Xəbər lenti

Eureporter, Aİ
21.02.2022

Müəllif: Kamal Cəfərov (Azərbaycan Milli Məclisinin deputatı)

Bu gün Azərbaycan qazı müxtəlif ölkələrin ümumi qaz istehlakının 20-80%-ni təşkil edir. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə Bakı beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına qaz ixracını daha da artırıb. Təkcə ötən il Azərbaycan 19 milyard kubmetr “mavi yanacaq” uxrac edib. Bunun 7 milyard kubmetri İtaliyanın payına düşüb. Ötən il Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrə də Azərbaycan qazı ixrac olunub. Albaniya isə qazpaylayıcı şəbəkəsini təkmilləşdirməklə məşğuldur. Bundan sonra o da Azərbaycan qazının alıcısı olacaq.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu il fevralın əvvəlində Bakıda keçirilmiş VIII toplantısına ötənilki tədbirlə müqayisədə daha çox ölkə, xüsusilə Qərbi Balkan dövlətləri və şirkətləri qatılıb. Bu o deməkdir ki, yeni bazarların Azərbaycan qazına ehtiyacı var. Avropa İttifaqının (Aİ) qaz bazarında vəziyyətin qeyri-sabit olduğu, böhranın yaşandığı indiki dövrdə Azərbaycan irəli addım atır, Aİ-nin enerji təhlükəsizliyini dəstəkləməyə hazır olduğunu göstərir.

Yeri gəlmişkən, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında bildirib ki, “etibarlı, rəqabətqabiliyyətli, sərfəli Azərbaycan qazı hazırda Cənub-Şərqi Avropaya nəql edilir. Azərbaycan qazı artıq evlərə tədarük edilir, binalar qızdırılır və sakinlər ehtiyac duyduqları enerjini əldə edirlər. Enerji resurslarının qiymətinin artdığı, qaz tədarükü ilə bağlı çətinliklərin baş verdiyi dövrdə, “Cənub Qaz Dəhlizi”nin rolu Aİ üçün indi heç vaxt olmadığı qədər strateji əhəmiyyət kəsb edir”.

Azərbaycan niyə etibarlı tədarükçüdür?

“Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında bildirib.

Azərbaycan Aİ-yə daha çox enerji daşıyıcıları tədarük etməyi planlaşdırır

Ölkənin təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Demək, Azərbaycan planlaşdırılandan daha çox qaz ixrac edə bilər. Amma burada dönüş nöqtəsi bərpa olunan enerji mənbələri, yəni “yaşıl enerji” ilə bağlıdır. Aİ “yaşıl enerji” siyasətinə uyğun olaraq, tədricən daha az karbon emissiyalarına səbəb olan təbii qaza keçidi təşviq edir.

Azərbaycan enerji infrastrukturuna böyük həcmdə investisiya qoyub. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada 2-ci yerdədir. Məşhur “ACWA Power” enerji şirkəti ölkənin Xızı rayonunda 240 meqavatlıq yeni külək elektrik stansiyasının tikintisini tam maliyyələşdirəcək. Üstəlik, bu yaxınlarda Qobuda 400 meqavat gücündə yeni elektrik stansiyası istismara veriləcək.

Bütün bunlarla yanaşı, Azərbaycan ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra Aİ bazarlarına “yaşıl enerji”nin tədarükü ilə bağlı da böyük potensialı yaranıb. Qeyd edək ki, Ermənistan Azərbaycan ərazisinin 20%-ni təxminən 30 il işğal altında saxlayıb. Azərbaycan bu işğala İkinci Qarabağ müharibəsi nəticəsində son qoyub, bununla da BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi qətnamələri uğurla icra edib. Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənirdi.

Əslində, Ermənistanın işğalı təkcə Aİ-nin enerji təhlükəsizliyinin dəstəklənməsinə maneə yaratmır, həm də “Cənub Qaz Dəhlizi”nin fəaliyyətinə təhdid törədirdi.

Artıq Azərbaycanın müvafiq dövlət orqanları aparıcı şirkətlərlə birlikdə Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası ilə bağlı konseptual layihələr hazırlayıb. Bu bölgədə bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bununla bağlı ilkin göstəricilər çox ümidvericidir. Bu iki iqtisadi zona təxminən 7200 meqavat külək, 2000 meqavatdan çox günəş enerjisi potensialına malikdir. İndi üstəlik, Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP şirkəti də azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda layihələr həyata keçirməyə böyük maraq göstərir. Hazırda BP ilə 200 meqavatdan çox bərpa olunan enerji layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır. Bundan başqa, Xəzər dənizinin bərpa olunan enerji potensialı 150 min meqavatdan çoxdur. İndi Azərbaycan qonşu ölkələr – Türkiyə, Gürcüstan və İrana elektrik enerjisi də tədarük edir.

Bütün bunlarla yanaşı, regionu Mərkəzi Avropa ilə birləşdirəcək elektrik xəttinin çəkilməsi də gündəmdədir. Onun Qara dənizin dibi ilə çəkilməsi imkanları nəzərdən keçirilir. Bu layihənin də böyük potensialı var. Doğrudur, ona skeptik yanaşanlar ola bilər. Amma biz “Cənub Qaz Dəhlizi” həyata keçirilən zaman hansı çətinliklərin aradan qaldırıldığını yaxşı xatırlayırıq. Bir zamanlar bu layihənin potensialına skeptik yanaşan ölkələr indi onun reallaşmasına görə zəiyyəti keçənlərə minnətdarlıq edirlər. Təcrübə göstərib ki, enerji təhlükəsizliyi məsələsində işlərin diqqətlə planlaşdırılması bu prosesin ən mühüm hissəsidir...

Beləliklə, artıq “Cənub Qaz Dəhlizi”nin tikintisi başa çatıb. Layihə artıq istismara verilib. Buna baxmayaraq, nazirlər səviyyəsində görüşlər bu gün də davam etdirilir. Çünki indi “Cənub Qaz Dəhlizi” həm də Aİ-yə üzv olan ölkələrin dəyişən enerji maraqlarının müzakirəsi üçün neytral platformadır. O, ölkələr arasında yeni əlaqələrin qurulmasına, yeni çağırışların öhdəsindən birlikdə gəlinməsinə yardım göstərir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eureporter



Ana səhifəyə qayıt        Baxış: 4 313          Tarix: 21-02-2022, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma