Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.
Modern.az-ın məlumatına görə, İon Sekrieru Moldova vətəndaşıdır.
O, 1975-ci ildə anadan olub. Kiberdələduz ötən ilin sentyabr ayında Azərbaycana ekstradisiya edilib.
İon Sekrieru Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən Azərbaycana təhvil verilib. Onun təhvil verilməsi prosesi 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq həyata keçirilib.
Məlumata görə, moldovalı kibercinayətkar və dəstənin xaricdə fəaliyyət göstərən digər üzvləri Azərbaycanda bankların kompüter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.
Qeyd edildiyi kimi, onlar Britaniyadan ölkəmizə ekstradisiya edilib. İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də Azərbaycana gətirilib.
İon Sekrieru və digər iki şəxs Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq) və 273.4-cü maddələri (kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) üzrə ittiham olunur.
Paylaş: