Xəbər lenti

Azərbaycan özünü buğda ilə tam təmin etsə belə, dünya bazarındakı qiymətlər öz sözünü deyəcək
Azərbaycanda ərzaqlıq buğda və unun qiyməti 2022-ci ilin ilk günlərindən bahalaşsa da, dünyada un məmulatlarında kəskin qiymət artımları artıq 2021-ci ilin ilk aylarından başlamışdı. Ötən il dünyada baş verən kəskin iqlim dəyişmələri, sel və daşqın fəlakətləri, meşə yanğınları və qlobal istiləşmə su təminatında çətinlikləri artırmaqla, əksər kənd təsərrüfatı məhsullarının istehsalında azalmalara səbəb oldu.

Beynəlxalq Taxıl Şurasının buğda istehsalı ilə bağlı 2021-ci ilə dair gözlənilən ümudverici proqnozları özünü doğrultmadı və taxıl tədarükü kəskin şəkildə aşağı düşdü, ələlxüsus da, ərzaqlıq buğda tədarükündə xeyli azalma baş verdi. Ötən il dünya üzrə təxminən 770 milyon ton ərzaq buğdası istehsalı proqnozlaşdırılsa da, faktiki istehsal 735 milyon tona düşdü.

Ötən il taxıl və dənli bitkilərin istehsalının azalması ilə yanaşı, beynəlxalq nəqliyyat-logistika xərclərinin artması vəziyyəti daha da mürəkkəbləşdirdi. Belə ki, 2021-ci ilin aprel-may aylarından etibarən, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi, iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin, ələlxüsus da qida məhsullarının, o cümlədən taxıl və un məmulatlarının qiymətlərinin qalxmasına səbəb oldu. Yeri gəlmişkən, taxıl istehsalında əhəmiyyətli dərəcədə paya malik olan gübrə və digər mineralların qiyməti bir neçə dəfə bahalaşıb. Təkcə gübrənin qiyməti 3 dəfəyədək artıb. Sözsüz ki, bu faktorlar da qiymət dalğalanmalarında rol əhəmiyyətli oynayıb.

Yaranmış vəziyyəti nəzərə alan iri taxıl ixracatçıları olan ölkələr ixrac həcmlərini azaltmağa və taxıla əlavə rüsumlar tətbiq etməyə dair qərarlar verdi. ABŞ, Kanada, Avstraliya ixracda müxtəlif məhdudiyyətlər və kvotlarla yanaşı,“taxıl dempferi” adlanan ticarət qaydaları tətbiq etdi. Rusiya hökuməti 2021-ci ilin fevral ayında buğda, qarğıdalı və arpa ixracında qiymətlərə yeni rüsumlar əlavə etməklə məhsulun satış qiymətinin artmasına səbəb oldu.

Beləliklə, ötən il həm buğda istehsalının azalması, həm istehsal-tədarük xərclərinin artması, həm də ticarət daşımlarında əlavə tariflərin tətbiqi taxıl və un məhsullarının kəskin şəkildə bahalaşmasına gətirib çıxardı.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ilin aprel ayından dekabr ayınadək olan dövr ərzində dünyada ərzaq buğdasının qiymət artımları 40-60 faiz civarında müşahidə olunub. 2021-ci ilin aprelində bir ton buğdanın dünya bazar ixrac qiyməti 178-200 dollar arasında olduğu halda, həmin ilin dekabrında qiymətlər 245-295 qiymət indeksinə yüksəlib. Bu, son 4 ilin ən yüksək göstəricisidir. Bundan əvvəl ən yüksək qiymət 2017-2018-ci illərdə olub və buğdanın tonu 200 dollardan satılıb.

Göründüyü kimi buğda təminatında idxaldan asılı olan ölkələrin hamısında ötən ilin ortalarından etibarən bahalaşma müşahidə edildi. Ümumiyyətlə, dünyada 200 ölkədən 70-i özünü taxılla tam təmin edir, 130 ölkə idxaldan asılıdır. Bahalaşma da 130 ölkənin hamısına təsir etdi.

2021-ci ildə bütün dünya ölkələrində, o cümlədən MDB və yaxın region dövlətlərində un və çörəyin qiyməti müxtəlif dövrlərdə 10-12 faiz artmaqla 2021-ci ilin dekabrında ümumilikdə, 30 faizə yaxın bahalaşma ilə nəticələndi. 

Məsələn, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Türkiyə və digər ölkələrdə unun və çörəyin qiymətlərində 20-35 faiz aralığında artımlar baş verdi. Məsələ onadadır ki, dünya bazarında konyuktur dəyişir, taxıl bir çox ölkələr üçün gəlirli biznesə çevrilir, hətta öz tələbatını 100 faiz təmin edən və ixracla məşğul olan ölkələrdə belə buğdanın bahalaşmasına təsadüf edilməkədədir. Məsələn, il ərzində 40 milyon tona yaxın taxıl ixrac edən Rusiyanın özündə çörəyin qiyməti 20 faizdən çox bahalaşıb. Rusiyada son bir ayda 0,5 kq çörəyin qiyməti 30 rubldan 36,13 rubla, yəni 65 qəpikdən 75 qəpiyə yüksəlib.Azərbaycan hökuməti ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasına baxmayaraq, qiymət sabitliyini qorumaq üçün bazara müdaxilə etdi, hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı səviyyədə saxlanılması təmin edildi. 

Hətta ölkəmizin idxal etdiyi ərzaq buğdasında payı 90 faizdən çox olan Rusiya hökumətinin 2021-ci ilin əvvəllərində tətbiq etdiyi yüksək ixrac rüsumları sayəsində buğdanın qiymətində 50%-dən çox qiymət artımının baş verməsinə baxmayaraq, ölkəmizdə un və çörək bahalaşmadı. Hökumət tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir ki, taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir, buğda və un məmulatlarına tətbiq edilən ƏDV-nin ləğvi nəticəsində qiymətlərin daxili bazara kəskin təsirləri azaldır. Ancaq bu, davamlı tənzimləmə yolu hesab edilə bilməz.

Bütün region və dünya ölkələrində ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Təbii ki, subsidiyalar hansısa sahənin dayanıqlılığını saxlamaq üçün yeganə çıxış yolu deyil, dövlətin maliyyə yardımı müəyyən dövr üçün tənzimləyici rol oynaya bilər, liberal bazarı isə azad bazar qaydaları, tələb-təklif tənzimləyir. Bu baxımdan, Azərbaycan hökuməti də azad bazar prinsiplərinə əsaslanaraq, buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərində tariflərin idxal qiymətinə uyğunlaşdırılmasına qərar verdi. Beləliklə, idxal qiymətləri, daşınma-logistika və digər xərclər nəzərə alınmaqla, un və çörəyin qiyməti real bazar qiymətlərinə uyğun formalaşmış oldu.

Hazırda isə qiymət artımı ölkəmizdə təxminən 17-18 faiz təşkil edir. Ancaq başqa ölkələrdə ümumi götürdükdə son bir ildə 30-40 faiz bahalaşma baş verib.

Hazırda Azərbaycanda ərzaqlıq buğda ilə təminetmə səviyyəsi 58 faizə bərabər olduğundan, il ərzində xarici ölkələrdən təxminən 800-900 min ton buğda idxal olunur. Azərbaycan idxalın təxminən 90-95 faizini Rusiya buğdası ilə təmin edir. Çünki, Rusiyadan Azərbaycana daşınma və logistika xərcləri daha sərfəlidir. Ukraynanın logistika xərcləri də yüksəkdir. Azərbaycan Avstraliyadan, Bolqarıstandan, Latviyadan və digər Avropa ölkələrindən də buğda ala bilər. Yol-logistika xərclərini nəzərə aldıqda məhsulun dəyəri daha da bahalaşır. Məhz bu baxımdan ölkəmiz üçün daha ucuz və sərfəli qiymət Rusiya bazarındadır.

Bəs, niyə biz xarici ölkələrdən buğda idxal edirik? Məsələ ondadır ki, son illərdə subsidiyaların əhatəsinin genişləndirilməsi, bu sahədə şəffaflığın artırılması, digər stimullaşdırıcı addımlara baxmayaraq ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına təmin etmək mümkün olmur, ölkəmizin buğda üzrə idxaldan asılılığı yenə də davam etməkdədir. Bunun da səbəbi odur ki, ölkəmizin torpaq resurslarının məhdudluğuna görə taxıl məhsulları istehsalı potensialı kifayət qədər deyil. Torpaq resurslarımız, əkinə yararlı torpaqlarımız azdır, iqlim şəraiti əlverişsizdir. Həmçinin, buğdanın yetişməsi havaların istiləşməsi dövrünə təsadüf edir. Su resurslarımız isə azdır. 

Ölkədə buğdanın 65 faizi normal su resursları olmayan yerlərdə becərilir. Ümumilikdə 170 min təsərüfat taxıl əkir, lakin onların becərdiyi buğda keyfiyyətsizdir.

Reallıq ondan ibarətdir ki, buğdanın dünya bazar qiymətində müəyyən dövrlərdə tərəddüdlər zaman-zaman müşahidə olunur. Nəzərə alsaq ki, dünya bazar qiyməti açıq iqtisadi sistemlərin tələb və təklif münasibətləri nəticəsində formalaşır,o zaman gprərik ki, hətta Azərbaycan özünü tam təmin edəcək həcmdə buğda istehsal etsə belə, dünya bazarında qiymət artımı trendləri əvvəl-axır daxili bazara öz təsirini göstərəcək və nəticədə daxili qiymət dünya qiymətinə bərabərləşəcək. Taxıl bazarı liberal qaydalar əsasında nizamlanmalıdır. Əslində, daxili bazar qiymətlərinə dövlət tərəfindən əlavə müdaxilənin edilməsi də doğru yanaşma deyil və liberal bazarın qanunlarına ziddir. Dövlət azad, liberal qiymətlərin formalaşması üçün tənzimləmələr apara bilər, liberal bazarı dəstəkləməklə rəqabət şəraiti yaratmaq və inhisarçılığın qarşısının alınması ilə bağlı tənzimləmələr həyata keçirmək onun funksiyasıdır. Ancaq dövlətin azad bazar iqtisadiyyatı şəraitində birbaşa qiymətlərə müdaxiləsi düzgün hesab edilə bilməz, qiymətləri bazar özü müəyyənləşdirməlidir.


azpolitika.info

E.Cəfərli, iqtisadçı jurnalist


Ana səhifəyə qayıt        Baxış: 3 531          Tarix: 6-01-2022, 18:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma