Xəbər lenti

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei oktyabrın 4-də cümə namazı xütbəsi mərasimini özü keçirəcək. “Report” xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, sentyabrın 27-də Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullah, İran İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından biri, general Abbas Nilfuruşenin öldürülməsi ilə əlaqədar bu həftə Tehranda imam Xomeyni adına məsciddə Xamənei cümə namazını qılacaq.

Bu arada ABŞ-ın nüfuzlu “The New York Times” nəşri İsrail və Amerika rəsmilərinə istinadən yazır ki, Təl-əvivin İrana qarşı cavab zərbəsinin dəqiq vaxtı və mahiyyəti oktyabrın 4-də keçiriləcək “Roş-Ha-Şana” adlı yəhudi bayramı başa çatdıqdan sonra bəlli olacaq.

Qeyd edilir ki, Təl-əvivin cavabının miqyasını ABŞ-ın dəstəyinin səviyyəsi müəyyənləşdirəcək.

Bəs, İsrail İrana necə bir cavab zərbəsi endirə bilər?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, İsrailin hərbi və təhlükəsizlik liderləri əsasən bir neçə hücum ssenarisini masaya yatırıblar: “Məlumata görə, ssenarilərdən biri İranın nüvə obyektlərinə, digəri isə neft və qaz hasilatı müəssisələrinə zərbə endirməkdir. İran yetkililərinə qarşı sui-qəsd planları da gözdən keçirilir”.

Heydər Oğuzun fikrincə, İsrailin ən çox üzərində durduğu variant İranın nüvə obyektlərinə zərbə endirmək olsa da, Təl-əviv yetkililəri bu məsələdə istədikləri zəmini hazırlaya bilməyiblər: “Çünki İranın nüvə obyektləri yerin xeyli altında inşa olunub. İsrailin əlində isə o dərinliyə qədər nüfuz edə biləcək silah yoxdur. Odur ki, mütləq ABŞ-ı da bu prosesə qoşmağa çalışırlar. ABŞ prezidenti Co Bayden isə mediaya açıqlamasında İranın nüvə obyektlərinə zərbə endirmək fikrini dəstəkləmədiyini bildirib”.

Heydər Oğuzun fikrincə Baydenin öz mövqeyini birbaşa Netanyahuya deyil, media üzərindən dünyaya duyurmasının iki səbəbi ola bilər: “Ya ABŞ yetkililəri əslində İsrailin bu hücumlarına yaşıl işıq yandırıblar, amma Ukrayna örnəyində gördüyümüz kimi, möhtəməl hücumlarının məsuliyyəti altına girmək istəmirlər, ya da həqiqətən də İranın nüvə obyektlərinin vurulmasına qarşıdırlar. Hər iki ehtimal ondan xəbər verir ki, İranın nüvə obyektlərinin vurulmasının ciddi nəticələri ola bilər. Bu isə İranın nüvə zənginləşdirməsində xeyli məsafə qət etdiyinə, bəlkə də artıq onu hazırladıqlarına işarədir. Söhbət ondan gedir ki, İran əgər uran zənginləşdirməsini nüvə silahı hazırlamaq həddinə qədər irəlilədə bilibsə, həmin obyektlərə vurulan zərbənin zəncirvari nüvə reaksiyalarının başlanmasına yol açma ehtimalı var. Bu da nəticə etibarilə İrana nüvə zərbəsi endirməklə eyni anlama gəlir və qlobal nüvə müharibəsini tətikləmiş olar”. Digər hücum variantlarının da təhlükəli nəticlərinin olacağına inanan Heydər Oğuzun fikrincə, İranın neft və qaz təsisatlarının hədəfə alınması və qarşılıqlı atışmaların çıxması Hörmüz boğazının bağlanması ilə nəticələnə bilər: “Dünya neft və qaz ehtiyatının 40 faizi kimi mühüm hissəsinin yerləşdiyi Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatda böyük dalğalanmalara yol aça və xüsusilə Qərb ölkələrini çətin vəziyyətdə qoya bilər. Nəticədə Avropa ölkələrinin rus qazına ehtiyacı qaçılmaz hala gələr və bu da Ukrayna savaşına birbaşa təsir göstərər. Çünki Avropanın imtina etdiyi rus qazının əsas alternativi Fars körfəzində yerləşir və onun marşrutunun bağlanması Avropanı yenidən Rusiyanın ağuşuna atmaq deməkdir”.

Co Bayden hakimiyyətinin bu reallıqla razılaşmasının asan olmayacağını düşünən Heydər Oğuz bildirib ki, ortada yeganə variant qalır:

“İranın ali rəhbərliyinə və yüksək rütbəli hərbçilərinə qarşı sui-qəsdlər hazırlamaq. Bu ssenaridə isə elə şəxslər hədəfə alınmalıdır ki, onlar İran üçün Hizbullah liderindən daha dəyərli olsun. Əks halda İsrailin cavab zərbəsi son zamanlar həyata keçirdiyi hərbi əməliyyatların kölgəsində qalar və heç bir effekt doğurmaz. İran üçün Həsən Nəsrullahdan daha önəmli fiqur isə dini lider Ayətullah Xamneyi və SEPAH-ın ən yüksək rütbəli generallarıdır”.

Heydər Oğuzun fikrincə, son zamanlar Xamneyinin gizlinə çəkilməsi bu mənada təsadüfi deyil və İran kəşfiyyatının əlində bu barədə ciddi məlumatların olduğunu göstərir:

“Belə anlaşılır ki, İsrailin sabahdan başlayacağı güman olunan cavab zərbəsi məhz bu şəxslərə qarşı yönələcək. Bu isə İran-İsrail müharibəsinin ən təhlükəli mərhələyə qədəm qoyması deməkdir”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com





Ana səhifəyə qayıt        Baxış: 5 383          Tarix: Bu gün, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma