Xəbər lenti

Forbes, ABŞ
02.03.2022

Müəllif: Dominik Dadli

Azərbaycan və Səudiyyə Ərəbistanı rəsmiləri yanvarın ortalarında Bakıda toplaşıblar. Onlar 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimində iştirak ediblər. Paytaxt Bakıdan şimal-qərbdə yerləşən ərazidə həyata keçirilən layihənin dəyəri 300 milyon dollardır.

Azərbaycanda külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə hələ 2 il əvvəl imzalanıb. Bundan başqa, Əbu-Dabidə fəaliyyət göstərən “Masdar” şirkəti bu layihənin yaxınlığında 230 meqavat gücündə günəş elektrik stansiyası da inşa edir. 200 milyon dollarlıq bu layihə ilə bağlı müqaviləyə ötən ilin aprelində imza atılıb.

Bunlar ölkədə bərpa olunan enerji mənbələri sahəsində ilk böyük layihələrdir. Qeyd edək ki, Azərbaycan indiyədək elektrik enerjisinin təchizatında zəngin neft-qaz resurslarına arxalanıb.

Fars körfəzinin digər ölkələri də Azərbaycanda bərpa olunan enerji ilə bağlı layihələrə qoşulmaq istəyir. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu il fevralın 23-də Qətərə səfər edib, qətərli həmkarı Saad Şerida al-Kaab və Dohada fəaliyyət göstərən “Nebras Power” şirkətinin baş icraçı direktoru ilə görüşüb. Səfər çərçivəsində 550 meqavat gücündə qaz-turbin elektrik stansiyası və 100 meqavatlıq külək elektrik stansiyası ilə bağlı təkliflər gündəmdəki əsas mövzular olub.

Neft sahəsinin pioneri

Azərbaycan nəhəng neft-qaz resurslarının sahəsində zəngin tarixə malikdir. Dünyada ilk dəfə sənayü üsulu ilə neft çıxarılması 1846-cı ildə məhz Bakıda baş verib. 1951-ci ildə isə Xəzər dənizinin dayazsulu hissəsində “Neft daşları” istismara verilib. Burada bu gün də neft hasil olunur.

Bu gün Fars körfəzinin karbohidrogen hasil edən ölkələri kimi, Azərbaycan da neft-qaz asılılığını azaltmağa çalışır. Ən azı daxili təlabat üçün. Odur ki, Azərbaycan rəhbərliyi 2030-cu ilə qədər ölkənin enerjiyə olan təlabatının 30%-ni məhz bərpa olunan enerji mənbələri ilə təmin etməyi hədəfləyir.

“Acwa Power” şirkətinin inşa etdiyi külək elektrik stansiyası gələn il istismara verilməlidir. Bundan sonra Azərbaycanın elektrik enerjisinə olan təlabatının təxminən 3,7%-ni məhz o təmin edicək. Bu, 300 min evin elektrik enerjisi ilə təminatı deməkdir. Əgər Azərbaycan hakimiyyəti bu sahədə hədəflərinə çatmaq istəyirsə, daha çox belə layihə reallaşdırmalıdır.

Bakıda fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova deyir ki, Azərbaycan 2030-cu ilədək qarşısına çox iddialı hədəflər qoyub: “Enerji keçidi Azərbaycanda nisbətən yeni prosesdir. İndiyədək ölkənin bərpa olunan enerji mənbələri ilə bağlı potensialı yalnız su elektrik stansiyaları ilə məhdudlaşırdı”.

Azərbaycan daxili tədarük üçün günəş və külək elektrik stansiyalarını inkişaf etdirir. Bununla Bakı ölkənin xaric bazarlara ixrac etdiyi qazın həcmini artıracağına da ümid edir. Qeyd edək ki, transsərhəd kəmərləri Azərbaycan qazını Xəzər dənizindən Türkiyəyə və Avropanın digər ölkələrinə çatdırır. Güman ki, yaxın illərdə Azərbaycan qazına təlabat artacaq. Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra Mərkəzi və Qərbi Avropa ölkələri Rusiya tədarükünə alternativ qaz mənbələri axtarır.

“Hamı hələ də təbii qazın gələcəkdə enerji ehtiyaclarını ödəmək üçün vacib enerji resursu olduğunu qəbul edir. Xüsusən Avropa üçün”, - deyə vaxtilə Azərbaycanın energetika nazirinin müşaviri olmuş Esmira Cəfərova bildirib.

Geniş planlar

Hazırda Fars körfəzi şirkətləri Azərbaycanda həyata keçirdikləri layihələrə bənzər işləri digər postsovet ölkələrində də görürlər. Məsələn, “Masdar” şirkəti qonşu Ermənistan və Gürcüstanda günəş elektrik stansiyaları inşa edir. Bundan əlavə, şirkət Xəzərin şərqində yerləşən Özbəkistanda günəş və külək energetikasının inkişafı ilə məşğuldur. Bu da son deyil. Fevralın əvvəlində “Acwa Power” Özbəkistanın şimal-qərbində 100 meqavat gücündə “Nukus” külək elektrik stansiyasının təməlini qoyub. Bu layihənin dəyəri 115 milyon dollardır.

Bu arada, Azərbaycanda fəaliyyət göstərən ənənəvi enerji şirkətləri də bu prosedə iştirak etməyi düşünür. Məsələn, maraqları Azərbaycanın “Azəri-Çıraq-Günəşli” neft-qaz kompleksini və “Şahdəniz” qaz yatağını əhatə edən nəhəng neft şirkəti BP ölkədə bərpa olunan enerji layihələrinin potensialını nəzərdən keçirir. Ötən ilin mayında Britaniya şirkəti Qarabağ regionunda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Xatırladaq ki, Azərbaycan 2020-ci ilin payızında baş vermiş qısamüddətli müharibə zamanı uzun illər ərzində etnik ermənilərin nəzarət etdiyi Qarabağ regionunun bir hissəsini geri qaytarıb. Hazırda Azərbaycan üçün bu ərazilərin inkişafı prioritetdir. O, bu regionda “yaşıl enerji” zonası yaradacağını söyləyir. Maraqlıdır ki, Dohada Pərviz Şahbazovun “Nebras Power” şirkətinin baş icraçı direktoru ilə müzakirə etdiyi iki külək elektrik stansiyası məhz azad olunmuş Laçın və Kəlbəcər rayonlarında inşa ediləcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Forbes



Ana səhifəyə qayıt        Baxış: 4 219          Tarix: 2-03-2022, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma