Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” ASC-lər arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, sənəddə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi vətəndaş firavanlığına, sosial rifah halının yaxşılaşmasına nail olmaqdır. Nazir qeyd edib ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım olub, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Bundan başqa, ölkdə yoxsulluq səviyyəsinin 5%-ə endiyini deyən nazir bunun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, son dövrdə Prezident tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılmasına, digər tərəfdən əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Aparılan sistemli islahatların mühüm bir istiqamətlərindən biri də əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulması, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınmasıdır.

S.Babayev Prezidentin 9 avqust 2018-ci il tarixli fərmanının icrası olaraq, nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması, habelə dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. O, qeyd edib ki, nazirliyin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin, müvafiq fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün “e-sosial” internet portalının yaradılması işləri davam etdirilir.

Yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” Qanun barədə də məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, bu Qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Nazir əmək bazarının daimi müşahidəsi və monitorinqinin aparılması, strateji məşğulluq sahələri və kadr tələbatı üzrə orta, eləcə də uzunmüddətli dövrü əhatə edən proqnozlaşdırma məqsədilə Milli Observatoriyanın yaradılacağını da bildirib.

S.Babayev əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsinin, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasının dəstəklənməsi məqsədilə nazirliyin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondunun da yaradılacağını qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 515          Tarix: 28-09-2018, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma