Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrlə ticarət əlaqələrinin genişlənib və 2018-ci ildə ticarət dövriyyəsinin 29%, bu ilin yanvar-iyul ayı ərzində isə 32% artıb.
“Report”un xəbərinə görə, bu barədə İqtisadiyyat naziri Şahin MustafayevTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşdə bildirib.
Məlumata əsasən, nazir Şahin Mustafayev Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edib. Ölkəmizin TDƏŞ-ə üzv ölkələrlə ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran İqtisadiyyat naziri 2018-ci ildə ticarət dövriyyəsinin 29%, bu ilin yanvar-iyul ayı ərzində isə 32% artdığını bildirib. İqtisadiyyat naziri Qazaxıstanın Nur - Sultan şəhərində də Azərbaycan Ticarət Evinin açılacağını diqqətə çatdırıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev TDƏŞ-in üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın bu təşkilatda fəal iştirakını vurğulayıb.
Görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın hazırki vəziyyəti və genişləndirilməsi imkanları, Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, TDƏŞ-in 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili barədə müzakirələr aparılıb. Qeyd olunub ki, TDƏŞ VII Zirvə Toplantısı üzv ölkələrin iqtisadi əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.
Paylaş: