Xəbər lenti

 

Kənd Təsərrüfatı Nazirliyi yanında“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri və bir qrup əməkdaşı avqustun 18-31 tarixlərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən Cənubi Koreyada təşkil olunan “Azərbaycanda Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Sisteminin Təkmilləşdirilməsi” təlimində iştirak ediblər.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Təlimin əsas məqsədi Cənubi Koreyada qida məhsullarının tədarükü və təchizatı sahəsində mövcud qanunvericilik, yerli və mərkəzi hakimiyyətlərin bu prosesdə rolu, tədarükçü və dövlət satınalan təşkilatları ilə münasibətlərin tənzimlənməsi kimi müxtəlif mövzularla əyani şəkildə tanışlıq və ölkəmizdə Cənubi Koreya təcrübəsini tətbiq etmək olub.

Təlim boyunca iştirakçılar və təlimçilər tərəfindən iki ölkədə olan vəziyyətin qarşılıqlı təhlili aparılıb. Görüşlərdə ekologiyanı qorumaqla bağlı həyata keçirilən (eco-friendly) istehsal prosesi və fermer kooperativləri ilə iş, məktəblərin ərzaq təminatı, müqaviləli əkin qaydaları, tədarükçü fermerlərin seçim meyarları geniş müzakirə olunub.

Məlumata görə, təlim çərçivəsində iştirakçılar Nəqliyyat və Loqistika Mərkəzinə baş çəkiblər. Burada onlar loqistika mərkəzinin iş prinsipi və əməliyyat həcmi, loqistika prosesində qida təhlükəsizliyinə nəzarət mexanizmləri, kiçik həcmdə qablaşdırılmış məhsul istehsalı prosesi ilə tanış olmaq imkanı əldə ediblər. ATT əməkdaşları Gyeonggi-do regionunda məktəblərin ərzaq məhsulları ilə təminatı prosesi ilə yaxından tanış olmaq məqsədi ilə Gyeonggi Aqro-Qida İnstitutunda olublar. İnstitutun fəaliyyət məqsədləri və istiqamətləri öyrənilib, təcrübə mübadiləsi imkanları müzakirə olunub. Qeyd edək ki, Gyeonggi Aqro-Qida İnstitutu məktəblərdə düzgün və balanslı qidalanmanın təşviqi, kəndlərlə şəhərlərin əlaqələndirilməsi, gənclərin kənd təsərrüfatı sahəsində maarifləndirilməsi, orqanik əkinin və “Ağıllı ferma”ların dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.

İştirakçılar Gyeonggi-do regionunda, Hankyong Milli Universitetinə məxsus ağıllı fermaya da səfər ediblər. Burada onlar müasir texnologiyaların köməyi ilə heyvandarlıqda məhsuldarlığın artırılması, süni intellektin tətbiqi, qida təhlükəsizliyi məqsədilə görülən tədbirlər, məhsulların satış mexanizmi sahəsində yeni və innovativ informasiyalarla məlumatlandırılıb.

Təlim proqramının sonunda Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin inkişaf etdirilməsi istiqamətində koreyalı professorların iştirakı ilə Fəaliyyət Planı hazırlanıb. “Aqrar və qida ticarəti sisteminin təkmilləşdirilməsi” mövzusunda hazırlanan fəaliyyət planı koreyalı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Fəaliyyət planında Koreya təcrübəsini əsas götürərək Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı prosesinin avtomatlaşdırılması, kiçik və orta fermer təsərrüfatı sahiblərinin prosesdə daha yaxından iştirakının stimullaşdırılması, şəffaflığın artırılması və biznes proseslərinin optimallaşdırılması nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 359          Tarix: 5-09-2019, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma