
Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəy olduğunu bildirib.
Oxu.Az-ın xəbərinə görə, müvafiq paylaşım diplomatın "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.
"Pakistan Azərbaycanla həmrəydir və Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün erməni silahlı qüvvələri tərəfindən keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Paylaş: