Xəbər lenti


Əl-Cəzirə, Qətər
24.11.2021


Müəllif: Sinem Köseoğlu
Azərbaycan iqtisadiyyatı neft-qaz resursları ilə qidalanır. İndi Avropadakı enerji böhranı da onun diqqət mərkəzindədir. Bakı bildirir ki, o, Avropaya artan enerji təlabatının təmini üçün qaz tədarük edə bilər.

Vitali Bəylərbəyov (SOCAR vitse-prezidentinin müavini): “Biz hazırda Türkiyə və Gürcüstanda, həmçinin Avropanın Yunanıstan, İtaliya və Bolqarıtan kimi enerji bazarlarında böyük, ciddi oyunçuyuq. Şərqi və Mərkəzi Avropa, Balkan regionundakı digər ölkələr də bizə böyük maraq göstərir”.

Azərbaycan qazının böyük hissəsi “Cənub Qaz Dəhlizi” vasitəsilə tədarük edilir. O, Xəzər dənizindən başlayır, Gürcüstan və Türkiyədən keçərək Avropaya qədər uzanır. Doğrudur, Azərbaycanda qaz hasilatının həcmi bir sıra digər enerji nəhəngləri ilə müqayisədə o qədər də çox deyil. Amma o, Avropa İttifaqına “Cənub Qaz Dəhlizi” vasitəsilə məsələn, Türkmənistan kimi digər ölkələrin də resurslarını nəql etməyə hazırdır. Bu halda Azərbaycan enerji bazarının daha böyük parçasına çevriləcək.

Sinem Köseoğlu (Bakı): “Azərbaycan enerji resursları hasilatını çoxaltmaqla ölkəyə böyük investisiyalar cəlb edə, regionda siyasi təsirini daha da artıra bilər. Lakin bu, onun əsas müttəfiqlərindən olan, dünyanın ən böyük enerji tədarükçülərindən sayılan Rusiya ilə əlaqələrinə təhdid də yarada bilər”.

Rəsmi Bakı Moskva ilə rəqabət aparmadığını deyir. Bəzi ekspertlərsə hesab edir ki, bu prosesin geosiyasi nöqteyi-nəzərdən problemlər yaradacağını istisna etmək olmaz.

Metyu Brayza (amerikalı sabiq diplomat): “Əvvəllər də dediyim kimi, mövcud monopolist tədarükçü Avropaya enerji nəqli məsələsindən geosiyasi məqsədlər üçün istifadə edir. Bu gün biz məhz bunu görürük. Rusiya yayda Avropadakı qaz anbarlarına enerji tədarükünu dayandırmışdı. Halbuki, adətən belə problem olmurdu. İndiyədək Rusiyadan qaz ixracının artırılması istənilən zaman, o, buna müsbət cavab verirdi. Lakin hazırda “Qazprom” və Rusiya Avropa İttifaqına bu yolla təzyiq göstərməyə çalışır”.
Beləliklə, Rusiyanın Ukrayna və avropalı tərəfdaşları ilə problemlərinin enerji tədarükü ilə bağlı gərginlik yarada biləcəyinə dair narahatlıqlar var. Bu gün Avropa İttifaqının enerjiyə olan təlabatının təxminən 45%-ni Moskva təmin edir. Amma Avropada təlabat durmadan artır. Görünən odur ki, indi Rusiya tədarükü artıra bilmir.

Esmira Cəfərova (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi): “Avropanın bəzi ölkələrinin enerji təhlükəsizliyinə, bu sahədəki dalğalanmalara, enerji hasilatı və tədarükü ilə bağlı məsələlərə nəzər yetirən zaman görürük ki, Azərbaycandan Avropaya qaz tədarükü üçün geniş imkanlar var. Bu, həmin ölkələrə alternativ enerji mənbələrinə çıxış əldə etmək imkanı yaradır”.
Bu gün avropalı liderlər enerji böhranının aradan qalxmayacağından, əksinə daha da dərinləşəcəyindən narahatdırlar. Azərbaycan isə ümid edir ki, bu vəziyyət onun Avropa bazarında rolunu artıracaq.



(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Əl-Cəzirə


Ana səhifəyə qayıt        Baxış: 4 583          Tarix: 24-11-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma