Xəbər lenti

Ekspert soruşur: “Niyə maşın, ev alanda deyil, dollar alanda gəlirin mənbəyini göstərmək tələbi qoyulur?”
Azərbaycanda vətəndaşların banklardan xarici valyuta, xüsusilə də dollar alışına qoyulan məhdudiyyətlər davam edir. Bu məhdudiyyətlərin bir qismi rəsmi - tənzimləyici orqan olan Mərkəzi Bankın yazılı təlimatları əsasında, bir qismi isə hər hansı ictimai açıq təlimat olmadan tətbiq edilir. Bir fiziki şəxsin şəxsiyyət vəsiqəsi təqdim etmədən ala biləcəyi xarici valyuta 500 dollar müəyyənləşsə də, artıq 1 dollar belə alandan da vəsiqə istənilir.

Bundan əlavə, ötən il Mərkəzi Bank kommersiya banklarına valyutadəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərin daha ətraflı məlumatlarının toplanılması barədə təlimat ünvanlayıb. Təlimata əsasən 500 dollardan yuxarı xarici valyuta almaq istəyən müştərilər xüsusi blankda öz məlumatlarını qeyd etməlidirlər. Blankda vətəndaşlardan onların şəxsi məlumatlarının - rəsmi gəlirindən tutmuş, valyuta almaq üçün zəruri olan vəsaitin mənbəyinə qədər çoxsaylı məlumatların qeyd olunması üçün bölmələr var.

Eyni zamanda vətəndaşlar kommersiya banklarında 20 min manat və ya daha çox pulu xarici valyutaya dəyişmək istəyən zaman çətinliklə üzləşir. Belə ki, banklar vətəndaşın istəyini həyata keçirmək üçün mütləq qaydada VÖEN almağın gərək olduğunu deyir. Əks halda, vətəndaşın pulu dəyişdirilmir.

Xatırladaq ki, 2015-ci ildə baş verən devalvasiyadan sonra ölkədə sərbəst valyuta satışı qadağan edilib. 2016-cı ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən banklar filial və şöbələrindən kənarda fəaliyyət göstərən mübadilə şöbələrini bağlayıb. Bu addım Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na əsasən atılıb. Bu qaydaya əsasən, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır və Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Beləliklə, bu qəbildən olan valyutadəyişmə məntəqələrinin lisenziyası ləğv olunub. Həmin dövrdə banklardan kənar valyuta satışı ilə bağlı qadağalar müvafiq qanunvericiliyə də daxil edilib.

Beləliklə, Azərbaycanda xarici valyuta almaq istəyən vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Övladları xaricdə oxuyan, xaricə turist səfərinə getmək istəyən vətəndaşlar xüsusilə çətinlik çəkirlər.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda xarici valyutaya olan tələbatın ödənməsində hər hansı problem yoxdur. Dünya bazarında neftin və qazın qiyməti ən yüksək həddədir və onların ixracında böyük miqdarda valyuta əldə edilir. Rəsmi məlumata görə, bu ilin 4 ayında Azərbaycanın idxalı 4 milyard 40 milyon 527.97 min dollar, ixracı 11 milyard 823 milyon 376.95 min dollar təşkil edib. Ötən ilin eyni dövründə idxal 3 milyard 528 milyon 909.28 min dollar, ixrac isə 6 milyard 364 milyon 338.11 min dollar olub. Bu isə o deməkdir ki, ixracın həcmində 85,8 faiz, idxalda isə cəmi 14,5 faiz artım olub.

Xarici ticarətdə yaranan profisit imkan verir ki, ölkədə xarici valyutaya olan tələbat tam təmin olunsun. Rəsmi məlumata əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2 milyard 173,1 milyon dollar məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz çoxdur. Təkcə aprel ayında ARDNF-nin valyuta satışının məbləği 548,7 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin aprel ayına nisbətən 7,6 faiz çoxdur.

May ayının ötən dövründə Mərkəzi Bankda 4 dəfə valyuta hərracı keçirilib. Mayın 5-də keçirilən hərracda tələb 30,8 milyon dollar, mayın 10-dakı hərracda 40,6 milyon dollar, mayın 12-dəki hərracda 45,5 milyon dollar, mayın 17-dəki hərracda 38,5 milyon dollar təşkil edib və tam təmin edilib.

Bundan əlavə, Maliyyə Nazirliyinin məlumatına əsasən bu ilin birinci rübündə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423 milyon manat və ya 13,3 faiz az istifadə olunmasına imkan verib. Belə ki, Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3 milyard 180 milyon manat məbləğində transfertə qarşı 2 milyard 757 milyon manat məbləğində transfert daxil olub.

Nəzərə alsaq ki, ölkənin ikinci böyük xarici valyuta idxalçısı olan SOCAR-ın da bir sıra xərcləri qarşılamaq üçün manata ehtiyacı yaranır, onda Azərbaycanda dollar probleminin olmadığını söyləyə bilərik. Eyni zamanda Ukraynadakı müharibə səbəbi ilə qlobal neft-qaz bazarında qiymətlərin yaxınmüddətli dövrdə ölkənin valyuta ehtiyaclarına təhlükə yaradacaq həddə qədər ucuzlaşmasını istisna edir. Bu isə o deməkdir ki, valyuta axını da davam edəcək. Bütün bunları nəzərə almaqla, Azərbaycanda vətəndaşların xarici valyuta əldə etməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması mümkündürmü? Bu, ölkədə makroiqtisadi vəziyyət üçün hər hansı təhlükə formalaşdıra bilərmi?

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Sualları cavablandıran bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun fikrincə, vətəndaşların xarici valyuta alışına tətbiq olunan məhdudiyyətlər, o cümlədən 20 min manatdan yuxarı alış üçün VÖİN tələbi absurddur: “Bu, hər hansı rəsmi qərarla həyata keçirilməyən, qanunsuz bir tələbdir. İki ildən çoxdur vətəndaşların dollar alışına 20 manatlıq limit tətbiq olunub. Maraqlı burasıdır ki, heç bir dövlət qurumu bu məhdudiyyətin ondan qaynaqlandığını etiraf etmir, hamı deyir ki, bizlik deyil, banklar özü tətbiq edir. Halbuki bu, bankların marağında olmayan bir tələbdir. Daha böyük absurd, qanunsuzluq budur ki, 20 min manatdan yuxarı həcmdə xarici valyuta alanda bankların məlumatı əsasında Dövlət Vergi Xidməti həmin vətəndaşı avtomatik sahibkar kimi qeydiyyata alır, adına VÖEN açır, xarici valyutaya verdiyi məbləği gəlir kimi hesablayıb ondan vergi tutur. Bu da qanunsuz bir addımdır, harada yazılıb ki, 20 min manatdan yuxarı gəliri olan vətəndaş mütləq sahibkar olmalıdır. Bir vətəndaşın əvvəlki illərdən maaşından yığımı ola bilməz? Digər tərəfdən, mən 170 min manat verib 100 min dollar alıram. Burada mənim gəlirim nədir? Evimdə qalanda 170 min manat gəlir sayılmır, dollar alanda gəlirə çevrilir”?

Mütəxəssisin fikrincə, bu məhdudiyyətlər xarici sahibkarları Azərbaycana investisiya qoymaq həvəsindən salır: “Bunu anlamırlar ki, belə absurd, qanunsuz məhdudiyyətlər ölkənin investisiya imicinə də zərər vurur. Başqa bir maraqlı məsələ budur ki, bu gün mən 170 min manatı aparıb banka əmanət qoysam, heç kim onun mənbəyini soruşmur, belə tələb də qoyulmur. Yaxud 1 milyon ev, 200 minə maşın alanlara da belə məhdudiyyət yoxdur. Yaxşı, niyə digər sahələrdə mənim ödədiyim pulu gəlir saymırlar, məhz dollar alanda sayırlar, vergiyə cəlb edirlər. Bütün bunlar qanunsuz yollarla vətəndaşların dollar əldə etməsini məhdudlaşdırmaqdır. Buna əvvəl-axır son qoyulmalıdır”.

Rəşad Həsənov: "Problemli kreditlərin həlli bank sisteminin  sağlamlaşdırılması üçün əhəmiyyətlidir"  

İqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirir ki, vətəndaşların dollar alışını məhdudlaşdıran tələblərin tətbiqində iki məqsəd vardı: “Birincisi, vətəndaşların dollara əlçatanlığını məhdudlaşdırmaq və xüsusilə də təhlükəli situasiyalarda valyuta bazarlarında vətəndaşlar tərəfindən yaradacağı təzyiqi önləməkdir. İkinci məqsəd, müəyyən qədər gəlirlərin leqallaşmasına nail olmaqdır. Əslində irihəcmli vəsaitlərin mənbəyi həmişə açıqlanmalıdır. Bugünkü normativ hüquqi aktlarla Mərkəzi Bank yalnız mənbəyi göstərilmədən əldə olunan vəsaitlərin konvertasiyasını 20 min manat ekvivalentində olan valyuta ilə limitləşdirir. Bu addım da çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizə çərçivəsində atılıb. Vətəndaş mənzilini, avtomobilini digər əmlakını satıbsa, onun dəyərində valyuta ala bilər. Bildiyim qədər buna məhdudiyyət yoxdur. Məhdudiyyət mənbəyi göstərilməyən vəsaitlərlə bağlıdır”.

Ekspertin sözlərinə görə, hər hansı bank xarici valyuta alışı zamanı bank VÖEN tələb edə bilməz: “Sadəcə, belə ola bilər ki, 20 min manat məbləğindən yuxarı həcmdə vəsait əldə etmək istəyən vətəndaşa məlumat verilir ki, sahibkar kimi qeydiyyatdan keçməklə daha rahat valyuta əldə edə bilərsiniz. Amma bu zaman nəzərə alınmalıdır ki, VÖEN olduqda belə, hamı istədiyi qədər valyuta ala bilmir. Bunun üçün valyutanı sahibkarlıq fəaliyyətinin hansı istiqaməti üçün aldığınızı göstərməlisiniz. Yəni valyuta ehtiyacının mənbəyini açıqlamalısınız. Düşünürəm ki, 20 min manatlıq limit hazırda gəlirlərin leqallaşdırılması üçün tətbiq olunur. Eyni zamanda hökumət sabah valyuta bazarında yarana biləcək şokdan sığortalanmağa çalışır”.



Ana səhifəyə qayıt        Baxış: 3 141          Tarix: 20-05-2022, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma