Xəbər lenti

Finlandiyanın “Gasum” dövlət şirkəti Rusiyadan qaz nəqlinin dayandırıldığını elan edib. Təchizat Finlandiyanı Estoniya ilə birləşdirən “Balticconnector” boru kəməri vasitəsilə təmin ediləcək.

“Gasgrid” qaz paylayıcı şəbəkə operatorunun mayın 21-də yaydığı məlumatda bildirili ki, İmatra giriş məntəqəsi ilə Rusiya qazının idxalı dayandırılıb.

Bu, fin şirkətinin mayın 17-də “Gazprom”un tədarük olunan qaza görə rublla ödənişdən imtina etməsindən sonra baş verib. Finlandiya şirkəti belə bir vəziyyətə ciddi hazırlaşdığını da bildirib. Artıq yerli istehlakçılar “Balticconnector” boru kəməri ilə alınan mavi yanacaqla təmin olunacaqlar.

Finlandiya 45 ildən artıqdır ki, Rusiyadan təbii qaz idxal edir. 2015-ci ilin dekabrında müqavilənin müddəti 31 dekabr 2031-ci ilə qədər uzadılmışdı. Finlandiyanın qaz istehlakının böyük hissəsi indiyədək Rusiyadan gəlsə də, bu yanacaq ölkənin ümumi enerji istehlakının yalnız 6 faizini təşkil edir.

Mayın 14-də məlum olub ki, Rusiyanın “İnter RAO” enerji konserninin törəmə şirkəti olan “RAO Nordic Oy” bazarda satılan elektrik enerjisi üçün ödənişlərin alınmasında yaranan çətinlikləri bir səbəb kimi gətirərək Finlandiyaya elektrik enerjisinin nəqlini dayandırır.

Finlandiyanın elektrik ötürücü xətti operatoru “Fingrid” bildirib ki, bu, yerli istehlakçıların elektrik enerjisi ilə təminatında problemlərə səbəb olmayacaq, çünki son vaxtlar Rusiyadan elektrik enerjisi idxalı Finlandiyanın ümumi istehlakının cəmi 10 faizini təşkil edib.

“Hazırda bazarda çatışmayan idxal elektrik enerjisi İsveçdən daha çox elektrik enerjisi idxal etməklə, eləcə də qismən yerli istehsalın artımı hesabına əvəzlənəcək”, – deyə fin şirkəti izah edib.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 247          Tarix: 21-05-2022, 19:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma