Xəbər lenti


The National Interest, ABŞ
25.01.2022


Müəllif: Şahmar Hacıyev
Günümüzdə enerji resursları iqtisadi inkişaf və sosial sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. Mövcud enerji sistemi yerin altından çıxarılan yanacaqdan çox asılıdır. 2020-ci ildə ilkin enerji istehlakının təxminən 83,1%-i məhz onun payına düşüb.

BP şirkətinin 2021-ci il Dünya Enerjisi üzrə Statistik İcmalına əsasən, bərpa olunan enerjinin dünya enerji sistemindəki payı rekord həddə çatıb – 5,7%. Bununla da o, nüvə enerjisini geridə qoyub. Bütün bunların fonunda bu yaxınlarda yaşanmış enerji böhranı dayanıqlı enerji gələcəyinin çox vacib olduğunu göstərir. Odur ki, bir çox dövlətlər enerji resurslarının şaxələndirilməsi və daxili enerji istehsalının stimullaşdırılması məqsədilə bərpa olunan enerjinin inkişafına başlayıb.

Doğrudur, yerin altından çıxarılan yanacaq, xüsusilə təbii qaz beynəlxalq enerji bazarında hakim rolunu davam etdirəcək. Hər halda, bu gün onu daha təmiz “keçid yanacağı” hesab etmək olar. Qaz kömürlə müqayisədə daha az karbon emissiyasına səbəb olur. Digər mühüm fakt ondan ibarətdir ki, təbii qaz bərpa olunan enerji mənbələrini dəstəkləyir, çünki o, günəş və ya külək enerjisi təchizatındakı azalmaları tez bir zamanda kompensasiya edə bilər.

Maraqlıdır ki, enerji keçidi dövründə Avropa İttifaqının (Aİ) “Yaşıl saziş” hədəfləri sayəsində təbii qazın payı yenə də yüksək olacaq. Enerji resurslarına tələbatın artması isə beynəlxalq enerji siyasətində əsas amillərdən biri olaraq qalır.

Konkret olaraq Azərbaycandan danışsaq, enerji sektoru ölkə iqtisadiyyatında vacib rol oynayır. Təbii ehtiyatlara malik Azərbaycanın enerji istehsalı yer altından çıxarılan yanacaqlara sıx bağlıdır. Bununla yanaşı, Bakı 2016-cı ildə Paris İqlim sazişini imzalayıb. Azərbaycanda ətraf mühitə atılan zəhərli qazların miqdarını 2030-cu ilədək 35% azaltmağı hədəfləyir.

Azərbaycan bərpa olunan enerji potensialını artırmağa başlayıb. İndi onun əsas hədəflərindən biri dayanıqlı enerji gələcəyinə dəstəkdir. Azərbaycanın bərpa olunan enerji ilə bağlı milli siyasəti “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na əsaslanır. Dövlət proqramının əsas məqsədi bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələr hesabına enerji istehsalının inkişafı və karbohidrogen enerji mənbələrindən daha səmərəli istifadə edilməsidir. Üstəlik, dövlət proqramında alternativ enerji mənbələrindən istifadə etməklə, enerji potensialının genişləndirilməsi və bununla ölkənin enerji təhlükəsizliyinin təmini nəzərdə tutulur. Bu proqram ölkənin bərpa olunan enerji mənbələrinin qiymətləndirilməsinə və istifadəsinə yardım göstərir.

Azərbaycanın əsas bərpa olunan enerji mənbələri bunlardır: hidroenerji, külək, günəş, biokütlə və geotermal enerji. Günəş və külək enerjisinin potensialı xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Abşeron yarımadasında, Xəzər dənizinin sahilində və Xəzər hövzəsinin şimal-qərbindəki adalarda külək enerjisinin inkişafı imkanları çox böyükdür.

Azərbaycan hökuməti uzunmüddətli enerji strategiyasının hazırlanmasına xüsusi diqqət yetirir. Bu strategiya 2050-ci ilə qədər olan dövrü əhatə edəcək. Ölkənin enerji strategiyası elektrik enerjisi və təbii qaz təchizatı, enerjinin səmərəliliyi, bərpa olunan mənbələrdən istifadə kimi mühüm sahələri özündə birləşdirir. Görünən odur ki, hökumət uzunmüddətli məqsədlərinə nail olmaq və dayanıqlı enerjini təşviq etmək üçün ikitərəfli yanaşmanı dəstəkləmək niyyətindədir. Bu proses Azərbaycana bərpa olunan enerji mənbələrindən istifadə etməklə, elektrik enerjisi istehsalına yardım göstərəcək. Bu zaman elektrik enerjisi istehsalında təbii qazdan istifadə edilməsi azalacaq. Məsələn, 2020-ci ildə bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisi ümumi istehsalın təxminən 6%-ni təşkil edib. Enerji istehsalında bərpa olunan enerjinin payının artırılması Azərbaycanda istixana qazı emissiyalarını da azaldacaq. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı dövlət proqramında əks olunduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər “yaşıl enerji” ölkəsinə çevrilməsi üçün stimul var.
Son illərdə Azərbaycan “yaşıl enerji” zonalarının yaradılmasına və dekarbonizasiya prosesi vasitəsilə enerji sahəsində davamlı inkişafa start verib. Əsas məqsəd xarici investisiyaların yüksək səviyyədə qorunmasını təmin etməklə, yaşıl enerji sektoruna beynəlxalq sərmayələrin cəlb olunmasıdır.

Azərbaycan hazırda Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” enerji şirkətləri ilə fəal əməkdaşlıq edir. Məsələn, “Masdar” şirkəti ilə 230 meqavat gücündə günəş elektrik stansiyası layihəsi ilə bağlı müqavilələr imzalanıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, “günəş elektrik stansiyası ilə bağlı təxminən 200 milyon ABŞ dolları dəyərindəki müqavilələri imzalamaqla, bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası ildə təxminən 500 milyon kilovat/saat elektrik enerjisinin istehsalına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaq”.
“ACWA Power” şirkəti isə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını inşa edəcək. Bu il yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib.

Qeyd edilən iki layihəyə ümumilikdə 400 milyon dollar investisiya qoyulacaq. Bu xarici investisiyalar sayəsində çoxlu sayda iş yerləri yaranacaq. Nəticə etibarı ilə təbii qaza qənaət ediləcəyindən, onlar iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Xarici investisiyaların hesabına həyata keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkədə ən böyük külək elektrik stansiyası olacaq.

Eyni zamanda, bu sərmayələr Azərbaycana gələcəkdə investisiya qoyuluşunu da stimullaşdıracaq. O, etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Azərbaycanın yürütdüyü iqtisadi və enerji siyasəti isə xarici investorlar üçün əlverişli investisiya mühiti yaradır. Ən əsası “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının işə düşməsi 400 min ton karbon emissiyasının azaldılması və 200 milyon kubmetr təbii qaza qənaət edilməsi ilə nəticələnəcək. Eyni zamanda, bu, Azərbaycana 2030-cu ilə qədər ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağa kömək edəcək.

Bu arada, Azərbaycanın Qarabağı “yaşıl enerji” zonasına çevirməklə bağlı planları son dövrün ən vacib hadisələrindən biridir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji” zonaları elan edib. Bu iqtisadi rayonlar bərpa olunan enerji, xüsusilə hidroenerji istehsalı üçün böyük potensiala malikdir. Qeyd edək ki, Azərbaycanın su ehtiyatlarının təxminən 25%-i məhz Qarabağ regionunun payına düşür. Bu, su elektrik stansiyalarının fəaliyyəti üçün əlverişli şərait yaradır. Üstəlik, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları günəş və külək enerjisi üçün də böyük potensiala malikdir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin ilkin hesablamalarına əsasən, sadalan iqtisadi rayonların 4000 meqavatdan çox günəş və 500 meqavata qədər külək enerjisi potensialı var.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa olunan enerji potensialı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində saldığı “ağıllı şəhər” və “ağıılı kənd”lərin elektrik enerjisi ilə təmininə imkan verəcək.

Sadalanan faktlar göstərir ki, Azərbaycan enerji sahəsini şaxələndirməyə can atır. Bu, ölkənin enerji təhlükəsizliyinə və dayanıqlı inkişafına müsbət təsir göstərir. Üstəlik, Azərbaycan təkcə neft-qaz deyil, həm də elektrik enerjisi ixrac edən enerji mərkəzinə çevrilməyə çalışır. Yeri gəlmişkən, hazırda o, bu sahədə daxili tələbatı tam ödəyir, hətta qonşu dövlətlərə belə, elektrik enerjisi tədarük edir. Azərbaycan 2021-ci ilin yanvar-oktyabr aylarında elektrik enerjisi istehsalını 1,5 milyard kilovat/saat artıraraq, 22,8 milyard kilovat/saata çatdırıb. O, İrana 252,8 milyon kilovat/saat, Türkiyəyə 318,6 milyon kilovat/saat, Rusiyaya 79,1 milyon kilovat/saat, Gürcüstana isə 505,5 milyon kilovat/saat elektrik enerjisi tədarük edib. Bu gün istər Avropada, istərsə də Azərbaycanın qonşularında enerjiyə tələbat davamlı olaraq artır. Odur ki, yaxın illərdə elektrik enerjisi ixracının artırılması Azərbaycan üçün hədəfdir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: The National Interest


Ana səhifəyə qayıt        Baxış: 4 450          Tarix: 25-01-2022, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma