Xəbər lenti

Dünya dövlətlərinin iqtisadi azadlıq reytinqi açıqlanıb. Novator.az-ın məlumatına görə, Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı reytinq mərkəzi hökumət qurumlarının say tərkibi, mülkiyyət hüququnun müdafiəsi və məhkəmə azadlığı, pul siyasətinin sərtlik dərəcəsi, xarici ticarət azadlığı, kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanır.

İqtisadi azadlıq reytinqinin ilk onluğunda Gürcüstan da var. Bu ölkə 7-ci sırada qərarlaşıb. Ən azad ölkə Honkonqdur. Onu Sinqapur  Yeni Zelandiya, İsveçrə, İrlandiya, ABŞ təqib edir.

Azərbaycan iqtisadi azadlıq reytinqində 106-cı yerdə qərarlaşıb. Ermənistan 29-cu, Türkiyə 86-cı, Rusiya 87-ci, İran 130-cudur.

Azərbaycanın siyahıda yerləşdiyi mövqe ölkəmizdə ciddi müzakirələrə səbəb olub. Ekspertlər reytinqin ölkəmizə qarşı qərəzli olduğunu bildirirlər. Xüsusilə iqtisadiyyatı bəzi ölkələrdən asılı olan  düşmən Ermənistanın sıralamada Azərbaycandan 77 pillə irəlidə göstərilməsi ciddi etiraz doğurub. İqtisadiyyatı yox dərəcəsində olan və Rusiyanın yardımı ilə ayaqüstə qalan bir dövlətin ilk 30-luqda olması reytinqin obyektivliyinə ciddi şəkildə kölgə salır.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Azərbaycanın bu sırada dayanmasının mümkünsüzlüyündən söz açdı: “Bu, heç şübhəsiz qərəzlidir. Azərbaycanın bu gün adıçəkilən göstəricilərə görə bu qədər aşağı yerdə dayanması mümkün deyil. Necə olur ki, dünyanın ən mötəbər maliyyə institutları Azərbaycanın analoji göstəricilərə görə çox mötəbər bir yerlərdə dayandığını bəyan edirlər, ancaq Kanadanın bir institutu bu göstəriciləri bir başqa formada təqdim edir?”

Sabiq nazir qeyd edib ki, son bir neçə ildə Azərbaycan hökuməti biznes mühitinin münbitləşdirilməsi, onun daha əlçatan və şəffaf olması istiqamətində olduqca mühüm addımlar atıb. Hökumətin bu addımları nə beynəlxalq reytinq agentliklərinin, nə də investorların diqqətindən kənarda qalmayıb: “Ötən il Azərbaycan iqtisadiyyatına 15 milyard dollar investisiya yatırılıb ki, bunun da tən yarısı xarici investisiyaların payına düşür. Əgər Azərbaycandakı biznes mühiti Kanadanın Freyzer İnstitutunun bəyan etdiyi bir səviyyədə olsaydı, heç bir xarici investor Azərbaycana bu qədər investisiya qoymazdı və ya bu investisiyaların həcmi Ermənistana keçən il yatırılan xarici investisiyaların həcmindən çox olmazdı”.

Məlumat üçün deyək ki, ötən il bu işğalçı ölkəyə yatırılan xarici investisiyaların həcmi cəmi 200 milyon ABŞ dollar səviyyəsində olub: “Kanadanın Freyzer İnstitutu Azərbaycan iqtisadiyyatına 2017-ci ildə yatırılan 7 milyard dollar xarici sərmayə ilə Ermənistan iqtisadiyyatına həmin ildə yatırılan 200 milyon dolları müqayisə edib biznes mühitinin münbitliyinin hansı ölkədə necə olmasını dəyərləndirsəydi, bu, daha doğru olardı. Biznes mühitə ən yaxşı qiyməti verən xarici sərmayədardır. O da çox yaxşı bilir ki, hansı ölkədə biznes mühiti necədir”.

 




Ana səhifəyə qayıt        Baxış: 316          Tarix: 5-10-2018, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma