
Şimali Koreya Yapon dənizinə doğru, ehtimal ki, yaxınmənzilli bir neçə ballistik raket atıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat verib.
"Biz bir neçə mərmi qeydə almışıq ki, qiymətləndirmələrə görə, bunlar yaxınmənzilli ballistik raketlərdir, təxminən saat 8:10-da (Bakı vaxtı ilə 3:10) Vonsan şəhəri ərazisindən Yapon dənizinə doğru atılıb", - deyə komitənin bəyanatında bildirilib.
Qeyd edək ki, daha əvvəl Seul başqa təfərrüat təqdim etmədən ballistik raketin buraxılması barədə məlumat vermişdi.
"Bizim Silahlı Qüvvələrimiz əlavə buraxılışlar ehtimalına qarşı nəzarəti gücləndirib. ABŞ və Yaponiya ilə "Şimali Koreyanın ballistik raketləri" ilə bağlı məlumat mübadiləsi aparırıq və tam hazırlıq vəziyyətində qalmağa davam edirik", - deyə Koreya Respublikasının hərbçiləri əlavə ediblər.
Xatırladaq ki, Pxenyan sonuncu dəfə martın 10-da ABŞ və Cənubi Koreya genişmiqyaslı "Freedom Shield" təlimlərinə başladığı zaman Sarı dənizə doğru çox sayda ballistik raket atmışdı.
Hazırkı buraxılış Donald Trampın yanvarın 20-də ABŞ prezidenti vəzifəsinə başlamasından bəri ikincidir. Bundan əvvəl Şimali Koreya bu il yanvarın 6-da və 14-də də raket buraxmışdı.
Paylaş: