
Rusiyanın Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya fövqəladə xidmətlərindən məlumat verilib.
"Hələlik xilasedicilərin olduğu helikopter qəzanın baş verdiyi əraziyə eniş edə bilmir. Dağ yamacı olduğu üçün eniş etməkdə çətinlik yaşanır. Xilasedicilər kəndirlərdən istifadə edərək ora enməyi planlaşdırırlar. Hadisə yerində yanğın var", - deyə agentliyin mənbəsi bildirib.
Qeyd olunur ki, ilkin ehtimallara görə eniş zamanı çətin görmə şəraiti olduğu üçün ekipaj səhvə yol verib. Bu versiya hazırda nəzərdən keçirilir. Digər versiyalar da araşdırılacaq.
Qəzaya uğrayan "An-24"-ün qalıqları yarım kilometr məsafəyə səpələnib. Təyyarədə 49 nəfər olub: 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü.
Paylaş: