2017-ci ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulmuş hissəsinin 86 faizinin icrası tamamlanıb, 12 faizi qismən icra edilib və 2 faizi isə icra edilməyib.
Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, qabaqcıl beynəlxalq təcrübə və mövcud vəziyyət təhlil edilərək, Azərbaycanda tətbiq edilə biləcək büdcə qaydaları ilə bağlı hesabat təqdim olunub. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb. Ortamüddətli Xərclər Çərçivəsinin mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Pul təklifi kanallarının nəzarətə götürülməsini təmin edən pul proqramı (2017-ci il üçün) qəbul edilib və ilin yekunu üzrə bu proqrama əməl edilib.
“Valyuta hərracı mexanizminə müvafiq dəyişikliklər edilib, həmçinin xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limit (±4%) ləğv edilib. “Dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiya” adlı sənəd hazırlanıb.
“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli sərəncamı ilə təsdiq edilib. Tədbirlər Planında müəyyən edilmiş istiqamətlər üzrə müvafiq islahat tədbirləri həyata keçirilib. Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatı müəyyən edən meyarlar nəzərə alınmaqla “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” yenilənmişdir. Dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilərək 40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilib və onlardan 13-ü özəlləşdirilib. 2017-ci il ərzində 11 səhmdar cəmiyyətinin səhmləri (9-u pul hərracları, 2-si investisiya müsabiqəsi vasitəsilə) özəlləşdirilib. İl ərzində hərracı keçirilmiş 699 kiçik dövlət müəssisə və obyektinin 527-si, icarəyə verilmiş qeyri-yaşayış sahələrindən isə 232-si, yəni ümumilikdə 759 müəssisə və obyekt satılıb. 336 obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilmiş və 320 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. İnvestisiyaların təşviqi mexanizmləri sahəsində beynəlxalq təcrübə öyrənilmiş və “İnvest in Azerbaijan” mexanizmlərinin tənzimlənməsi qaydası hazırlanıb”, – deyə hesabatda vurğulanıb.
Sənəddə qeyd olunub ki, “Məktəbəqədər təhsil haqqında” 2017-ci il 14 aprel tarixli Azərbaycan Respublikasının qanunu qəbul edilib. Ümumi təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə 2017–2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunub və bu istiqamətdə həyata keçirilən tədbirləri əhatə edən Fəaliyyət Planı təsdiq edilib. 2017-ci ilin aprel-may aylarında ölkənin qalan 26 regionunda 41 360 nəfər müəllimin bilik və bacarıqları qiymətləndirilib, ölkənin ümumi təhsil sistemində çalışan 140 min müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların vəzifə maaşı 2 dəfə, həftəlik dərs yükü 1,5 dəfə artırılıb.
“Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2017-ci il 30 iyun tarixində qəbul edilib”, – deyə məlumatda vurğulanıb/APA.
Paylaş: