Xəbər lenti

 

Abiotik və biotik amillərin bitkilərdə əmələ gətirdiyi dəyişikliklər “stres” adlanır. Stres bitkilərdə vacib fizioloji və metabolik dəyişmələrə səbəb olur, bitkilərin böyümə və inkişafına mənfi təsir edir. Abiotik stresə “cansız amillərin”, başqa sözlə ətraf mühitin mənfi təsirləri aiddir, fiziki və kimyəvi olmaqla 2 yerə ayrılır. Fiziki amillərə - yüksək və aşağı temperatur, quraqlıq, su stresi, radiasiya və mexaniki təsirlər; kimyəvi amillərə - qida elementlərinin çatışmazlığı, duzluluq, toksinlər, oksidləşdirici stres, torpağın pH-ı, zərərli dərmanlar və ətraf mühitin çirklənməsi aid edilə bilər. Stres faktorlarının əmələ gətirdiyi zərər bitkilərin ətraf mühitə adaptasiya dərəcəsindən asılı olaraq dəyişir.

Uzun sürən yüksək temperatur, quraqlıq, o cümlədən ani yüksələn temperatur, uzun sürən anomal istilər bitkilərdə, o cümlədən üzümdə ciddi fəsadlar törədir, inkişafa mənfi təsir etməklə, ciddi məhsul itkisinə səbəb olur. Tənək 28-32°, hətta 35°C-də normal böyüyüb inkişaf edir. Lakin, 40°C temperaturda tənəkdə böyümənin sürəti kəskin azalır, 40°C-dən yuxarı olduqda isə tənəyin yaşıl hissələrində zədələnmələr (yarpaqda və yaşıl zoğlarda qarsılma və gilələrdə isə “yanıqlar” baş verir) yaranır və kök sisteminin fəaliyyəti pozulur. Temperaturun 37 dərəcədən yuxarı qalxması bir sıra xəstəliklərin (məsələn, oidium) qısa müddət də olsa, inkişafını zəiflədir. Bu müsbət haldır.

Üzüm nəmlik sevən mezofit bitkidir. Suvarılmayan üzümlüklərin normal inkişafı, böyüməsi və bar verməsi üçün illik yağıntıların miqdarı 400-500 mm-dən aşağı olmamalıdır. Yağıntıların bu həddə təmin olunmaması, o cümlədən havada nəmliyin az olması və həddən artıq yüksək temperatur üzümdə metabolizm, barvermə və böyümə  prosesini pozur.

Yuxarıda qeyd edildiyi kimi, yüksək temperatur və qızmar günəş şüaları əsas mənfi təsiri salxımlara, gilələrə göstərərək, onlarda “gün yanıqları” əmələ gətirir. Bu isə məhsulun əmtəəlik görünüşünə və keyfiyyətinə mənfi təsir edərək, onun rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bu vaxt nəinki suvarılan, o cümlədən dəmyə şəraitdə əkilib-becərilən üzümlərdə də stres əlamətləri (qarsılmalar, gün yanıqları və s.) baş verə bilər.

Qeyd edək ki, nəmli və sərin bölgələrdə sıx əkilmiş üzüm bağlarında yarpaqlar üzüm salxımlarının üzərinə kölgə salaraq ona işıq düşməsinin qarşısını alır və gilələrin rəng intensivliyi azalır. Hətta normal havalanma getmədiyindən göbələk xəstəliklərinin də inkişafı sürətlənir. Bunların qarşısını almaq üçün salxımlara kölgə salan yarpaqlar qoparılmalıdır. Ancaq yarpaq qoparma texnikasına uyğun olaraq aparılmalıdır ki, fotosintez prosesinin intensivliyi azalmasın və  günəş şüaları gilələri zədələməsin.

Ona görə də, bu problemlərin qarşısını almaq üçün ətraf mühitin mənfi təsirləri düzgün qiymətləndirilərək üzümçülükdə bir sıra aqrotexniki, aqrokimyəvi və digər tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir. Yarpaqların və yaşıl zoğların qoparılması yaşıl əməliyyatın ən vacib elementlərindəndir. Üzümdə “yarpaq alma, yaxud yarpaq qoparma” əhəmiyyətli yaşıl əməliyyat olaraq, vaxtında və düzgün həyata keçirilməlidir.

Bu tədbir torpaq-iqlim şəraitindən, sort xüsusiyyətlərindən, üzümçülüyün ixtisaslaşma istiqamətindən, üzümün becərilmə texnologiyasından, məhsulun istifadə istiqamətindən və s. asılı olaraq vegetasiya ərzində üç dəfə həyata keçirilə bilər. Birinci dəfə çiçəkləmədən bir neçə gün qabaq (qismən yarpaq alma), ikincisi çiçəkləmədən bir neçə gün sonra, yəni qoralar formalaşan dövrdə (bu dövrdə xüsusi diqqətli olmaq lazımdır ki, iyul ayının ortaları və axırlarından temperatur yüksəlməyə başlayır, gün işığı intensivləşir ki, bu zaman yarpaq qoparma və digər yaşıl əməliyyatların aparılması gilələrdə günəş yanıqlarının əmələ gəlməsinə səbəb olur), üçüncüsünün isə üzüm giləsinin “rəngdəyişmə” və ya “texniki yetişkənlik” dövründə aparılması məqsədəuyğundur. Bu zaman yarpaqlar texnikasına uyğun olaraq qoparılmalıdır.

Adətən günəş işığı ilə bol işıqlanan və yay boyunca yüksək temperatur müşahidə edilən ərazilərdə cənub-şimal istiqamətində salınan üzüm bağlarında daha çox günəş yanıqları müşahidə edilir. Belə üzümlüklərdə səhər və günortadan sonra düz düşən günəş şüaları üzüm gilələrini zədələyərək, bəzi hallarda 30-40% məhsul itkisinə səbəb olur.

Torpaqda nəmliyin aşağı olması gilələrin şəkərtoplama intensivliyini  ləngidir, bu proses uzun sürərsə, gilələrin su balansı pozulur və büzüşmə gedir. Üzüm gilələrinin yetişməsi və yüksək şəkər toplaması havanın temperaturundan və sutkalıq temperatur amplitudundan əhəmiyyətli dərəcədə asılıdır. Lakin gecə və gündüzün temperatur fərqinin həddindən artıq yüksək olması üzümdə stresə yol açaraq, güclü “gilə tökülməsi”nə səbəb ola bilər. Temperaturun kəskin sıçrayışla dəyişməsi və onun stres halında özünü biruzə verməsi üzümdə müvəqqəti olsa da  uyğunlaşma reaksiyalarının pozulması ilə nəticələnir. Bu da özlüyündə üzümün toxumalarında suyun itirilməsinə şərait yaratmaqla təhlükə ilə nəticələnə bilir.

Preventiv tədbirlər:

  • Suvarma işləri və məhlul çiləmə gecə saatlarında (saat 22-00-dan 07-00-a qədər) aparılmalı və kalium gübrələrindən istifadə olunmalıdır;
  • Yüksək temperatur davam etdikcə gündüzlər xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizələrin (məhlul çiləmək) aparılması məqsədəuyğun deyil;
  • Düzgün aparılmayan yarpaq qoparma əməliyyatı gün yanıqlarına səbəb olduğundan yarpaqlar “pəncərə açma metodu” ilə qoparılmalı, salxımların üzəri tam açılmamalıdır. Çünki anomal istilərdə bitkinin ağ ciyərləri dediyimiz yarpaqlar qoparıldığı zaman salxımın üzəri açıq qalır;
  • Tənəkdə baş verən stresin fəsadlarını aradan qaldırmaq üçün təsərrüfat sahibləri tərəfindən biotik və abiotik stres amillərinə qarşı kimyəvi preparatlardan (Albit, Megafol, Radifarm, Viva və s.) istifadə edilərək çiləmələr aparılmalı (gecələr) və bunun üçün həmin preparatlardan kifayət qədər tədarük görülməlidir;
  • Normal suvarılan üzümlüklərdə yayda, gilələr yetişən dövrdə suvarmanın birdən-birə dayandırılması fəsadlar törədir. Bu zaman salxımların aşağı hissəsindən gilələr soluxmağa başlayır və getdikcə tam büzüşərək quruyub tökülür. Bu zaman gilələr boş olur, yedikdə tamsız hiss olunur. Ona görə də suvarılan üzümlüklərdə yayda suvarma rejiminə diqqət olunmalıdır;
  • Uzun sürən anomal istilər dəmyə üzümçülüyündə də stresə yol açır. Bunu aradan qaldırmaq üçün kaliumlu gübrələrdən (kökdən və kökdənkanar yemləmələr), o cümlədən stresə qarşı kimyəvi preparatlardan istifadə edərək gecələr çiləmələr aparılmalıdır;
  • Günəş işığı bol düşən və yay boyunca yüksək temperatur müşahidə edilən ərazilərdə yeni üzüm bağları şərq-qərb istiqamətində salınmalıdır.

 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Vüqar Səlimov

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mövlud Hüseynov




Ana səhifəyə qayıt        Baxış: 347          Tarix: 23-08-2019, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma