Azərbaycanın energetika naziri Pərviz Şahbazov noyabrın 24-də Boliviyada keçiriləcək Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısında iştirak edəcək.
“Report”a nazirlikdən verilən məlumata görə, sammitdə qaz sənayesi və qaz bazarının mövcud vəziyyəti, perspektivləri, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi ( Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru) üzvü var.
Paylaş: