"Dünyaca məşhur olan Edmund Convayın dəyərli bir fikri var: ”Kreditlər daralan kimi, iqtisadiiyyat durur”. Bu düşüncədən yola çıxaraq ölkədəki iqtisadi artımın sürətlə aşağı düşmə səbəblərindən birini də bu amildə görə bilərik. Kommersiya banklarının kredit resurslarından istifadə səviyyəsi xeyli aşağı düşüb"
Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Məhəmməd Talıblı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kommersiya bankları həyata keçirdikləri 2 prosesin fərqində deyillər:
"Biri böhrandan qabaq az qala helikopterlərlə bütün ailələrə (2,4 mln. nəfər) kredit paylaması (verməsi yox, bəli, məhz paylaması!) idi.
Digəri isə hazırda kredit torbasınnın ağzını yığaraq yürütdüyü konservativ bank siyasətidir.
Birinci məsələdə ”köpük” iqtisadiyyatın əlamətləri açıq sezildi. Gəlirlərə adekvat olmayan kreditlə bahalı avtomobillər, mənzillər və digər istehlak malları satın alınmışdı. Nəticədə ödəmə qabiliyyəti azalan kimi isə məcmu tələb də zəiflədi. Indi isə biznes kreditlərinin xeyli məhdudlaşdırılması hesabına sahibkarların bu resursa çıxış imkanlarını da xeyli azaldıblar".
İqtisadçının sözlərinə görə, borc alanı və satanı bir araya gətirən bank insitutları bu vəziyyətdə biznesi kreditsiz qoymaqla, iqtisadiyyatın ”nəfəsboğan"ına çevriliblər:
"Banklar bu nisbi sükunətdə ən pis halda ”gələcəkdə qazana biləcəklərini” itirirlər. Dövlət isə yaxın gələcəkdə iqtisadiyyatın butov halda bundan daha çox itirəcəyinin fərqində olmalıdır. Məhz yaranmış mövcud situasiyaya görə, dövlət kredit bazarına sadəcə seyrçi kimi baxmalı deyil. Xüsusilə Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası özünün monetar alətlərindən istifadə edib, iqtisadiyyatda əvvəlki hərarəti təmin etmək üçün effektiv tədbirlərə başlamalıdır".
Məhəmməd Talıblı deyir ki, bütün dünyada Mərkəzi Bankların əsas məqsədi iqtisadiyyatı ani düşmə və çıxışdan qorumaqdır:
"Bununla bərabər, Mərkəzi Bank bazarda tənzimləmə alətlərini "dişsiz" etməli də deyil. Əks halda Mərkəzi Bankın bu davranışı döyüş meydanında yanacağı qurtarmış zirehli texnikanı xatırladacaq. Mərkəzi Bankın hazırkı destimulizasiyası kredit bazarındakı iştirakçıları uzunmüddətli ölü vəziyyətə gətirmək deməkdir. Biz devalvasiya ehtimalına görə bu ölü vəziyyəti qorumaq, yoxsa iqtisadi dinamizmin güclənməsi fonunda monetar proseslərə yön vermələliyik?
Məncə, dövlətin monetar qurumları bu fundamental suala özünün preventiv addımları ilə aydınlıq gətirsə, yaxşı olar".
Paylaş: