Xəbər lenti

Azarkeşlər “Qarabağ”ın prezidentinə etiraz etdilər - MENECERDƏN AÇIQLAMA GƏLDİ

“Qarabağ”ın prezidenti Tahir Gözəlin komandanın əsas heyətindəki legioner futbolçularla bağlı verdiyi açıqlama mübahisələrə səbəb olub.

Publika.az xəbər verir ki, Çempionlar Liqasındakı iştirakını başa vurduqdan sonra daha çox milli futbolçulara üstünlük veriləcəyini, legionerlərdən imtina ediləcəyini bildirən prezidentin bu sözləri “Qarabağ”sevərlərdə etiraz reaksiyası yaradıb.

Azarkeşlər və futbol mütəxəssisləri komandanın təkcə milli futbolçularla irəli gedə bilməyəcəyini və legionerləri göndərməyin risk yaratdığnı bildiriblər.

“Qarabağ” klubunun meneceri Asif Əsgərov isə prezidentin fikirlərinin yanlış anlaşılıdığını deyərək olaya açıqlama gətirib:

"Klub rəhbərinin müsahibəsində yanlış anlaşılma olub. Tahir bəy demək istəyib ki, biz həm də akademiyaya diqqət ayırmağa çalışacağıq. Yəni gələcəkdə komandada oynayan futbolçular arasında klubun öz yetirmələri olmalıdır. Klub başqanı demək istəyib ki, komandada akademiyamızdan daha çox futbolçu oynamasını, yetirmələrimizin çıxış etməsini arzu edərdik. Bu o demək deyil ki, strategiyamızdan tam imtina edərək 17-18 yaşlı cavanlarla oynayacağıq. Komandada müqaviləsi davam edən futbolçular, legionerlər var. Hər şey bir anın içində həll edilmir. Sadəcə, klub rəhbərinin fikri düzgün başa düşülməyib. Həmin müsahibədən 3-4 saat əvvəl "Roma"nın nümayəndələri ilə rəsmi ziyafətdə idik. İtaliya klubunun prezidenti 50-100 milyonluq transferlərdən danışdı. Müqayisə aparanda, əlbəttə, bizim büdcəmiz onlarla ayaqlaşa bilməz. Özümüzə uyğun, müəyyən imkanlarımız var. Təbii, 50 milyonluq futbolçu almağa büdcəmiz imkan vermir. Tahir bəy də məhz müqayisə apararaq bu məqamı qeyd edib. Amma elə yozulub ki, sanki büdcəmiz yolumuza davam etməyə imkan vermir. İnşallah, yolumuza indiki kimi davam edəcəyik. Böyük klublarla müqayisədə bizim büdcə müəyyən limitə dayanır. Bu faktdır. "Roma" təkcə "Qarabağ"la oyunun bilet satışından 1,5 milyon avro qazanc əldə edib. Fakt budur ki, "Roma"nın bir oyundan qazandığını biz bütün çempionat matçlarından əldə etmirik. Nə bilet satışından, nə də başqa bir yerdən. Büdcə ilə bağlı fikirlər də "Roma" ilə müqayisəyə əsaslanır".




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 14-12-2017, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma