“Neft bazarında qiymətin sabitləşməsini hədəfləmək həmişə daha yaxşıdır”.
Bunu Azərbaycan Energetika naziri Pərviz Şahbazov İtaliyada bu ölkənin “İl Sole 24 Ore” nəşrinə müsahibəsində bildirib.
O xatırladıb ki, yanvar ayında Azərbaycan gündəlik 770 min barel neft hasil edib: “Bu 10 il əvvəlkindən azdır. Lakin indi biz qısamüddətli perspektiv yaratmışıq. Növbəti üç ildə hasilatın artacağını gözləyirik”.
Nazir qeyd edib ki, 2020-ci ildə ölkədə 36,5 mln. ton, 2021-ci ildə 38 mln. ton, 2022-ci ildə isə 39 mln. ton neft hasilatı planlaşdırılır.
P. Şahbazov hasilatın artırılmasının yeni aşkar olunmuş bir neçə yataq sayəsində olacağını bildirib: “Bu il də yeni yataqların aşkar olunacağına inanırıq. Gələcək geoloji-kəşfiyyat əməliyyatları isə neftin qiymət dinamikasından asılıdır. Amma fikirlərimi aydınlaşdırmaq istəyirəm. Neft bazarında qiymətin stabilləşməsini hədəfləmək həmişə daha yaxşıdır. Bu bütün iştirakçılar- istehlakçı və ixracatçılar üçün önəmlidir”.
Nazir xatırladıb ki, OPEC+ formatı çərçivəsində Azərbaycan gündəlik hasilatı 27 min barel azaltmaqla bağlı razılığa gəlib.
“Mən hər zaman qeyd edirəm ki, məqsəd bazarlarda stabilliyin təminatıdır. 2016-cı ildə Azərbaycan Prezidenti Davos forumunda OPEC-ə üzv və digər neft ixrac edən ölkələrin gələcək addımların koordinasiyası üçün görüşünü təklif etmişdi. 2017-ci ildə razılıq əldə olundu və Azərbaycan ən aktiv iştirakçılardandır. Biz onu OPEC+ adlandırırıq. O, təxminən, 4 il ərzində hasilatın azaldılması və qiymətlərin stabilləşməsi ilə effektivliyini sübut edib”.
Strateq.az
Paylaş: