Noyabrın 26-da "Zirə" ilə qarşılaşan və çətin qələbə qazanan "Qarabağ"ın yarımmüdafiəçisi Markos Madera - Miçel matçdan sonra sualları cavablandırıb.
- "Çelsi" ilə oyunda baş verənlərdən sonra bu görüşə köklənmək çətin olmadı?
- Komandada yaxşı atmosfer var. "Çelsi" ilə oyuna gəldikdə, böyük komandaya qarşı oynadıq. Üstəlik oyunun çox hissəsini azlıqda keçirdik və hakimin şübhəli qərarları oldu. "Zirə"yə qarşı yaxşı motivasiya olunmuşduq və lazım olan qələbəni qazandıq.
- "Çelsi" ilə matçdan sonra sizinlə danışa bilmədik. Doğurdanmı, hakimin qərarları düzgün deyildi?
- Danışa bilmədim, çünki dopinq otağında idim. Hakimlərə gəldikdə, bəzən lehinə, bəzən isə əlehinə qərar verirlər. Matçı iki hissəyə bölərdim. 11 nəfərlə oynadığımız oyunla azlıqda keçirdiyimiz dəqiqələr fərqli idi.
- Bəs bugünkü matçla bağlı nə deyə bilərsiniz. Fasiləyə 2:0 öndə yollanmağınız ikinci hissədəki çıxışınıza təsir etdimi?
- İkinci hissəyə də eyni istəklə çıxmışdıq. Sadəcə, küləyin həmin istiqamətə əsməsi oyunumuza təsir etdi. Həm də yorğunluğun olmasını da danmıram. Ardıcıl sıx qrafikdə çıxış edirik. Bərpa üçün kifayət qədər vaxtımız olmurdu. Əksər oyunları isə 10 nəfərlə keçirmişik. Nəticədən razı qaldıq.
- Futbolçular bir-birinə qarşı çox aqressiv idi. Bu aqressiya nədən irəli gəlirdi?
- Bu hər iki komandanın qələbə qazanmaq istəyindən qaynaqlanırdı. Normal ot örtüyü olsaydı, bəlkə də bu cür alınmazdı. Meydan kiçik, süni örtükdə top dayanmır. Ancaq bu cür meydanlarda oynamağa məcburuq.//Apastrof.az
- Bayaq sıx qrafikdən danışdınız. Bu cür qrafik qarşıdakı həftədə də davam edəcək. Belədə bərpa olunmaq, oyunlara köklənmək çətinlik yaratmayacaq?
- Çempionatın tən yarısının sonuna yaxınlaşırıq. Hazırlaşmaq üçün vaxtımız olacaq. Hansısa problem görmürəm.
- Qış fasiləsi öncəsi çempionata "Neftçi" ilə duellə son qoyacaqsınız. Əzəli rəqibinizi izləyirsinizmi?
- Baş məşqçi dəyişikliyindən sonra yaxşı çıxış edirlər, qələbələr qazanırlar. Amma evdə oynaycağıq və bu amildən istifadə etməliyik. Ümumiyyətlə, qış fasiləsinə qədər keçirəcəyimiz bütün oyunları qələbə ilə başa vurmaq haqda düşünürük.
Paylaş: