Xəbər lenti
Dünən, 19:25

24 noyabr 2018-ci il tarixində baş nazir Novruz Məmmədov qərara alıb ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “3” rəqəmi “1,5” rəqəmi ilə və “600” rəqəmi “200” rəqəmi ilə əvəz edilsin. Yəni Vergi Məcəlləsinin 188-ci (Azadolmalar) maddəsinin birinci bəndinə edilən dəyişikliyə əsasən də fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.

Maraqlıdır ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad olduğu halda, indi ölkədə nə dəyişib ki, fərdi istehlak üçün 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret gətirməyə icazə verilir?!

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə görə, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyənləşib.

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli “hürriyyət.org”-a şərhində deyib ki, iqtisadi qanunauyğunluq olmalıdır: “Bu da vətəndaşların fərdi istehlakı üçün gətirilən mallara məhdudiyyət qoyulmaması şərtidir. Çünki adətən Azərbyacanda hər hansı bir müəssisə açıldıqda və yaxud planlaşdırıldıqda bu və ya digər məhdudiyyətlər daha da sərtləşdirilir və bu vətəndaşlarımızın deməyinə əsas verir ki, Azərbaycanda istehsalda da monopoliya var. Həm də idxaldakı monopliya davam edir. Bu, əsassız olaraq vətəndaşların incidilməsinə, sərhəd-keçid məntəqələrində bu və ya digər formada növbələrin yaradılmasına və sərhəd ticarətinin məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə, hökumət süni olaraq belə addımlar atırsa, deməli, kimlərinsə marağına uyğun hərəkət edir. Yəni mən bir iqtisadçı, liberal bazar dəyərlərinə sadiq olan insan olaraq bunu mənfi qiymətləndirirəm və hesab edirəm ki, bu da inhisarçılığın bir elementidir”.

N.Bəydəmirli vurğulayıb ki, belə məhdudlaşdırıcı addımlarla ancaq korrupsiyanı, qaçaqmalçılığı çiçkələndirmək olar: “Bu da sürətləndirilir, qanun pozuntuları daha da artır. Ona görə, vətəndaşları yerli malla, xidmətlərlə təmin etmək üçün azad ticarət olmalıdır, iqtisadi fəaliyyət tam təmin olunmalıdır. Ortalığa belə bir sual çıxır ki, vətəndaşın ucuz və keyfiyyətli malı ölkəsində almaq imkanı varsa, o, niyə xaricdən siqaret və spirtli içkilər gətirsin? Ona görə, ilk növbədə, mal bolluğu yaratmaq lazımdır. Onun üçün də məmur sahibkarlığı və inhisarçılıq ləğv olunmalıdır”.

“Belə məhdudlaşdırcı addımların atılması müxtəlif sosial narazılıqlar yarada bilər”

“Sirr deyil ki, fərdi istehlak üçün spirt və siqaret gətirənlərdən başqa, 3 litr spirtli içki, 600 ədəd siqareti sərhədlərdən keçirməklə, kiçik ticarətlə məşğul olanlar da var. Ölkədə işsizlik olduğu halda ailəsini bu yollarla dolandıranlara zərbə vurmaq ölkədə narazılığı artıracaq addım deyilmi” sualına N. Bəydəmirli belə cavab verib: “Bu və ya digər fromada bu tpli sahibkarlıqla məşğul olanları əksinə, təşviq etmək lazımdır. Bunun başqa yolları var. Bir vətəndaş ildə nə qədər sərhəddən keçir və nə qədər bu məhsulları gətirir, bunu bilmək olur. Bu mənada təşviqedici sənədlər tətbiq etmək, kiçik bizneslə məğul olanları maarifləndirmək lazım idi və onların bu və ya digər fromada dövlət büdcəsinə qatqısını saxlamaq lazımdır. Bu, əslində, rəqabəti artıran bir amildir. Ona görə, bazarda daha çox məhsulun, çeşidin olması lazımdır. Sual vermək lazımdır ki, bu məhsullar qonşu ölkədə niyə ucuzdur, bizdə bahadır? Bu sualı həll etmək, səbəbləri aradan qaldırmaq əvəzinə, belə məhdudlaşdırcı addımların atılması təbii ki, müxtəlif sosial narazılıqlar yarada bilər”.

N.Bəyədimirli qeyd edib ki, əslində, hökumətin işi bu və ya digər formada ölkə daxilində monopoliyanı qorumaq olmalı deyil, əksinə vətəndaşların şəraitini yaxşılaşdırmaq, o cümlədən sərhəd zonalarında, yaxud digər bölgələrdən olan vətəndaşlarımızın sərhəd ticarətini təşkil etmək lazımdır. “Bu baxımdan, mən hesab edirəm ki, istənilən məhdudlaşdırıcı amil vətəndaşlar və iqtisadiyat üçün zərərlidir”.

 




Ana səhifəyə qayıt        Baxış: 312          Tarix: 29-11-2018, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma