“Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Mənim də sualım var, siz istəyirsiniz ki, tam pulsuz xidmətlər olsun?”
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır: “Dünən bütün rayonlar üzrə təhlil aparmışam. Elə rayonlar, elə məkanlar var, 10-30 manata adamları yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Deməli, adambaşına təxminən 15 manat düşür. Hesab edirəm, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Mən düşünmürəm ki, bu gün kimsə beş-üç manata istirahət edə bilər. Bu, mümkün deyil”.
Ə. Qarayev hostellərlə bağlı suallara cavab olaraq qeyd edib ki, özəl evlərdə və yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl olunması lazımdır: “Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı tapşırıqlar verilib. Biz hazırda onun üzərində işləyirik. Düşünürəm ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqdan sonra artıq insanlar hostellərin nə olduğunu kifayət qədər aydın təsəvvür edə biləcəklər. Bu gün bu iş pərakəndə şəkildə həyata keçirilir. Lakin tendensiya göstərir ki, bu hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var. İnsanlar kifayət qədər normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər”.
Paylaş: