Xəbər lenti

 
Rusiya hökuməti daxili bazarda vəziyyətin sabitləşdirilməsi üçün benzinin ölkədən ixracına müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi ideyasını nəzərdən keçirir”.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak TASS-a açıqlamasında belə deyib.
 
Onun sözlərinə görə, Rusiya Energetika Nazirliyi yaxın zamanlarda bu barədə təkliflər paketini hökumətə təqdim edəcək.
 
Novak benzinin ixracına qoyulacaq məhdudiyyəti daxili bazarda tələbləri ilə əlaqələndirib: “Tələbat artır və biz isə daxili bazarı tam həcmdə təmin etməliyik".
 
Bir müddət əvvəl Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) birjada enerji məhsullarının qiymətlərinin artması ilə əlaqədar neft treyderlərində plandankənar yoxlamalar keçirəcəyini bəyan etmişdi. Xidmətdən bildirmişdilər ki, iyul ayında Aİ-92 və Aİ-95 benzinlərinin birja qiymətləri bir neçə dəfə dəyişiklik baş verib. Dünya neft birjasında qiymətlərin artması, rublun isə zəifləməsi Rusiyanı daxili bazarda neftin dəyərinə yenidən baxmağa məcbur edib. 
 
Rusiya Energetika Nazirliyi məhz bu amilləri nəzərə alıb bir müddət əvvəl yanacaq böhranından qaçmaq üçün benzin ixracını qadağan etmək təklifini irəli sürmüşdü. Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə neft şirkətləri ilə razılaşmalarda yanacaq qiymətlərinin sabitləşməsinə ehtiyac olmadığını, lakin hökumətin belə bir seçiminin mövcudluğunu bildirmişdi. O, demişdi ki, hökumət yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dünyada neftin qiymətinin kəskin artması və zəif rubl şəraitində belə, yuxarı qalxmamasına nəzarət edir. Görünür, xarici alıcıların daxili bazar üçün nəzərdə tutulan ucuz neft tədarükünün qarşısını almaq üçün Rusiya ixracatı dayandırmağa qərar verib.


 
Rusiyanın bu addımı nə qədər qəribə səslənsə də, neft ölkəsi olan Azərbaycanın daxili enerji bazarına da təsirsiz ötüşməyə bilər. Çünki bu ölkənin Aİ-92 və Aİ-95 benzininin alıcılarından biri də bizik. Demək olar ki, hər il Heydər Əliyev adına neft emalı zavodu yenidənqurma işləri səbəbindən bir neçə ay təmirə dayanır və həmin müddət ərzində illik benzin ehtiyacımızın mühüm qismi Rusiyadan idxal olunur. 2019-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə hətta 92 və 95 oktanlı benzinlər 15%-lik gömrük rüsumundan belə azad edilmişdi. 
 
Ekspertlər bunun səbəbini neftayırma zavodunun köhnəlməsi ilə izah edirlər. Onların sözlərinə görə, zavod hər il təmirə dayanmaqdan və yeyintidən başqa bir işə yaramayan “yenidənqurma” prosesindən keçməkdəndirsə, sökülüb təzədən tikilməlidir. Əks halda onun “işgüzar” potensialı ilə biz Rusiyadan benzin asılılığından xilas ola bilməyəcəyik. Rusiya ixracı dayandıranda isə yeni tədarükçülər axtarmağa məcburuq.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 352          Tarix: 30-07-2021, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma