti və Laçın yolu boyunca azı 5 il müddətinə 1960 nəfər Rusiya sülhməramlısı yerləşdirilib. Eyni zamanda 2021-ci ilin yanvarında Azərbaycanın Ağdam rayonunda atəşkəs rejiminin monitorinqi üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi yaradılıb. Bundan əlavə, Ermənistan Azərbaycanın əsas ərazisinin qərb rayonlarından Ermənistandan keçməklə öz Naxçıvan eksklavına maneəsiz çıxışını təmin etməyi öhdəsinə götürüb.

 

O vaxtdan bəri hər iki tərəf Üçtərəfli Bəyanatdan irəli gələn həll olunmamış problemlərin çözümünə, eləcə də regionda münaqişədən sonrakı proseslərə diqqət yetirib. Əsas məsələ, dolayı formada da olsa, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiası olaraq qalır. Bu səbəbdən Azərbaycan Cənubi Qafqazda etibarlı təhlükəsizlik mühitinin yaradılması ilə bağlı digər məsələlərlə yanaşı, ərazi bütövlüyünün qarşılıqlı tanınması üzərində işləməyi təklif edib.

 

Sülh razılaşması

 

Rusiya prezidenti Vladimir Putin və baş nazir Nikol Paşinyanın 2021-ci il 11 yanvar tarixində iştirak etdiyi mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, “Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və indi biz gələcəkdə birgə necə yaşayacağımızı, nəqliyyat arteriyalarının açılmasını, regional sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi üzərində necə işləmək lazım olduğunu düşünməliyik”. Həmin vaxtdan bəri o, dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır: “Əgər Ermənistan buna hazırdırsa, əgər o, Azərbaycanın bütün dünyanın qəbul etdiyi ərazi bütövlüyünü tanımağa hazırdırsa, o zaman, əlbəttə ki, regionda uzunmüddətli sülhə nail olunacaqdır”.

 

İlkin olaraq Rusiya danışıqlar prosesində liderliyi öz üzərinə götürdü və 2021-ci il yanvarın 11-də Soçidə, 26 noyabrda isə Moskvada iki görüş təşkil etdi. Moskva görüşündə əsas diqqət nəqliyyat marşrutlarının açılmasına yönəldildi və əsaslı şəkildə sülh müqaviləsi üzrə dialoqa az maraq göstərildi.

 

2021-ci ildə nəzərə çarpan nəticələr əldə olunmadığından sülh müqaviləsi ilə bağlı müzakirələrə başlamaq üçün Azərbaycan konkret təşəbbüslə çıxış etdi. Belə ki, Azərbaycan tərəfi münasibətlərin normallaşması üçün Ermənistana beş bəndlik yeni təklif göndərdi. 14 mart 2022-ci ildə dərc edilən təkliflərə aşağıdakılar daxildir:

 

1.    Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 

2.    Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 

3.    Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 

4.    Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 

5.    Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

 

Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin 31 martında Azərbaycanla sülh müqaviləsini imzalamağa və dərhal danışıqlara başlamağa hazır olduğunu bildirsə də, bu proses xüsusilə 2022-ci ilin payızında əks reaksiya ilə qarşılaşdı.

 

Sülh müqaviləsinin bağlanması təşəbbüsü 2022-ci ildə Brüsseldə üç görüş keçirmiş (6 aprel, 22 may və 31 avqust) Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən irəli sürülüb (üçtərəfli formatda ilk görüş 14 dekabr 2021-ci ildə baş tutub). Oktyabrın 6-da Praqada Fransa prezidenti Emmanuel Makronun xüsusi qonaq qismində iştirak etdiyi növbəti görüş keçirilib. Praqa görüşündən sonra Ermənistan tərəfi, təəssüf ki, üçtərəfli formatın Fransa prezidentini daxil etməklə dördtərəfli formata dəyişdirilməsini tələb etdi və Azərbaycan Fransanın İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Ermənistanın tərəfini tutmağa davam etməsi səbəbi ilə bu təklifi rədd etdi.

 

2022-ci ilin yayında və payızında Rusiya Aİ vasitəçiliyindən narazılığını açıq şəkildə nümayiş etdirdi və danışıqlar prosesinə daha qətiyyətlə müdaxilə etdi. Ona görə də 2022-ci il oktyabrın 31-də Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçi sammiti Rusiyanın öz rolunu bərpa etmək cəhdi kimi qiymətləndirilir. Rusiya həmçinin Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının qarşısını almaq üçün qondarma Qarabağ məsələsinin təxirə salınmasını özündə ehtiva edən sülh müqaviləsi layihəsini təqdim etdi. Ermənistan tərəfi Rusiyanın təklifi ilə razılaşsa da, rəsmi Bakı belə bir razılaşmadan imtina etdi.

 

Üstəlik, Bakı ilə Qarabağ bölgəsinin erməni icması arasında birbaşa əlaqənin başlamasından təşvişə düşən Moskva beynəlxalq çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanı Qarabağa göndərdi. O, Rusiya vətəndaşlığından imtina edərək Qarabağda qeyri-qanuni qurumun “dövlət naziri” postunu tutdu və Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ erməniləri arasında dialoqu tamamilə pozdu.

 

2022-ci il azərbaycanlı ekoloqların və qeyri-hökumət təşkilatlarının Laçın yolunda Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və bu yoldan qeyri-humanitar məqsədlər üçün istifadə edilməsinə qarşı etiraz aksiyalarının başlaması ilə sona çatdı. Üstəlik, ekoloji problem və Laçın yolu ilə Qarabağdan təbii sərvətlərin qanunsuz çıxarılması ilə bağlı etirazlar Azərbaycanın suveren ərazisinə nəzarəti məsələsini daha geniş şəkildə gündəmə gətirdi. Ermənistanın iddiasının əksinə olaraq, 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Laçın yolunun silah, sursat və hərbi personalın daşınması üçün istifadə oluna biləcəyi qeyd edilmir. Azərbaycan faktiki sübutlara əsaslanaraq bəyan edib ki, Ermənistan tərəfi 2021-2022-ci illərdə mina və digər hərbi texnikanın daşınması üçün Laçın yolundan istifadə edib.

 

Xatırladaq ki, Laçın Ermənistanın 1992-ci il mayın 18-də işğal etdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ilk rayon olub. Erməni millətçiləri bu yol qovşağının yaradılmasına həyati strateji məqsəd kimi baxırdılar. Beləliklə, Laçın hərbi təchizatların aparıldığı “Miatsum yolu”na çevrildi. 1993-cü ilin aprelində Ermənistan iki istiqamətdən – bilavasitə Ermənistandan və Qarabağdan keçmiş muxtariyyətlə Ermənistan arasında yerləşən Kəlbəcər üzərinə hücuma keçdi.

 

Ermənistanın hazırkı vəziyyəti “humanitar fəlakət” adlandırmasına baxmayaraq, Rusiya sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yük maşınları erməniləri və yükləri Laçın yolu ilə bölgəyə və əksinə daşıyır. Bu arada Ermənistan tərəfi özünün nəqliyyat vasitələrini təhlükəsizlik qaydalarını pozmaları səbəbindən yoxlatmaqdan imtina edib.

 

Ermənistanın bu məsələ ilə bağlı iki beynəlxalq quruma müraciəti müsbət nəticə verməyib. Fransanın dəstəyi ilə ermənilərin müraciəti 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında müzakirə edilib, lakin Şura adından heç bir bəyanat qəbul edilməyib. Fransa Şurada bir sıra cəhdlər etsə də, nəticəsi olmayıb. Daha sonra Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edərək “Azərbaycandan Laçın yolunun açılmasını” tələb edib. AİHM də öz növbəsində yolun Azərbaycan tərəfindən bağlanması ilə bağlı fikrin mübahisəli olduğunu qeyd edib.

 

Hesab edirik ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması yolun qeyri-humanitar və hərbi məqsədlərlə istifadəsi, eləcə də Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni çıxarılması probleminin həllini təmin edə bilər.

 

Təhlükəsizliyə daha bir təhdid Azərbaycanın Qarabağ bölgəsində hələ də qanunsuz silahlı birləşmələrin mövcud olması ilə bağlıdır. Onlar Üçtərəfli Bəyanatın 4-cü maddəsinə uyğun olaraq bölgədən çıxarılmalı idi.

 

Qarabağ ermənilərinin reinteqrasiyası

 

Mübahisəli məsələlərdən biri də Qarabağ ermənilərinin taleyi ilə bağlıdır. Ermənistan tərəfi Qarabağa xüsusi statusun verilməsində israrlıdır, baxmayaraq ki, İrəvan rəsmiləri ayrılmadan deyil, erməni əhalisinin hüquq və təhlükəsizliyindən danışırlar. Bununla belə, Ermənistan Xarici İşlər Nazirliyi və ölkənin diplomatik nümayəndələri beynəlxalq arenada, müxtəlif forumlarda və müxtəlif təşkilatlarda islahedici ayrılma və “Artsaxın müstəqilliyi” məsələsini tez-tez qaldırırlar.

 

Azərbaycan Qarabağ üçün istənilən ərazi statusunu gələcək münaqişəyə aparan yol kimi görür və Azərbaycan Konstitusiyasına uyğun olaraq ermənilərə hüquq və təhlükəsizlik təminatları təklif edir. Azərbaycan Qarabağ ermənilərinin Azərbaycanın hər bir vətəndaşına verilən bütün hüquq və imtiyazlardan istifadə etmələrinə təminat verir.

 

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası

 

İkinci Qarabağ Müharibəsindən və 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra Azərbaycan 30 ilə yaxın erməni işğalı zamanı əhəmiyyətini itirmiş Ermənistanla dövlətlərarası sərhədə nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2021-ci il noyabrın 26-da imzaladığı növbəti üçtərəfli bəyanatda bu məsələ qaldırılıb. Bəyanatda Rusiyanın iştirakı ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə Ermənistan-Azərbaycan komissiyasının yaradılması təklif olunub.

 

Bu məsələ 2022-ci il aprelin 6-da və mayın 22-də Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə təşkil etdiyi ikinci və üçüncü görüşlərdə də müzakirə olunub. Həmin məqsədlə aprelin 6-da Brüsseldə keçirilən sammitin yekunlarına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması qərara alınıb. Bu komissiyanın mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsindən ibarət olacaq.

 

2022-ci il mayın 24-də Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi Birgə Sərhəd Komissiyasları ilk dəfə Ermənistan və Azərbaycan dövlət sərhədində vasitəçilərsiz görüş keçirib. Bu, 2022-ci il mayın 22-də Brüsseldə üçüncü görüş zamanı əldə olunan anlaşmanın real nəticəsi idi.

 

Bununla belə, 2022-ci ilin sentyabrında baş verən silahlı toqquşmalar da daxil olmaqla, dövlətlərarası sərhəddə gərginlik qalmaqdadır. Ermənistan iddia edir ki, Azərbaycan 2021-ci ilin may və 2022-ci ilin sentyabrında həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan ərazisinin bir hissəsinə nəzarət edir. 30 illik erməni işğalı səbəbindən sərhədlərin demarkasiya edilmədiyi bir şəraitdə sərhədin dəqiq yerini yalnız delimitasiya prosesi müəyyən edə bilər. Üstəlik, Ermənistan tərəfi 1991-ci ildən bəri səkkiz Azərbaycan anklavını işğalda saxlamaqda davam edir (digər birinə Azərbaycan nəzarət edir). Erməni tərəfinin anklavlar məsələsi ilə bağlı şərhləri göstərir ki, İrəvan Azərbaycanın ermənilərin sərhəd anlayışını birtərəfli qaydada tanımasını istəyir.

 

İqtisadi və nəqliyyat kommunikasiyalarının açılışı

 

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 11 yanvar 2021-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına dair üçtərəfli işçi qrupun yaradılmasına və ondan artıq görüşün keçirilməsinə baxmayaraq, görünür, nəticə çox çətinliklə əldə olunacaq. Bu bəyanat Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirəcək yeni nəqliyyat və rabitə kommunikasiyalarının qurulacağına aydın təminat verən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu maddəsinin icrası istiqamətində addımları müəyyən etmək məqsədi daşıyır və Ermənistan “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək” üçün bu konkret marşrutun təhlükəsizliyinə zəmanət verir. Güman edilir ki, Zəngəzur nəqliyyat dəhlizi adlanan dəmir yolu və avtomobil marşrutu Ermənistan ərazisinin 44 kilometrlik hissəsindən çəkiləcək və Azərbaycanın əsas ərazisini onun eksklavı – Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Ancaq görünən odur ki, erməni tərəfi bu prosesi gecikdirir.

 

Ermənistan tərəfi üçtərəfli Bəyanatda “dəhliz” termininin olmadığını təkid edərək, gömrük və digər keçid məntəqələri yaratmalı olduğunda israr edir (bu halda Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında Laçın yolunda nəzarətsiz gediş-gəliş tələb olunur). Üstəlik, İrəvan Azərbaycan tərəfinin Zəngəzur dəhlizinə eksterritoriallıq statusu istədiyini iddia edir.

 

2022-ci il iyunun 16-da IX Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni gündəmə gətirərək vurğulayıb ki, ermənilər 2020-ci ildən Laçın yolundan maneəsiz və məhdudiyyətsiz istifadə edirlər, halbuki azərbaycanlılar Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən – Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Onun fikrincə, bu, ədalətsizlikdir və Zəngəzur dəhlizinin çox qısa müddətdə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir və Azərbaycana belə bir çıxış imkanı verilməsə, sülh haqqında danışmaq çətin olacaqdır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Zəngəzur dəhlizinin eksterritoriallığına can atmır, çünki 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda marşrutun Rusiya sərhəd qüvvələri tərəfindən mühafizə ediləcəyi qeyd olunur.

 

2022-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycana öz Naxçıvan eksklavı ilə mövcud üç yol vasitəsilə əlaqə saxlamaq imkanı verməyə hazırdır. Lakin bu yolların uzunluğu 250 kilometrə çatır və Ermənistan tərəfinin keçidin təhlükəsizliyini necə təmin edəcəyi bəlli deyil. Beləliklə, Zəngəzur / Meğridən keçidin açılması Ermənistanın Üçtərəfli Bəyanat üzrə öhdəlikləri baxımından əsas məsələ olaraq qalır.

 

Humanitar məsələlər

 

Müəyyən mühüm humanitar məsələlər də var ki, onlar həll olunmamış qalır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını çətinləşdirir. Onların arasında Ermənistanın minalanmış ərazilərin yerləri barədə məlumat verməkdən imtina etməsi, Ermənistanın Azərbaycanda saxlanan erməni əsirlərlə bağlı vəziyyəti yanlış şərh etməsi, Ermənistanın əməkdaşlıq etmək istəməməsi, o cümlədən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumat verməkdən imtina etməsi, dini və mədəni irsin qorunması kimi məsələlər var.

 

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sədrliyi ilə 14 dekabr 2021-ci il, 6 aprel 2022-ci il və 22 may 2022-ci il tarixlərində Brüsseldə keçirilən Ermənistan və Azərbaycan liderlərinin görüşlərində humanitar məsələlər müzakirə edilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanatında “bütün həllini tapmamış humanitar məsələlərin, o cümlədən əsirlər və itkin düşmüş şəxslər probleminin hərtərəfli həlli üçün məsələnin tam və sürətli çözülməsinin zəruriliyi”ni vurğulayıb və Aİ-nin bu yöndə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib. Aİ bəyanatında həmçinin vurğulanıb ki, “Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minalardan təmizləmə səylərini dəstəkləyəcək, o cümlədən ekspert məsləhəti və maliyyə yardımını genişləndirəcək, habelə münaqişədən zərər çəkmiş əhaliyə, reabilitasiya və rekonstruksiyaya köməyini artıracaq”.

 

Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyanın minalarla ən çox çirklənmiş ərazilərindən biridir, burada çoxsaylı piyada və tank əleyhinə minalar, həmçinin partlamamış hərbi sursatlar (PHS) var. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistan qoşunlarının tərk etdiyi minaların, partlamamış hərbi sursatların və digər təhlükəli əşyaların təmizlənməsi əməliyyatlarını həyata keçirməyə başlayıb.

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, "minatəmizləmə əməliyyatları davam edir, lakin insanlar hələ də həyatını itirir. 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatdıqdan indiyədək [azad edilmiş] torpaqlarda 200-dən çox insan mina partlayışlarının qurbanı olub”. Bundan öncə, 2021-ci il iyunun 12-də Azərbaycan əvvəllər işğalda olmuş Ağdamdakı 97 min minanın yerini ətraflı təsvir edən xəritə müqabilində 15 erməni əsiri təhvil verib. 2021-ci il iyulun 3-də Ermənistan Füzuli və Zəngilan rayonlarının işğalı zamanı döşənmiş 92 minə yaxın tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycana təhvil verib. 4 dekabr 2021-ci ildə Rusiya Müdafiə Nazirliyinin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Ermənistan işğaldan azad edilmiş ərazilərdəki bütün mina sahələrinin xəritələrini Azərbaycana təqdim etdiyini iddia edib. Bununla belə, martın 2-də xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, işğaldan azad edilmiş Azərbaycan ərazisində Ermənistanın mina sahəsi xəritələrinin dəqiqliyinin azlığı ərazilərin təmizlənməsi prosesini ləngidir.

 

İkinci humanitar məsələ Azərbaycanda saxlanan erməni əsirlər və məhbuslar ətrafında yaranmış vəziyyətlə bağlıdır. İkinci Qarabağ müharibəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 8-ci maddəsində açıq şəkildə göstərilir ki, “hərbi əsirlərin və digər məhbusların, o cümlədən ölənlərin cəsədlərinin mübadiləsi aparılmalıdır”. O vaxtdan bəri Azərbaycan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun şəkildə ixtiyarında olan və hərbi əsir statusu almaq hüququna malik 70-dən çox ermənini azad edərək vətəninə qaytarıb.

 

Təəssüflər olsun ki, Ermənistan hökuməti tərəfində faktların təhrif edilməsi sayəsində bu məsələ beynəlxalq ictimaiyyət tərəfindən aydın və obyektiv qavranılmayıb. Bununla belə, vurğulamaq vacibdir ki, "2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə əlaqədar olan münaqişə başa çatdıqdan sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir sayıla bilməz. Ermənistan tərəfindən hərbi xidmətə göndərilən şəxslər Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə təxribat və terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Saxlanılan şəxslərlə beynəlxalq insan hüquqlarına və onların hüquqlarını qoruyan Azərbaycan qanunvericiliyinə uyğun rəftar edilir”.

 

Azərbaycan həmçinin İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş 1600-ə yaxın erməni əsgərinin cəsədini taparaq Ermənistan tərəfinə təhvil verib. Bu fonda Ermənistan ardıcıl olaraq əməkdaşlıq etmədiyini nümayiş etdirir və bu günə qədər Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə qədər Azərbaycan vətəndaşının taleyi barədə məlumat verməkdən inadla imtina edir.

 

Artıq otuz ilə yaxındır ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən separatçı rejim orada yerləşən mədəni və dini irsin mənşəyini və istifadəsini təhrif etməyə çalışır. Bundan başqa, beynəlxalq hüquqa əsasən, hər hansı bir xalqın mədəniyyət və dini abidələrinin qəsdən məhv edilməsi hərbi cinayət kimi qəbul edilir.

 

Azərbaycanın məscidlər, muzeylər, kitabxanalar, teatrlar və s. kimi mədəni və dini irsinin erməni işğalı altında dağıdıldığı barədə dəfələrlə iddialar qaldırmasına və YUNESKO-nun faktaraşdırıcı missiya göndərməsi üçün illərdir çağırışlar etməsinə baxmayaraq, heç bir nəticə olmayıb. Yalnız İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, yəni erməni tərəfi işğaldan azad edilmiş Qarabağdakı erməni mədəni-dini irsinin taleyi ilə bağlı narahatlığını bildirəndə qəfildən YUNESKO Azərbaycana missiya göndərmək üçün müraciət etdi. Bu, görünür, xristian və müsəlman mədəni və dini irsinə münasibətdə ikili standartların mövcudluğundan xəbər verir. Siyasi riyakarlığın bu açıq-aydın istifadəsi təəssüf doğurur və açığı, başa düşülən deyil.

 

Nəticə

 

Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin bağlanması ən önəmli məsələ olaraq qalır. Bu, Azərbaycanın Qarabağ bölgəsinə Ermənistanın ərazi iddialarına son qoymalıdır. Azərbaycan da öz növbəsində erməni əhalisinin reinteqrasiyası üzərində işləyəcək. Bu inkişafa əsaslanaraq, iki ölkə delimitasiya və demarkasiya, nəqliyyat yollarının açılması və daha geniş iqtisadi əməkdaşlıq üzrə danışıqlara başlaya bilər. Ermənistanla Azərbaycan arasında sülh üç Qafqaz ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan arasında regional əməkdaşlıq platforması yarada bilər.

 

İrəvan Zəngəzur / Meğri ilə bağlı öhdəliklərindən boyun qaçırdığı və Qarabağ üzərində Azərbaycanın suverenliyi ilə bağlı qeyri-müəyyən mövqe tutduğu bir şəraitdə Azərbaycanın birtərəfli qaydada Laçınla bağlı razılaşmanı yerinə yetirməsini və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmasını gözləyə bilməz.

 

Təəssüf ki, 2022-ci ildə hadisələrin gedişi Ermənistan daxilindəki radikal qüvvələrin və xüsusilə erməni diasporunun, habelə Rusiya və Fransa kimi geosiyasi aktorların sülh prosesini tamamilə poza biləcəyini üzə çıxardı. Regionda möhkəm təhlükəsizlik mühitinin təmin edilməsi üçün daha qətiyyətli addımlar atılmalıdır.

 




Ana səhifəyə qayıt        Baxış: 9 136          Tarix: 2-05-2023, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma