Xəbər lenti

Oktyabrın 11-də qlobal səhm bazarlarında kəskin düşüş yaranıb. Vol Stritdə son 8 ayda ən kəskin eniş yaşanıb. Honq Konq, Tokio və Şanxayda səhmlər dəyərinin 3 faizindən çoxunu itirib.

Birləşmiş Ştatlarda faiz dərəcələrinin artımı, qlobal artımın yavaşıması, ticarət müharibələri hədələri artıq investorları ciddi narahat etməkdədir.

Vol Stritdə Standard & Poor’s 500 indeksi 3,3 faiz düşüb, investorlar üst-üstə 850 milyard dollar itirib. Ən çox itirənlərin başında “Apple” və “Boeing” kimi yüksək texnologiya nəhəngləri gəlir. ABŞ-Çin ticarət müharibəsinin də ən çox onlara zərbə vuracağı gözlənir.

Bu arada ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sistemini (FED) faiz dərəcələrini artırdığına gör tənqid edib, deyib ki, mərkəzi bank ağlını itirib. Bu sözlər qlobal bazarlardakı çaxnaşmanı gücləndirib.

“Məncə, FED səhv edir, sərt addım atır”, – deyən Tramp onu da əlavə edib ki, səhmlərin ucuzlaşması uzun zamandır gözlədiyimiz korreksiyadır.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Laqard isə FED-i müdafiə edib, faiz dərəcələrinin artırılmasının qaçılmaz, xeyli təkmil artım göstərən, inflyasiyanın gücləndiyi… işsizliyin çox aşağı olduğu… ölkələr üçün lazımlı olduğunu deyib.

ABŞ mərkəzi bankı doqquz ildən çox idi faiz dərəcəsini indiyədək görünməmiş aşağı səviyyədə saxlayırdı ki, bu da 2008-ci ilin maliyyə böhranından sonra uzunmüddətli geriləmə yaşayan ölkə iqtisadiyyatını stimullaşdırırdı. Bu ilin ilk rüblərində ABŞ-da iqtisadi artım 4 faizi keçib. Buna Prezident Trampın təşəbbüsü ilə Konqresin qəbul etdiyi vergilərin azaldılması qanunu da töhfəsni verib.

Böhrandan sonrakı 10 il ərzində səhmlər dörd dəfəyədək bahalanıb. Trampın ilyarımlıq prezidentliyi dövründə isə onlar orta hesabla 20 faiz civarında bahalanıb. İnvestorlar indi narahatdırlar ki, faiz dərəcəsinin qaldırılması iqtisadi artıma və korporasiyaların gəlirlərinə mənfi təsir göstərər.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 519          Tarix: 11-10-2018, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma